Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Donald Trampdan rəsmi Bakıya tərs sillə
Donald Trampdan rəsmi Bakıya tərs sillə24-10-2024, 15:31. |
ABŞ-də prezidentliyə namizəd Donald Tramp Prezident seçiləcəyi təqdirdə Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyini bildirib. Civilazerbaijan.com bildirir ki, bu barədə “X” (Twitter) səhifəsində yazan Donald Tramp Qarabağı “Artsax” kimi təqdim edib və Qarabağdan 120 min erməninin təqiblərə məruz qaldığı iddiasını da səsləndirib: “Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və “Artsax”dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin Prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar. Mən Prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”. screen D.Trampın “X” səhifəsindən götürülüb. İyulun 20-də Azərbaycan Prezidenti Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Media Forumunda çıxış edərkən Bakı-Vaşinqton əlaqələrinin Donald Trampın prezidentliyi dövründə səmərəli olduğunu demişdi: “Bizim əlbəttə ki, Respublikaçılar hakimiyyəti ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub. Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”. “Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub. Müəyyən enişli-yoxuşlu dövrlər olub, o da bizim günahımız deyildi. Çünki onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışırdılar, onlar siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər”, – Prezident deyib. İlham Əliyev Azərbaycanın dövlət başçısına bu sualı Rusiyanın TASS xəbər agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ünvanlamışdı: “Kimin adının yanvarın 20-si səsləndirilməsini istərdiniz?”. Əliyev isə konkret ad çəkmədən belə cavab vermişdi: “Siyasi mədəniyyət anlayışı var və bu anlayış sizin sualınıza birbaşa cavab verməyə imkan yaratmır. Ancaq sizin sualınız başa düşürəm ki, tamamilə ritorikdir. Biz bir-birimizi onilliklərdir tanıyırıq və tamamilə əminəm, siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim”. Milli Şuranın sədri Cəmil Həsənli Meydan TV-nin sorğusunu cavablandırarkən Donald Trampın yazdıqlarının seçki kampaniyasına hədəflənən mesajlardan olduğunu istisna etməyib: “Bütün hallarda Tramp üçün ən vacib məsələ seçicilərin səsini almaqdır. Çox böyük olmasa da, bu ölkədə erməni əsilli Amerika vətəndaşlarının bəlli sayı var, xüsusilə respublikaçılar üçün həssas olan Kaliforniyada bu məsələ aktualdır“. Cəmil Həsənlinin fikrincə, məsələ heç də təkcə İlham Əliyevin 20 iyul çıxışından getmir, hökumətin informasiya vasitələri hər gün Donald Trampın təbliğatını aparırlar: “Məsələn, oktyabrın 23-də “AzTV” və İctimai Televiziyada açıq şəkildə Trampa dəstək ifadə olunurdu. Hətta belə tezis getdi ki, demokratların yanaşmasında Azərbaycan-Ermənistan münasibətlərinə və Qarabağ erməniləri ilə bağlı maraqlarımıza uyğun olmayan tələblər var. Sanki Tramp seçkilərdə qalib gəlsə, bu, elə Azərbaycanın qələbəsi olacaq. İlham Əliyev ad çəkməsə də, fikrini elə ifadə etdi ki, bu, birbaşa respublikaçıların seçki kampaniyasına dəstək xarakteri daşıyırdı. Bunun başlıca səbəbi Trampın Rusiyaya münasibətidir, nə qədər ki, rəsmi Bakı özünü Kremlə bağlayıb, deməli, şimal