Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Əkrəm Əylisli. Tənha çinarın nağılı
Əkrəm Əylisli. Tənha çinarın nağılı7-12-2024, 13:43. |
Dünən - 6 dekabr 2024-cü il tarixdə yazıçı Əkrəm Əylislinin 87 yaşı tamam olub. Əkrəm Əylisli 1937-ci ildə Ordubad rayonunun Əylis kəndində dünyaya gəlib. Nasir, şair, dramaturq, tərcüməçi kimi fəaliyyət göstərən Əkrəm Əylisli həm də Azərbaycan ədəbiyyatında hekayəçilik ustası kimi tanınır. Onun əsərləri həyatının mürəkkəb və zəngin mənzərəsini əks etdirir, gözəllik və çətinliklərini təsvir edir. 2012-ci ildə dərc edilmiş “Daş yuxular” povesti Azərbaycanda yazıçıya təzyiqlərə rəvac verib. Bundan sonra, o, Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Prezidentinin fərdi təqaüdündən və “Xalq yazıçısı” fəxri adından məhrum edilib. Onun “Daş yuxular” əsəri isə ölkədə qadağan olunub. Əkrəm Əylisli dünyanın ədəbi çevrələrində qəbul edilən yazıçılardandır. Azərbaycandakı təzyiqlərə baxmayaraq, onun cəsarəti qlobal ədəbi dairələrdə intellektual azadlığın və yaradıcılıq dözümlüyünün simvolu kimi qəbul edilir. Civilazerbaijan.com Əkrəm Əylislinin 87 illiyi ilə bağlı yazdığı “Tənha çinarın nağılı” yazısını təqdim edir: Əkrəm Əylisli TƏNHA ÇİNARIN NAĞILI “Tənha narın nağılı”nı oxuyanlar üçün 1. Adam görürdü ki, yaddaşı durmadan zəifləyir, zehni-hafizəsi günü-gündən xarablaşır. Adlar, telefon nömrələri bir yana dursun, hərdən elə olurdu ki, günorta nə yediyini axşam yadına sala bilmirdi. O gün arvadı günortaya bişirdiyi toyuq supunun duzunu çox eləmişdi və tərslikdən elə həmin günün səhəri saytların birində o, duzun yaddaş üçün hədsiz ziyanı barədə yekə bir yazı oxumuşdu. Və bunu arvadına demək istədiyi yerdə DUZ sözü birdən-birə qeyb olub, ərşə çəkildi. Sözlərin yadından çıxmağı onu əvvəllər də həmişə narahat eləmişdi. Bu dəfə daha çox narahat elədi. Bircə sözün yox olmağı ilə sanki dünya xeyli kiçildi, balacalaşdı. Ona elə gəldi ki, bu təhər azala-azala bir gün söz tamam qurtara bilər. Sözsüz dünya, sözsüz yaşayan insan… yenə kənd yadına düşdü, müəllimləri gözünün qabağına gəldi. Və bu yerdə əhvalı birdən-birə tamam dəyişdi. Adamın ruhu təzələndi, içi işıqlandı. Ancaq ona görə yox ki, xəyalına gətirdiyi o sözsüz dünya onun bərk xoşuna gəlmişdi. Ona görə ki, Adam təkcə adam deyildi, həm də yazıçıydı. Özü də çoxdanın, köhnənin yazıçısıydı. Ömrünün az qala 70 ilini həmişə yazmışdı: şeir, hekayə, məqalə, pyes, ssenari, povest… İndi 3-4 ay olardı ki, heç nə yaza bilmirdi. Və sözü ölmüş dünya barədə yazacağı əsərin əsl sənət nümunəsi olacağına artıq özünü inandıra bilmişdi. Arvad da, xörək də yadından çıxdı. Fikirləşdi ki, bəlkə söz doğrudan da ölüb. Qocaman yazıçının dəyişməz əqidəsinə görə, diri söz sayılmağa yalnız doğru sözün haqqı vardı. İndi hardaydı o doğru söz, onu deyən kim idi, yazan kim idi… Tutaq ki, heç bir siyasətçi sözün düzünü deyib, siyasətin ləzzətini qaçırmaq istəmirdi. Bəs, görəsən, ədəbiyyatçılara nə olmuşdu? Üç minə yaxın AYB üzvünün hər biri gündə bircə dənə doğru söz yazsaydı, bu qurumun mətbuat orqanlarında yer alan diri sözün