Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycan AŞPA-ya şərt qoya bilməz - Frank Şvabe
Azərbaycan AŞPA-ya şərt qoya bilməz - Frank Şvabe11-09-2024, 16:06. |
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan deputatı Frank Şvabe Azərbaycanın dövlət başçısı İlham Əliyevə cavab verib. Civilazerbaijan.com bildirir ki, sentyabrın 6-da İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən bildirmişdi ki, AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək. Frank Şvabe isə “X” səhifəsində: “Azərbaycan Prezidentinə kim məsləhət verir?” – deyə sual edib. O bildirib ki, Avropa Şurası Parlament Assambleyasını, şübhəsiz ki, şantaj etmək olmaz: “Şərtlər aydındır. Azərbaycan Parlament Assambleyasının bütün qaydalarına hər hansı bir şərt qoymadan əməl etməlidir. Siyasi məhbuslar azad edilməli, Azərbaycan İşgəncələrə Qarşı Komitə ilə tam əməkdaşlıq etməlidir və təbii ki, giriş qadağası olmamalıdır”. Prezident İlham Əliyev həmin tədbirdə vurğulamışdı ki, bu ilin yanvarında AŞPA “qırmızı xətt”i keçib: “Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”. “Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, – deyə Prezident əlavə edib. Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib. Qeyd edək ki, Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb. Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub. 1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. 1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib. 2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib. Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |