Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Ələkbər SALAHZADƏ. Bir də gördün... - ŞEİRLƏR
Ələkbər SALAHZADƏ. Bir də gördün... - ŞEİRLƏR31-08-2024, 15:11. |
1 sentyabr Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, ustad şair Ələkbər Salahzadənin anım günüdür. 1960-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Məmmədsalahlı Ələkbər Baba oğlu – 1941-ci il martın 15-də Qonaqkənd (indiki Quba) rayonunun Cimi kəndində anadan olub. Orta məktəbi Qonaqkənddə başa vurduqdan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1958-1963). Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb. "Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının redaktoru işləyib (1965-1967). Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor (1966), "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor (1968-1976), Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini (1976-1989) vəzifələrində çalışıb. Sonra "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri (1989-1992), redaktor vəzifəsində (1992-2004), daha sonralar “Qobustan” jurnalının baş redaktoru vəzifəsində (2004-2013) çalışıb. “Beş yarpaq” (1968), “Od hevkəli” (1970), “Gözlər baxır dünyaya” (1979), “Xatirə çiçəyi” (1982), “Yerimiz bir, göyümüz bir” (1986), “Od odası” (1989), “Yanıltmaclı əlifba” (1996), “Xocalı xəcilləri” (2006), “Vaxt vadisi” (2007), “M. Müşfiqin monoloqu” (2008), “Qobustan” (2010) və s. kitabların müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə olunub. Ələkbər Salahzadə bədii tərcümə ilə də ardıcıl məşğul olub. 100-dən çox essesi, məqaləsi çap olunub. Radio-pyeslərin, 20-dən çox uşaq nağıllarının müəllifidir. "Kölgədən qorxan" (1983, Şəki Dövlət Dram Teatrı), "Yayın qış gecələri" (1985, Sumqayıt Dövlət Dram Teatrı), "Nağaraçı naxırçı" (1987, Ağdam Dövlət Dram Teatrı) pyesləri tamaşaya qoyulub. Ələkbər Salahzadə 2013-cü ilin sentyabrın 1-də Bakıda vəfat edib. Civilazerbaijan.com Ələkbər Salahzadənin yaradıcılığından seçmə şeirləri təqdim edir: BİR DƏ GÖRDÜN... Bir də gördün beşikdi adam, bir də gördün bəbədi. Bir də gördün uşaqdı adam, bir də gördün babadı. Bir də gördün oğuldu adam, bir də gördün atadı. Bir də gördün yox oldu adam, bir də gördün fotodu. Bir də gördün oddu adam, bir də gördün ot oldu Bir də gördün adamdı adam, bir də gördün ad oldu. MƏNSİZ GECƏ Ulduzları mürgü döyən sakit, heysiz bir gecədi. Ay hardasa itib-batib, yoxsa göysüz bir gecədi. Öz-özünə axır keçir, qədim, nəfis bir gecədi. Bir az xəfə, bir az qəfəs təngnəfəs bir gecədi. Nə yaxşı ki, sonsuz deyil, uzun, ensiz bir gecədi. Bir az həzin, bir az qərib, sanki mənsiz bir gecədi... 2000 GƏLƏCƏK Nə bilirsən, dar günündə o gələcək, bu gələcək? Ağladıqca gözlərindən göz yaşı yox, su gələcək. Yalayacaq su üzünü. o üzünü, bu üzünü. Ağla, ağla yu üzünü, ömrün boyu yu, gələcək Bircə-bircə sal yadına bir günahın düş oduna Alışdıqca fəryadına "qa" deməmiş qu gələcək. Dolan çölü-biyabanı axtar onu, ara bunu. Gözlə, sınıq arabanı aparmağa "TU" gələcək. 