sayı ölü sözün sayından azı üç dəfə çox olardı. Qocaman ədibin köhnəlib cındırı çıxmış əqidəsinə görə, yazıçılara Prezident təqaüdü vermək üçün dövlət tərəfindən ayrılan vəsait son qəpiyinəcən yalnız doğru söz yazan yazıçı və şairlərə verilməliydi. Diri sözü ölü sözdən ayıra bilməyən heç bir qələm sahibi Xalq şairi, Xalq yazıçısı adına layiq görülməməliydi. Doğrunu qoyub yalanı yazmağın sovetdənqalma ənənəsinə birdəfəlik son qoyulmalıydı. Sabiq Xalq yazıçısının fikrincə, bu işi həyata keçirmək əsla asan olmayacaqdı. Çünki düzü qoyub yalanı yazmaq ənənəsi yaşı doxsanı haqlayan bu mötəbər təşkilatın təkcə üzvlərinin deyil, hətta daşının-divarının da canına hopmuşdu, iliyinə işləmişdi. Bir məşhur Xalq yazıçısı vardı: rəhmətlik Əli Vəliyev. Sözün düzünü deyən adam adı çıxarmışdı. Olduqca əqidəli kommunist idi. O qədər əqidəliydi ki, bir oğlunun adını Marks, o biri oğlunun adını Engels qoymuşdu. Bu məşhur Xalq yazıçısı keçmişdə muzdur olmuşdu. Qubadlıda bir varlı adamın qapısında nökərçilik eləmişdi. Və sözün doğrusunu deməkdə ad çıxaran bu əqidəli kommunist, nə qədər qəribə olsa da, öz keçmiş ağasını tərifləməkdən də hərdən ehtiyat eləmirmiş. O varlı kişinin səxavəti, mərhəməti, alicənablığı barədə ürək qızdırdığı adamlara həvəslə cürbəcür əhvalatlar danışırmış. Deyilənə görə, o dövrün gənc tənqidçilərindən biri Xalq yazıçısının bu hədsiz səmimiyyətindən heyrətə gəlir. “Bəs bunları niyə yazmırsız, Əli müəllim,” – deyir. Cavan tənqidçidən gözləmədiyi sual Xalq yazıçısını möhkəm qəzəbləndirir. “Dur burdan rədd ol, – deyir. – Sən söz deməli adam deyilsən!..” Bu qəbildən başqa bir misal: yazıçı və qəzetçi Azər Abdullanı tanıyan yəqin ki, çoxdur. Bakıya Ermənistanın Mehri rayonunun hansısa kəndindən gəlmişdi. Sakit təbiətli insan idi. Mülayim xasiyyəti, xoşagəlim yumşaq səsi vardı. Yaradıcılığına yaxından bələd olmasam da, Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda yazdığı bir neçə məqaləsini oxumuşdum. Aramızda səmimi ünsiyyət vardı. Tez-tez görüşməsək də, Yazıçılar İttifaqının yanındakı “Sahil” bağında arabir rastlaşıb dərdləşirdik. Və bu görüşlərin birində Azər azərbaycanlı əhalinin Mehridəki o kənddən necə çıxmağı barədə söhbət açdı. Sən demə, kəndin sadə erməni camaatı azərbaycanlıların kəndi tərk etməsini qətiyyən istəmirmiş. Yığışıb azərbaycanlılara yalvarırmışlar: getməyin, hara gedirsiniz, heç kəsi qoymarıq sizi incitsin, oturun evinizdə, bu vaxtacan bu kənddə necə yaşamışıq, bundan sonra da eləcə yaşayacağıq. Mən Azərin dediyinə inandım, heç bir pis niyyət güdmədən “Azər, – dedim, – bəs bunu niyə yazmırsan?” Azər birdən-birə bozardı, nə bozardı. Sifəti də, səsi də dəyişdi. Ucadan danışdığını heç vaxt eşitmədiyim Azər az qala var səslə bağırıb: “Mən bunu niyə yazmalıyam!” – dedi və məndən sürətlə uzaqlaşdı. İndi siz də gördünüzmü ki, doğrunu qoyub yalanı yazmaq təkcə xalq yazıçılarının şakəri deyil. 