Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəni azad etməyə çağırır
AzadlıqRadiosunun prezidenti Fərid Mehralızadəni azad etməyə çağırır30-10-2024, 14:16. |
AzadlıqRadiosunun prezidenti Stiven Kapus (Stephen Capus) Azərbaycan hökümətinə çağırış edib. Civilazerbaijan.com bildirir ki, cənab Stiven Kapus jurnalist və iqtisadçı Fərid Mehralızadənin azadlığa buraxılmasına çağırıb. "Bu gün (oktyabrın 30-da) AzadlıqRadiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadənin haqsız həbsindən beş ay keçir. Biz onun saxta ittihamlarla həbsdə qalmasından dərin narahatıq. Onun evinə, həyat yoldaşı və yeni doğulmuş qızının yanına qayıtması üçün dərhal azadlığa buraxılmasına çağırırıq", –S.Kapus bildirib. F.Mehralızadə iyunun 1-də həbs edilib. Ona əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb. Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırılması və saxta sənədlərdən istifadə ilə bağlıdır. Sentyabrın 6-da F.Mehralizadə barəsində həbs-qətimkan tədbirinin müddəti dekabrın 19-na qədər uzadılıb. F.Mehralızadə ittihamları qəbul etmir, qurama sayır. Azərbaycan hakimiyyəti ölkədə heç kimin sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs olunmadığını bildirir. Ancaq ötən ilin noyabrından başlayaraq ölkədə qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların çoxu əvvəlcə "AbzasMedia işi" ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib. Saxlananlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatları Azərbaycan həbsxanalarında azı 300 siyasi məhbusun olduğunu bildirirlər. Geri qayıt |