Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycanın NATO-dakı səfirinə silahlı hücum olub, şəxsi əşyaları oğurlanıb

Azərbaycanın NATO-dakı səfirinə silahlı hücum olub, şəxsi əşyaları oğurlanıb


7-08-2024, 16:49.
title}


Azərbaycanın NATO-dakı səfirinə və onun həyat yoldaşına hücum olub, onlara xəsarət yetirilib və şəxsi əşyaları oğurlanıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Belçika mediası məlumat yayıb.

“Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və onun arvadı Brüsseldə amansız soyğunçuluğun qurbanı olub: 90 000 avro dəyərində “Rolex” saatı oğurlandıqdan sonra onları xəstəxanaya çatdırmaq lazım gəlib. Hadisə bu bazar ertəsi, saat 15.30 radələrində, Brüsseldəki Stefani meydanının yaxınlığında baş verib”, Brüsselin Sudinfo La Capitale nəşri bildirib.

Cütlük parkda gəzərkən iki oğru skuter ilə onlara yaxınlaşıb. Qurbanların başına tapançanın arxası ilə zərbə endirdikdən sonra ümumi dəyəri 90 000 avro olan iki "Rolex" markalı saatı götürüblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Brüssel Prokurorluğu araşdırma aparır.

Öz növbəsində Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə avqustun 5-də Brüsseldə qarət məqsədilə ona və həyat yoldaşına olan hücumu şərh edərkən deyib ki, yaşadıqları binaya girərkən iki naməlum şəxsin hücumuna məruz qalıblar.

"Onlar xanımımın çantasını və qollarımızdakı "Rolex" model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir. Həmçinin, qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar "Rolex" markalı olsa da, onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin, Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub", Amerikanın Səsinin sorğusuna cavabda Hüseynzadə qeyd edib.

Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında Azərbaycanın NATO-da səfiri təyin edilib, Amerikanın Səsinin məlumatında qeyd olunur.
Geri qayıt