2. Nəyi yalan, nəyi doğru yazdığımı deməyə cəsarət eləmirəm. Ancaq qətiyyətlə deyə bilərəm ki, heç vaxt bilərəkdən yalan yazmamışam. Bəlkə, nədəsə səhv eləmişəm. Bəlkə, haradasa hissə qapılıb, qurunun oduna yaşı da yandırmışam. Amma yalanın yalan olduğunu həmişə görmüşəm, duymuşam. Ona sonsuz nifrətimi çox vaxt gizlədə bilməmişəm. Və canımda-qanımda olan yalansız yaşamaq ehtiyacı məni heç vaxt rahat yaşamağa qoymayıb. 87 illik ömrüm boyunca bəlkə min dəfə səhv eləmişəm. Hərdən mənə elə gəlir ki, ömrüm başdan-başa səhvlərdən ibarət olub. Dünyaya, insana, həyata münasibətim dönə-dönə dəyişib. Bəzən çaşıb dostu düşmən, düşməni dost bilmişəm. Ancaq heç vaxt haqqı nahaqqın, doğrunu yalanın ayağına verməmişəm. Və bu bitib-tükənməz ömür savaşında yorulub heydən düşəndə sanki məni məndən yaxşı tanıyan hansısa doğma, işıqlı bir səs həmişə dadıma çatıb. Deyib: Möhkəm dur, təslim olma. Qorxma, ürəkli ol. Həmişə arxayın ol ki, dünyanı yalanla iyləndirənlər səni məhv edə bilməyəcəklər… Və mən bu səsi eşidib həqiqətən ürəklənmişəm. Qəlbimi-könlümü sevmişəm, ona güvənmişəm. Və belə bir ürəyin sahibi olduğuma sevinib Müşfiqin ölməz misralarını xatırlamışam: Tərlansan, göydən enməzsən, Torpaqlarda sürünməzsən, Mən dönsəm də, sən dönməzsən, Yaşa könül, yaşa könül! Sıxıldığım, bədbinləşdiyim ümidsiz-işıqsız depressiyalı günlərim, aylarım da az olmayıb. Həmişə hardansa bir zərrə ümid tapılıb, məni qatı qaranlıqdan işığa çıxarıb. Depressiyanı törədən səbəblərin hamısı hələ ki, heç kəsə məlum deyil. Məncə, depressiya, bütün hallarda, ruhi yorğunluq əlamətidir. Belə bir depressiv çıxılmazlıq 1987-ci ilin yazında, 50 yaşımın ərəfəsində məni gözlənilmədən yaman yaxaladı. O 50 ilin azı 30 ilini mən büsbütün yaradıcılığa həsr eləmişdim. “Adamlar və ağaclar” artıq yazılmışdı, yaxşı uğur qazanmışdı: təkcə Azərbaycanda deyil, ovaxtkı Sovet İttifaqının az qala bütün respublikalarında, hətta Şərqi Avropanın bir neçə ölkəsində də nəşr edilmişdi. Yazdığım digər povest və hekayələr Bakıda, Moskvada, dünyanın bir sıra yaxın və uzaq məmləkətlərində ard-arda çap olunmuşdu. Rus və dünya ədəbiyyatdan elədiyim çox sayda tərcümələr geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Və yaradıcılığımın ciddi uğurları saydığım “Dəhnə” və “Ağ dərə” povestlərim də yazılıb çap ediləndən sonra mənimlə ədəbiyyat arasında sanki bir qorxulu-vahiməli uçurum yaranmışdı. Bu iki əsərdən sonra daha nəsə yaza biləcəyimə heç bir ümidim yox idi. Yazmağa ümidi olmayan yazıçını dünyada başqa nə yaşada bilərdi… Dörd-beş il idi “Azərbaycan” jurnalının baş redaktorluğundan öz istəyimlə uzaqlaşmışdım. Heç yerdə işləmirdim, heç nəyə həvəsim yox idi. Ən maraqlı məşğuliyyətim, o vaxt dəbdə olan “Zümrüd” restoranında, Anar və Yusiflə həftədə bir dəfə yeyib-içməkdi. Oturub saatlarla televizora baxırdım. Dənizkənarı bulvarı, gündə iki dəfə, o baş bu baş ayaqdan salırdım. Elə o bulvarda da günlərin bir günü mən illərlə canımda-qanımda gəzdirdiyim bir arzunu – Əylisdə ev tikmək arzusunu həyata keçirməyi qəti qərara aldım. Pul vardı. Həyatımda ilk dəfəydi ki, əlimə az vaxta xeyli pul düşmüşdü. O il “Azərnəşr”də ikicildlik seçilmiş əsərlərim nəşr edilmişdi. “Gənclik”də də bir qalın kitabım çıxmışdı. SSRİ Kinematoqrafiya