ölkənin mənafeyinə xidmət edən siyasət Azərbaycanın da maraqlarına uyğundur. Bu da Trampla Putin arasında olan gizli və açıq əlaqələrin doğurduğu nəticələrdir”. “Lakin bu, bir az illüziyadır, heç kim təminat verə bilməz ki, Tramp qalib gəlsə, Ukraynaya dəstəkdən imtina edib birmənalı şəkildə Putinə dəstək verəcək. Mənə inandırıcı gəlmir, çünki buna qarşı qabaqlayıcı addımlar da atılıb. Konkret olaraq, Avropa İttifaqı bu təhlükəni hiss etdiyi üçün Ukraynanın müdafiəsini üzərlərinə götürdüklərini gizlətmirlər. Hətta Tramp seçiləcəyi təqdirdə də Vaşinqtonun Ukraynanın maraqlarından imtina edəcəyinə də əmin deyiləm”, – Cəmil Həsənli deyib. Cəmil Həsənli Onun fikrincə, ikinci amil Azərbaycan hakimiyyətinin demokratların Bakıdan insan hüuqları, söz azadlığı, siyasi məhbuslar və demokratiya tələbidir: “Hərçənd, onların tələblərində bunlar öndə deyil, amma sözdə də olsa, diqqət yetirirlər. Sadəcə, bu da Əliyev rejimini təmin etmir“. “Trampın birinci seçkisində də Bakı onu dəstəkləmişdi. Düzdür, Əliyev hakimiyyəti birbaşa maliyyə yardımı etməmişdi, ancaq ABŞ-də yaşayan azərbaycanlı şəbəkə vasitəsilə Trampın seçkisinə maliyyə yardımı göstərilmişdi, Ziya Məmmədovun oğlu Anar Məmmədovun adını çəkmək kifayətdir. Yəni bu, mərkəzləşmiş qaydada olduğundan arxasında hansısa mövqe dayanırdı və Azərbaycan kimi ölkə üçün az yardım deyildi”, – Həsənli vurğulayıb. Onun sözlərinə görə, Trampın son açıqlaması Bakının demokratlarla bağlı iddialarına böyük zərbə oldu: “Gizlətmədən dedi ki, xristianların pozulmuş hüquqların bərpa edəcək. Düzdür, ABŞ siyasətində və mətbuatında bu təbliğat yeni deyil, 1919-1920-ci illərdən başlanıb, Prezident Vilsonun siyasətində ümumi tendensiya belə idi: xristian erməniləri türklərdən qorumaq və “Böyük Ermənistan” yaratmaq. Lakin bu siyasət iflasa uğradı. Trampın çağırışı isə yalnız ermənilərin səsinə yox, həm də qatı xristianların səsinə hədəflənib. Nəzərə alın ki, Tramp hakimiyyətdə olanda da Türkiyə barədə sərt ifadələr səsləndirib. Yaxud ABŞ-nin İsraildəki paytaxtının Qüdsə köçürülməsi haqda qərarı var“. Siyasi şərhçi Şahin Cəfərli də Azərbaycan hakimiyyətinin və onun geniş çevrəsinin ABŞ-dəki seçkilərdə açıq şəkildə Trampı dəstəklədiyini bildirib. Bu barədə Şahin Cəfərli “Facebook” səhifəsində yazıb. “Hakimiyyətin standart arqumenti budur ki, demokratlar ermənipərəstdir, Tramp və respublikaçılar isə yox. Halbuki, respublikaçıların içərisində elə adamlar var ki, ən qatı ermənipərəst demokrat da onlara həsəd apara bilər. Məsələn, Vivek Ramasvami buna bariz misaldır. Bu adam prezidentliyə namizədliyə də iddialı idi, lakin Trampın xeyrinə yarışdan çəkildi və indi onunla çox yaxındır, Tramp qalib gəlsə, vəzifə də ala bilər”,-Cəfərli əlavə edib. Trampın bəyanatına gəlincə, siyasi şərhçi yada salıb ki, prezidentliyə namizəd vaxtilə Türkiyə ilə münasibətlərdə olduğu kimi, Azərbaycanla münasibətlərdə də ultimatum dili ilə danışa bilər: “Tramp Bayden və Obama deyil, dediyini edəndir. Bu gün də Ərdoğana yazdığı aşağılayıcı məktubla qürur duyur və onun çərçivələdərək Nyu Yorkdakı “Trump Tower”da divardan asıb”. Şahin Cəfərlinin sözlərinə görə, demokratların da ermənipərəstliyi