Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > İsi MƏLİKZADƏ. Qarpız qabığı - HEKAYƏ
İsi MƏLİKZADƏ. Qarpız qabığı - HEKAYƏ14-09-2024, 12:25. |
İsi Məlikzadə (Məlikzadə İsi Abbas oğlu) 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Orta təhsilini Ağcabədidə Xəlfərəddin kənd orta məktəbində, ali təhsilini indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində almışdır. "Həsrətin sonu" adlı ilk kitabı 1964-cü ildə işıq üzü görüb. Sonrakı illərdə isə "Özgə anası" (1969), "Kövrək qanadlar" (1973), "Küçələrə su səpmişəm" (1977), "Yaşıl gecə" (1979), "Günəşli payız" (1982), "Dədə palıd" (1984), "Gümüşgöl əfsanəsi" (1987), "Şehli çəmənlərin işığı" (1991), "Dolaşaların Novruz bayramı" (1992) adlı kitabları nəşr olunub. 1995-ci il dekabrın 5-də 61 yaşnda Bakı şəhərində vəfat etmişdir. Civilazerbaijan.com Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Məlikzadənin "Qarpız qabığı" hekayəsini təqdim edir: İsi Məlikzadə QARPIZ QABIĞI hekayə Atası bu gün də Kərimi danladı. - Vaxtını boş keçirirsən, belə yaramaz. Hələ dərslərin başlanmağına çox qalıb. Heç olmasa kitab oxu, bir işdən yapış. Kərim başını aşağı salıb dinmədi. - Bu gün sənə tar alacağam, çalmağı öyrənərsən, - deyə ata dilləndi. Kərim sevindi. - Lap elə bu gün? - Elə bu gün. Atası gedən kimi, Kərim eyvana çıxdı. Həyətdə dənlənən quşları görüb fikirləşdi. "Görəsən onlardan bir neçəsini tuta bilərəmmi?... Bax, o sığırçınları ələ keçirə bilsəydim yaxşı olardı. Onlara yuva tikərdim, dən verərdim”. Kərim evdən bir ovuc çörək qırıntısı götürüb həyətə çıxdı. Arxadan quşlara yaxınlaşdı. Əlini irəli uzadıb "cib-cib” deyə onları səslədi. Ürkmüş sığırçınlar pırıltı ilə uçub getdilər. Kərim onların arxasınca baxdı. Quşlar binanın qabağındakı tiyanda qır əridən qırçıların yanında yerə endilər. Kərim də ora getmək istədi. Kimsə onun qoluna toxundu. Kərim geri dönüb sinif yoldaşı Zöhrabı gördü. - Bu yazıq quşları niyə qırırsan? - deyə Zöhrab soruşdu. Kərim ovcundakı çörək qırıntısını yoldaşına göstərdi. - Mən onları tutmaq istəyirəm. - Kərim, bax, mənim sığırçınlarıma dəymə ha. - Səninki haradan oldu? - Mənimkidir də. Eyvanımıza qonur, dən də verirəm. Hər səhər gəlib gözləyirlər ki, mən onları yedizdirim. - Eh, nə çox quş, nə bilirsən ki, həmin sığırçınlar hər gün gəlirlər? - Həminkilərdi, - deyə Zöhrab etiraz etdi. - Onlar üçün taxtadan balaca ev tikəcəyəm. Qoy, hər gün gəlib oxusunlar... Bax, bir də deyirəm: mənim quşlarıma dəymə. Zöhrab getdi. Kərim onun arxasınca qışqırdı: - Eyy! Bir azdan görərsən mən nə edəcəyəm. - Kərim sol qolunu yana uzatdı, sağ qolunu dirsəkdən qatlayıb şəhadət barmağını sinəsinə vurdu. -Tar çalmağı öyrənəcəyəm. Onda gələrsən səninlə danışaram. O, çörək qırıntısını şalvar cibinə tökdü. Qısa qollu sarı köynəyini dartışdıra-dartışdıra kölgəyə getdi. Burada dövrə vurub oturan qırçılar iri bir qarpız kəsmışdilər. Kərim gah qır tiyanına, gah qırçılara, gah da göyə baxırdı. O, Zöhrabın sözlərini xatırladı: "Mənim quşlarıma dəymə”. Kərim çiyinlərini çəkdi. "Gör nə qəribə sözlər danışır. Bütün dünyanın quşları onun deyil ki?” Qırçılar qarpızı yeyib ayağa durdular. Kərim nəsə fikirləşib gülümsədi. Gözünün birini qıyıb öz-özünə dedi: - Yaxşı, Zöhrab, indi mən sənə göstərərəm. O, tez yerindən qalxdı. Cibindən qara dəstəkli, balaca qatlama bıçaq çıxartdı. Divarın dibindəki qarpız qabıqlarını xırda-xırda doğrayıb həyətə girən yerdə asfalt döşəməyə tökdü. Bura bir az eniş idi. Qış vaxtı hamı burdan ehtiyatla keçirdi. Kərim evin tinində dayanıb Zöhrabın yolunu gözlədi. Elə bu vaxt Kərim atasını uzaqdan gördü. Onun əlində tar vardı. Kərim sevincək atasına tərəf qaçdı. Tarı alıb o tərəf-bu tərəfinə baxdı. Barmaqları ilə simləri tərpətdi. Şadlığından bilmədi neynəsin. Tarı anasına göstərmək üçün evlərinə tərəf qaçdı. Birdən ayağı sürüşüb yıxıldı. Tarı asfalt döşəməyə dəyib qırıldı. Bu nə iş idi onun başına gəldi? Kərim hirsli-hirsli yerə baxcaq ayağı altında qalmış özü doğrayıb tökdüyü qarpız qabıqlarını gördü və fikrə getdi. 1964 Geri qayıt |