Komitəsinin sifarişi ilə yazdığım “Sürəyya” adlı ssenariyə görə kinostudiyadan yeddi min pul almışdım. O vaxt yeddi minin üstünə 3-4 min də qoyub təzə “Volqa” almaq olurdu. Buna baxmayaraq, Əylisə getmək ərəfəsində ərkim çatan dost-tanışdan bir qədər borc da götürdüm ki, evi tikib başa çatdıracağıma heç bir şübhə yeri qalmasın. Bakıdan həmişəlik getməyi qərara aldığım o gün bir küləksiz, günəşli yaz günüydü. May ayının əvvəlləriydi, hələ istilər düşməmişdi. O gün mən Bulvarın bir tərəfində skamyada büzüşüb oturmuş Mirzə İbrahimovu gördüm. Bulvarın o biri tərəfində qocalıb beli bükülmüş Osman Sarıvəlli uzaqdan-uzağa gözümə dəydi: oğlu Babək atasının qolundan yapışıb, pilləkənlərlə üzüaşağı, dənizə yaxın skamyalara tərəf aparırdı. Yox, yox, mən belə qocalığı istəmirəm. İlyasım, Nəcəfim—balalarım, Əylisin qocaları bu qədər tənha və yazıq olmur. Bulvardan elə sürətlə uzaqlaşdım ki, sanki məni arxadan qovan vardı. 3. Naxçıvan hökuməti mənim Əylisdə ev tikmək istəyimi həqiqi diqqət və qayğı ilə qarşıladı. Yazıçılar İttifaqının, İsmayıl Şıxlının imzaladığı, əl boyda kağızı əsasında mənə Əylisin istədiyim yerində ev tikməyə icazə verdilər. Tikinti altı ay çəkdi: iyunun ortalarından dekabrın ortalarınacan. Və o altı ayda mənim bir gün də dincliyim olmadı. İş çox idi. Sementindən, qumundan tutmuş daşına, taxtasınacan – bütün tikinti materiallarını özüm təşkil eləyirdim. İşləyənlərin günorta yeməyi üçün lazım olan azuqənin dükan-bazardan alınması ilə özüm məşğul olurdum. Ancaq, Allaha şükürlər olsun ki, mən orda tək deyildim. Arxasız və köməksiz də deyildim. Böyük qardaşım Cavid, ailəsilə birgə hər gün yanımdaydı. Ordubad rayon Partiya Komitəsinin Birinci katibi, işbilənliyinə və əlitəmizliyinə görə rayon camaatının hörmətini qazanmış Şəkkül Ələskərov hər işimdə mənə köməklik göstərməyə həmişə can-başla hazır idi. Naxçıvan rəhbərliyinin nəzər-diqqətini də üzərimdə hərdən hiss eləyirdim. Mən Əylisdə yaşamağın darıxmaqsız da mümkün olduğuna özümü inandırmağa getmişdim. Mənə birdən-birə məlum oldu ki, orda darıxmaqdan hətta ölə də bilərəm. Ev işi tam yekunlaşandan, həyət-bacadan səs-səmir, əl-ayaq kəsiləndən sonra özümü o qədər tənha və kimsəsiz hiss elədim ki, az qaldı başıma hava gəlsin. İş qurtarmışdı. Pul da qurtarmışdı. İndi mən kim idim, nəçiydim, məni irəlidə nə gözləyirdi?.. Elə bil bir neçə günün içində altı ayın yuxusundan ayıldım. Ayılıb gördüm ki, balalarım da Bakıda tənhadır, mənsizdir, kimsəsizdir. Gördüm ki, dünyada mən də bir ev tikmişəm, ancaq dünya yenə də mənim deyil. Beş-on gün Əylisi, eninə-uzununa, dəli kimi dolanandan sonra evin qapısını bağlayıb Bakıya yola düşdüm. 