13 FEVRAL 13 ildən çox olar, 13 fevral - gözlərimdə qaradı, həm də nədənsə qarlı; çiynində bir nənə keçir, çarşablardan qaradır qar, mən qıraqda bir uşaq, qırıq bir sözə bəndəm 13 fevral... 13 ildən çox olar - kəndimizdən bir qarının keçdiyi. Nənəm də yox, elə belə qarıydı. çarşablardan qar qaraydı, ağır-ağır yağırdı qar... 13 ildən çox olar, 13 fevral çiynində o nənəni aparar, aparar, aparar amma dəfn edə bilməz, bir il sonra yenə başqa 13 fevral alar çiyninə: çarşablardan qaradır qar, ağır-ağır yağırdı qar... mən qıraqda bir uşaq, qırıq bir sözə bəndəm. 1967 YAĞIŞ LÖVHƏSİ Buludlar qalanıb uzaqda çin-çin, elə bil səmada yun əlçimlənib. Bəlkə də bu yunu daramaq üçün min qarı yığılıb, min əl çimlənib. ...Odlu bir qəzəblə parıldadı göy; ögey bir ananın çöhrəsi kimi. Hardansa yarıldı, guruldadı göy yetmiş min nənənin cəhrəsi kimi. Gəldi gümüş telli, ipək bir yağış; sanki səmalarda ip əyirdilər. ...Yağışa alqış! Köynəksiz qalmış yamaclar yamyaşıl don geyirdilər. 1963 VADİ ADAM Bir adamdı, adi, adi, adi adam dilinə batmaz birdən, lap olsun adı - Adəm! Bir adamdı, hər dəryada ada adam, hər fəryada tel-tel əsən, dara düşən dosta-yara fəda adam. Bir adamdı, adidən adi adam. Yan-yörəsində iydə də çiçəkləyən, qanqal da bitib qalan vadi, vadi, vadi adam.... 2001 DAMLA Yağışdan-qardan süzülüb oğrun enir damı damla. Sevinciylə dəcəl-dəcəl cingildədir camı damla... Qanatmadıqca bir üzü damcılayır haqqın sözü. Ömrün an-an döyüntüsü, qaya vaxtın qumu damla. Yer üstündə, göy altında dumanın da, buludun da, vələsin də, palıdın da, cökənin də tumu damla. Bir kimsınin yadındamı - varmıydı səmanın damı?! Göy altda hamının damı, bu dünyada hamı damla!.. GÖZ Gündüz bir göz Gündü göydə, gecə bir göz də Aydı. Yuxarıdan sükut dolu Yer üzünə tamaşaydı. Boz buzluqda iki rəngdi: ağ, qara. Gündüz sanki, kimsəsiz bir ağ saraydı, gecə qara mağara. Boz sükutdu, bumbuz sükut, Yer boyu sonsuz sükut. Gün dəyirdi, əriyirdi buz sükut üz qatından, dağ sıyrılırdı altından, qaya, daş çıxırdı, dünyanın dişi çıxırdı! Buz sükut əriyirdi, suya dönüb yeriyirdi. Buzun adı yoxdu onda, sükutun adı yoxdu, “Sükut” sözü yoxdu, bumbuz sükut ki vardı! Günəşin, Ayın özü olan, “Günəş”, “Ay” sözü olmayan vaxtlardı, səs doğulan, söz doğulmayan vaxtlardı. Nəsə vardı, kimsə yoxdu. Sular axır, özünə yol açırdı səslər doğulurdu, səslər, sükutmu dil açırdı? Sular şırıldayırdı, yellər vıyıldayırdı, göy altında, yer üstündə hər yan çöldü, bayırdı. Buz sükut vardı onda, əriyib su olurdu. Axan sular pozurdu sükutu, əsən yellər pozurdu, sükut da pozulurdu. Səslər qopub gəlirdi, səslər. onda söz nə gəzirdi! Onda sular şırıldayır, hərdən yellər əsirdi. Bir göz Gündü göy üzündə, bir göz də Aydı; gözün biri yumulanda o biri açılırdı. Sular axıb şütüdükcə buz düyünü açılırdı. Yerin eyni, Yerin donu açılırdı… 2007 BU ŞƏHƏRİN İÇİNDƏ Xirtdəyəcən bu şəhərin içində, baxıram, kəndə baxıram. Dağlarına çıxıram: çiçəkləri gözümdəndi, çayı yenə dizimdəndi, başımdan aşır buludu, kirpiklərim şeh doludu. Xirtdəyəcən bu şəhərin içində hərdən o kəndə baxıram, yenə də gözüm üstədi, göyləri başım üstədi, nə olsun gendən baxıram? Deməsinlər: kənd, kənd deyir, çörəyi dizi üstədi; xirtdəyəcən bu şəhərin içindəyəm, o kənd də gözüm üstdədi. ANAM, ANAM... Anam, anam, ay anam, ayda-ildə kəndə gedib o üz tutduğum aynam! Alın qırışlarıntək sınıq, çilik-çiliyəm. Axı, nəyə yaradım ki - özümün də xəciliyəm. Gülümsünüb seyrəltsən də üzündəki qırışları saçlarında görmürəmmi donub qalan qışı, qarı? Anam, anam, ay anam, qınaqsız nəzərilə məni sındıran aynam.... 1999 ÜSTÜMƏ GƏLİR Dağ uzaqdan zirvəsiylə əl eləyir, ətəyində daşları üstümə gəlir. Bulud göydə yelkən-yelkən, göz yaşları üstümə gəlir. Çənlərin, çəlləklərin doluları yan ötür, boşları üstümə gəlir. O xanımı görürsənmi, gözləri üzümə gülür, iki iti xəncər kimi qaşları üstümə gəlir. Bayaq marçamarç salan tanışımın indi bığlarını çeynəyə-çeynəyə acığıyla ovxarlanan dişləri üstümə gəlir 2003 BİR NƏĞMƏ OXU... Sən mənə bir dəniz nəğməsi oxu, ləpə-ləpə pıçılda, dalğalar kimi oxu. Nəfəsindən əyir, səsindən toxu. en, dön dənizə oxu, sahilində məntək sənsizə oxu. Uzaqdan-uzağa ləpələn, oxu, səsinlə yanğıma səpələn oxu, məlhəmi ağrıya, mən bilən, oxu. Sən mənə bir dəniz nəğməsi oxu, en, dön dənizə oxu, sahilində məntək sənsizə oxu... AĞLAYIR Yenə də mi bu dünyaya uşaq gələndə ağlayır? Hardan hara gəldiyini bir gün biləndə ağlayır. Tanıdıqca sol-sağını qaralır da tez-tez qanı Görür - bir dostu soğanı yarı böləndə ağlayır. Güləyən hər yandan gülür, ağlayan var sonda gülür. Kimi ağlayanda gülür, kimi güləndə ağlayır... 2005 TƏMAS Ona ağrıyırsan, buna yanırsan, yanıb yanaşırsan, yaralanırsan. Nəyi dindirirsən, simə toxunursan yaralanırsan; niyə dindirirsən, kimə toxunursan - yaralanırsan? Bir kəlmə kəsməmiş peşman olursan, pisə pis deməmiş düşmən olursan, bomboz qəzəbindən qaralanırsan, ən azı yüz ağac aralanırsan. Toxa toxunmamış acı anırsan, aca acıyarkən yaralanırsan. Amandı, dəymə "tok"a qorxusu yox - toxun yoxa! 2005 DÜZƏLMƏDİ Gözlədim – Bu dünya düzələ bəlkə, Otuzumda düzəlmədi. Otuz yazı otuz qışa Uduzdum da düzəlmədi… Döz, dedim, Bu dünya bəlkə düzələ; Yolum boyu düz getməyə Bir yerində düzəlmədi. Qırxımda düzəlmədi, Qırx birimdə düzəlmədi. Yüz dedim, Bircə gün düzələ bəlkə, Düz ilə, doğruyla düz gələ bəlkə; əyildi ki, əyildi, əllimdə də düzəlmədi. Bildim, bala, düzəlmədi, Qaldım, baba, düzəlmədi, Öldüm, dədə, düzəlmədi!.. Qan O güllə yağmurunda onlar düşdülə oda. Mən də ölə bilərdim o gecə, sən də, o da. Mən qala-qala, sən dura-dura onlar şəhid oldular, onlar gəldilər bura! Bu yurdun bir çağında hamıdan çox yandılar. Olsa-olsa sağ qaldıq biz, ömrü onlar qazandılar. Onlar öldülər, ölməz