çox vaxt sözdə qalır və onların söylədiklərini dramatikləşdirməyə gərək yoxdur: Şahin Cəfərli “Azərbaycan-ABŞ münasibətlərinin hələ qurulmadığı dövrdə qəbul olunan 907-ci düzəliş istisnadır, amma o zaman respublikaçılar hakimiyyətdə idi. Demokratlar da hakimiyyətdə olanda praqmatik mövqedən çıxış edirlər. Hətta Azərbaycan-ABŞ əlaqələri məhz demokrat Klintonun dövründə ciddi şəkildə inkişaf etməyə başlayıb. O vaxt Heydər Əliyev Ağ Evdə qəbul olunmuşdu”. “Məncə, Azərbaycanda demokratlara neqativ münasibət onların ermənipərəstliyi ilə az əlaqəlidir, əsas səbəb budur ki, demokratlar Azərbaycanla dialoqda hərdən müzakirə mövzuları arasında 10-cu sırada da olsa, insan haqları məsələsini də qaldırmalıdır, vətəndaşların siyasi motivlə təqib olunmasını dayandırmağa, Konstitusiya və qanunlarına əməl olunmasına çağırırlar, bu isə hakimiyyətin ən qıcıq olduğu məsələdir”, – Cəfərli deyib. Onun fikrincə, Bakının Trampa dəstəyinin başqa bir səbəbi də onun Rusiya tərəfindən dəstəklənməsi ilə əlaqəli ola bilər: “Biz Rusiyanın müttəfiqiyik və onun qarşısında öhdəliklərimiz var. Konkret olaraq, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin 4-cü maddəsində yazılıb: Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla, o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla, konstruktiv əməkdaşlığı dərinləşdirirlər”. Rəsmi Bakı D.Trampın açıqlaması ilə bağlı hələlik şərh verməyib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərindən Hikmət Babaoğlu Meydan TV-nin sorğusuna cavab verib. Hikmət Babaoğlu Donaldın Trampın dediklərini “beynəlxalq hüquqa zidd və terrorizmi dəstəkləyən”-deyə qiymətləndirib: “Bununla Tramp etnik separatizmə dəstək verib. Əslində, Tramp prezidentliyə namizəd kimi yox, başqa bir dövlətin ərazi bütövlüyünü şübhə altına almaqla əsl terrorçu kimi davranıb, bunun başqa adı yoxdur. Bu ifadələrə bəraət qazandırmaq üçün erməni seçicilərin səslərinin əldə edilməsi göstərilə bilsə də, amma ciddi siyasətçiyə yaraşmayan açıqlamadır. Çünki beynəlxalq hüququn əsas təməl prinsipi dövlətlərin ərazi bütövlüyünün tanınmasıdır, separatçılığa və terrorçuluğa qarşı mübarizədir. Donald Tramp yazdıqları ilə separatçılığı və terrorçuluğu dəstəkləyir, bununla o, siyasi-ideoloji terrorçudur. Ona görə də bu cür açıqlamalar yolverilməzdir”. Hikmət Babaoğlu YAP-çı deputat düşünür ki, Trampın təbliğat kampaniyası bu çıxışa aydınlıq gətirməlidir: “Təkzib verməli və ya Azərbaycandan üzr istəməlidir”. Hikmət Babaoğlu Prezident İlham Əliyevin iyulun 20-də söylədikləri barədə suala belə reaksiya verib: “Siyasətdə bütün ehtimallar mümkündür. Əgər Tramp dediklərindən geri çəkilərsə, yaxud yanlış etdiyini etiraf edərsə, əlaqələrin düzəldilməsi mümkündür. Nəticə etibarı ilə kim olursa, olsun, Amerika xalqının səsi ilə seçilən adam ABŞ-nin təmsilçisi olacaq və bizim də heç bir dövlətlə düşmənçilik etmək, yaxud nə vaxtsa dediyi sözə görə münasibətləri kəsmək fikrimiz yoxdur. Çünki dövlət qalıcıdır, siyasətçilər gedicidir. Ona görə Tramp ABŞ-nin mənafeyindən çıxış edirsə, o zaman nəzərə almalıdır ki, başqa dövlətin öz maraqları, ərazi bütövlüyü və suverenliyi var”. (Meydan TV) Geri qayıt |