Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Əli Kərimlinin məhkəməsi 19 avqust tarixinə təxirə salınıb
Əli Kərimlinin məhkəməsi 19 avqust tarixinə təxirə salınıb13-08-2024, 14:35. |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə 6 ay həbs cəzası istənilib. Civilazerbaijan.com bildirir ki, bu tələblə Nəsimi rayon Məhkəməsində 5 il öncə partiyadan xaric olunmuş Aydın Əliyev çıxış edib. Avqustun 13-də A.Əliyevin AXCP sədrinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə iddiasını əsaslandıran A.Əliyev deyib ki, Ə.Kərimli "Azərbaycan saatı", "Osmanqızı" kimi YouTube kanallarında, AXCP Ali Məclisinin iclasında səsləndirdiyi fikirlərlə ona böhtan atıb. Ə.Kərimli həmin çıxışlarında A.Əliyevin AXCP-nin kursuna zidd olan hökumətyönlü siyasi xətti tutduğuna görə partiyadan xaric olunduğunu bildirib. İddiaçı daha sonra məhkəmə qərarıyla zorla partiyaya qaytarıldığını da vurğulayıb. Ardınca da hökumət A.Əliyevdən yararlanaraq onun qaldırdığı iddia əsasında məhkəmə yoluyla AXCP qurultayının nəticələrini ləğv etdirib. A.Əliyevin 63 yaşı var və o iddia edir ki, Ə.Kərimli bu çıxışlarıyla ona böhtan atıb: "Şərəf və ləyaqətimi aşağılayıb, özümə və ailəmə iztirablar yaşadıb. Xahiş edirəm, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinsin və 6 ay azadlıqdan məhrum edilsin". Ə.Kərimlinin vəkili Fəxrəddin Mehdiyev iddiaya etirazını bildirib. Vəkilin fikrincə, A.Əliyevin məhkəməyə təqdim etdiyi iddia qanunun tələbinə uyğun tərtib olunmayıb: "Məhkəmə bu vəziyyətdə tərtib olunmuş iddianı icraata götürüb baxa bilməz. Xüsusi ittiham qaydasında qaldırılan iddia ilə bağlı qanunun tələbləri var. O tələblərin heç birinə əməl olunmayıb. İddia edilən cinayət harada baş verib, sübutlar nədən ibarətdir – bütün bunlar göstərilməliydi, amma yoxdur". Hakim Babək Pənahov A.Əliyevə iddia ərizəsindəki çatışmazlıqları aradan qaldırmağa bir həftə vaxt verib. Elə bu səbəbdən məhkəmənin hazırlıq iclası avqustun 19-nadək ertələnib. AXCP-nin bəyanatında bildirilir ki, bu məhkəmə işi birbaşa prezident İlham Əliyevin sifarişiylə başladılıb. AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai iş, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub. Geri qayıt |