oldular, bildik. Onlar öldülər, onlar, bizsə öldük-dirildik... Sən də ölə bilərdin o gecə, Mən də, o da. Vətən oğul deyəndə onlar düşəcək yada. Mən ölmədim, sən ölmədin, onlar öldü. Bəlkə bəxt onların üzünə güldü? Necə gəldi o gecə! O gecə o gün gəldi. Vətənin damarına onların qanı uyğun gəldi!... yanvar,1990 MƏN BÖLDÜM BU DÜNYANI Mən böldüm bu dünyanı; yaxşısını seçdim, ayırdım yamanından. Qoymadım əyrisini düz bir ayrısının keçə yanından. Mən böldüm bu dünyanı; haram kefləri vardı, halalca ağrısı xoş gəldi mənə. Yalanından-palanından doğrusu xoş gəldi mənə. Mən böldüm bu dünyanı; ağına ağ dedim, qarasına qara. Bütövünü bütöv gördüm, parasını para. Mən böldüm bu dünyanı; ölkəsini bölmədim, dərdini böldüm, sevincini böldüm. Düşmənini düşmən, dostunu dost bildim— mən böldüm bu dünyanı! QƏRİBƏ QƏRİBƏM Bu axşam mən qəribəm; qəribədən qəribə. Səhər sanki Şərqdə idim, indi də üzü Qərbə. Sozalmışam, saralmışam, bənzəyirəm qüruba. Bir obayam - yazı solmuş, payıza qərq bir oba. Xəyalları sınıq, qırıq, İçimdə bir xaraba. Atları atıb getmiş arabayam, araba. Bu axşam - həm qəribəm, həm də bir az qəribə; Səhər üzü gündoğana, axşam isə qüruba... 2000-ci il BOY Küçəmizdən bölük-bölük keçir qızlar, oğlanlar. O sazaqlı qışdan sonar doğulanlar. Dünən çörək əvəzinə anasının dodağından şirin bir “can” yeyənlər yox, bir ölkənin qayğısına bürünərək böyüyənlər, bizə arxa, bizə kömək böyüyənlər… Biz baxdıqca boy-buxuna, könlümüzdə arzu qalxır çiçək-çiçək. Birdən bizə elə gəlir – dünyamızda böyüyəcək! Biz baxırıq heyran-heyran, biz baxırıq sözlü-sözlü. Yaşımızdan geri qalan boyumuzdan utanırıq gizli-gizli. Yaşımızı danırıq biz, sonra isə dediyimiz yalana da yanırıq biz. Ucalmamış binalara, balasının boy-buxunu gözlərindən qoparılmış analara yanırıq biz. Neçə-neçə nişanlının toyuna da, o illərdə doğulmamış uşaqların boyuna da yanırıq biz. Əsgər kimi cəbhələrdə ayaq döyən dünyamıza, dörd ilini bircə yerdə ayaq döyən dünyamıza yanırıq biz. Yanır. Yanır uzaqlara toxunaraq dönüb gələn xəyalımız, yanır,yanır dilimizdə sualımız: qayğılara möhtac olan fidan kimi kimlər kəsdi suyumuzu?! Kimdən soraq boyumuzu, kimdən alaq boyumuzu?!. 1962 MƏNİ SAÇLARIN ÇAĞIRDI Bir payız çağı xurmayı-xurmayı səssiz cığırdı, məni saçların çağırdı. O xurmayı saçların gözlərimdən çay axırdı... Uzaqlardan, dərinlərdən qopardı baxışımı; bir xurmayı sel götürüb apardı baxışımı. Məni saçların apardı, sonra çəkilib yana yenə saç oldu saçların. Açıb yatmış gözlərimi o qaçan oldu saçların! Məni saçların çağırdı, saçların çağırdı məni, saçların gözlərimdən xurmayı bir çay axırdı. MÜŞFİQ Uzaqlarda qan içində çabalayan üfüq Müşfiq, adından od şaxələnən, misra-misra şəfəq Müşfiq. Səhralığa tuş gələn çay, gərildikcə qırılan yay. Hey uzanıb gedən haray, şimşək ömrü epik Müşfiq. Doğulubmuş, dəli-dolu, Cavan canı od bükülü, ələ gəlməz zərrə külü, simurq simurq mifik Müşfiq... 2005 Geri qayıt |