Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİR
Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilir - YENİLƏNİR1-09-2024, 11:09. |
19:30 Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başa çatıb. Civilazerbaijan.com bildirir ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib. Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb. Bu dəqiqələrdən məntəqələrin qapıları bağlanmalı, səslərin sayılması prosesi başlamalıdır. Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. * * * 18:18 Saat 17.00-a olan məlumata görə, seçkilərdə iştirak 34%-ə yaxın olub. Civilazerbaijan.com bildirir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17.00 olan məlumata görə, növbədənkənar parlament seçkilərində seçici fəallığı 33,82%təşkil edib. * * * 16:08 Növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 15.00-a olan məlumata görə, seçkilərdə iştirak 30% %-ə yaxın olub. Civilazerbaijan.com bildirir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 15.00 olan məlumata görə, növbədənkənar parlament seçkilərində seçici fəallığı 29,49% təşkil edib. * * * 13:00 Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 12:00-a olan seçici fəallığı açıqlanıb. Civilazerbaijan.com bildirir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. İndiyədək seçicilərin 20,39 faizi (1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib. O vurğulayıb ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir. * * * 12:01 Neftçaladan deputatlığa namizəd Vəfa Nağı bildirir ki, 40 saylı məntəqədə Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov onu provakasiyaya çəkib, üzünə sillə vurub: “Məntəqədə müşahidəçimlə söhbət edirdim, qanun pozuntuları var idi. Həddən artıq çox daşınan qutu tələbi müşahidə etmişdik. Halbuki o qədər daşınar qutuya ehtiyac olan insan yoxdur. Buna etiraz etdim, bu zaman Hüseyn Qurbanov mənə sillə vurdu”. Vəfa Nağı başına gələnlə bağlı Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasına müraciət edib, tədbir görülməsini xahiş edib. Əlavə edib ki, onda hadisənin görüntüləri var və olay hər kəsin gözü önündə yaşanıb. * * * Azərbaycanda növbədənkənar parlament seçkilərinin Bakı vaxtilə saat 10:00-a olan seçici fəallığının neçə faiz olduğu açıqlanıb. Civilazerbaijan.com bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri barədə brifinqində Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. O bildirib ki, növbədənkənar parlament seçkilərində respublika üzrə seçici fəallığı 9,92 faiz olub. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir. Öz növbəsində Müsavat Partiyasının seçkinin gedişatı ilə bağlı press relizində deyilir ki, Müsavat Partiyasının Seçki qərargahına seçki gününün ilk saatlarından qanun pozuntuları barədə məlumatlar da daxil olur. “Hələlik əsas problemlər müşahidəçilərimiz və “karusel” əməliyyatları ilə bağlıdır. 8 saylı Binəqədi birinci seçki dairəsinin bəzi məntəqələrində müşahidəçilərin məntəqələrə buraxılması ilə bağlı problemlər yaradılıb. İndi məlumat aldıq ki, 8 saylı dairənin 12 saylı məntəqəsində seçki prosesinə heç bir müdaxiləsi olmadığına baxmayaraq Müsavatdan olan müşahidəçi polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılır. 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində “karusel” əməliyyatını qeydə alan müsavatçı Cəmaləddin Heybətə təziq edilir. 31 saylı Suraxanı ikinci seçki dairəsində Müsavat Partiyasından deputatlığa namizəd Ərzulla Bulud “karusel” əməliyyatı həyata keçirən qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıb.”, press-relizdə deyilir. Müsavat Partiyasının bu məlumatı ilə bağlı Azərbaycan MSK-sı rəsmi açıqlama verməyib. Ölkə üzrə səsvermə Bakı vaxtı ilə saat 8-də başlayıb, saat 19-da başa çatacaq. Seçkilər 125 seçki dairəsi üzrə 6,478 seçki məntəqəsində keçirilir. Səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Deputatlığa namizədlərdən 305 nəfərinin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. İqtidarda olan Yeni Azərbaycan Partiyası 125 seçki dairəsinin hamısından öz namizədini irəli sürüb. Aparıcı müxalifət partiyalarından Müsavat Partiyasının 24, REAL Partiyasının 12 namizədi deputatlıq uğrunda mübarizəyə qoşulub. Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərini boykot edir. Partiya sədrinin müavini Seymur Həzi siyasi qurumun bir neçə ay əvvəl keçirilmiş prezident seçkilərini də boykot etdiyini bildirib. "Partiya öz məclis qərarında bunu əsaslandırarkən bildirib ki, Azərbaycanda seçkiqabağı mühitin, eyni zamanda sərbəst toplaşmaq azadlığının olmaması, ölkədə 300-dən çox siyasi məhbusun olması, seçki komissiyalarına hökümətin mütləq təsir etməsi, polis orqanlarının seçkiyə aşkar müdaxiləsi, heç bir yarış şəraitinin olmaması, avtoritar rejimin ümumiyyətlə yarış üçün hər hansı bir fürsət yaratmaması və cəhd olunan fürsətləri zorakı yolla boğması AXCP-ni bu qərarı verməyə sövq edib," Seymur Həzi Amerikanın Səsinə bildirib. Məzahir Pənahov deyib ki, parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 112 min 749 nəfər yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 65 minə yaxını 24 siyasi partiyanın müşahidəçiləridir. Eyni zamanda, seçkiləri müşahidə etmək üçün 51 beynəlxalq qurumdan və 69 ölkədən 598 nəfər akkreditə olunub. “ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 227 nəfər, ATƏT Parlament Assambleyasından 61 nəfər müşahidəçi qeydiyyatdan keçib,” o, qeyd edib. Səsvermə Azərbaycanda bir çox müstəqil jurnalistlərin və ictimai-siyasi fəalların həbs olunduğu mühitdə keçirilir. Human Rights Watch təşkilatı bildirir ki, ötən il ərzində Azərbaycan hakimiyyəti 30-dan çox müstəqil jurnalisti, vətəndaş cəmiyyəti fəalını və akademiki qaçaqmalçılıq, qeyri-qanuni sahibkarlıq, çirkli pulların yuyulması və vergidən yayınma kimi müxtəlif saxta cinayət ittihamları ilə həbs edib. “Azərbaycan haqsız yerə həbs edilənləri azad etməli və repressiyalara son qoymalıdır. Onlar fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin COP29 konfransında, həmçinin, konfransdan əvvəl və sonra məzmunlu şəkildə iştirak etmələrini təmin etməlidirlər,” təşkilatın təmsilçisi Giorgi Qogiya bildirib. Azərbaycan Milli Məclisinə seçkilər bu ilin noyabrında keçirilməli olsa da, parlamentdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP29) keçirilməsini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib. Daha sonra prezident İlham Əliyev növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir. Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib, Amerikanın Səsinin məlumatında qeyd olunur. Geri qayıt |