4. Bir Natiq Səfərov vardı: içməyindən də heç vaxt qalmayan, quşdan ayıq Natiq Səfərov. Və həmin quşdan ayıq Natiq Səfərov sonralar, xalis naxçıvanlı ləhcəsində, mənə deyəcəkdi: “Getdın Əylisdə nastalgiyava heykəl qeyirib gəldın”. Və o quşdan ayıq Natiq bunu tamamilə doğru deyəcəkdi. Ev o vaxt ev sayılır ki, içində insan yaşayır. Mənim kənddə – kəndin evlərindən, insanlardan aralıda – çölün düzündə tikdirdiyim o ev xeyli vaxt doğrudan da cansız heykələ bənzəyəcəkdi. Sonra dünya az vaxtda tamam dəyişəcəkdi. Tanış sifətlər tanınmaz olacaqdı. Sovet hökuməti dağılacaqdı, milyonlarla insan taleyi dağıntılar altında qalacaqdı. İnsan zalımlaşacaqdı. Ürəklərdə mərhəmət qalmayacaqdı. İstədiyimiz ölkəni qura bilməyəcəkdik. Ən gözəl arzularımız daş oğlu daşlara toxunub, termos şüşəsi kimi sınıb, çilik-çilik içimizə töküləcəkdi. Dünyada sevinməli heç nə qalmayacaqdı. Onda Əylis mənim üçün yeganə ümid yeri olacaqdı: Mənim o yerlərə dönməyim gəlir. Allah, yol ver gedim, əhd eyləmişəm. Bu yolu bir dəfə geri dönməyə Bəlkə milyon dəfə cəhd eyləmişəm. Daha səbr etməyə halım qalmayıb, Daha yol getməyə yolum qalmayıb. Bəsdir, çox demişəm qalım-qalmayım? – Mənim o yerlərə dönməyim gəlir. Daş dibindən baş qaldıran göy otdum, İşıq gördüm – bir balaca boy atdım. Elə billəm – gəldim, gəzdim, qayıtdım, Mənim o yerlərə dönməyim gəlir. Elə billəm bu da bir pis yuxuydu: Düşmənlərim dostlarımdan çoxuydu. Qoy desinlər, heç əvvəldən yoxuydu – Mənim o yerlərə dönməyim gəlir. Gəldim, bu şəhərin hər üzün gördüm, “Domsovet”in gördüm, dənizin gördüm. Anarın, Mövludun, Ramizin gördüm… Mənim o yerlərə dönməyim gəlir. Bu da bir yol idi – tutub gedirdim: Dünya ilə cəngi-cida edirdim. Heç bilmədim – nə tapdım, nə itirdim. Mənim o yerlərə dönməyim gəlir. Heç bilmədim necə oldu böyürdən Şeytan çıxdı, insan düşdü dəyərdən. Şairləri şər qaynadan bu yerdən, Mənim o yerlərə dönməyim gəlir. Gəldim – bu dünyanın məğzini gördüm. Naşəxsini gördüm, şəxsini gördüm. Şeytanın min cürə rəqsini gördüm, Mənim o yerlərə dönməyim gəlir. Əyyaşların hacılığın da gördüm, Dəyyusların ucalığın da gördüm. Dostları da dar gündə cında gördüm, Mənim o yerlərə dönməyim gəlir. Gözüm baxa-baxa soyundu dünya: Gördüm ki, bir miskin oyundu dünya. İndi bir hava çal – toyumdu, dünya! Mənim o yerlərə dönməyim gəlir. Mənə əl eləyir əli Əylisin, Yağışı-yağmuru, seli Əylisin. İliyimdə əsir yeli Əylisin – Mənim o yerlərə dönməyim gəlir. Mənim o yerlərə dönməyim gəlir, Kaş ki, bu gedişlə qalaydım, Allah. Yorğun ürəyimə bir ağac altda, Oturub bir layla çalaydım, Allah. Allah, dinlə məni, dinməyim gəlir, Yandığım bəsimdir, sönməyim gəlir. Məni qaldırdığın o pilləkənlə Sənin hüzuruna enməyim gəlir. Mənim o yerlərə dönməyim gəlir. Mənim o yerlərə dönməyim gəlir. “Dünyada elə şeylər var ki, onları yalnız şeirlə demək olur” – bunu köhnə hekayələrimdən birində demişdim. Əylisə gəlişimdə, dəvətlisi olduğum ilk toyda bu şeiri az qala ağlaya-ağlaya dedim. Şeirdə “əyyaşların hacılığı” və “dəyyusların ucalığı” barədə dediklərim Əylisin şeir həvəskarlarının çox xoşuna gəldi. Ancaq, mənə görə, şeirin başqa iki misrası daha təsirliydi: Yorğun ürəyimə bir ağac altda, Oturub bir layla çalaydım, Allah. Məsələ burasındadır ki, illərin ayrılığından sonra yeganə ümid yeri bilib getdiyim o Əylisdə, çox ağaclar yerində olsa da, mənim kölgəsində oturub ürəyimə layla çala biləcəyim bir ağac da yox idi. Əylis dəyişmişdi, mən də dəyişmişdim, heç ağaclar da əvvəlki ağaclar deyildi. Nostalji duyğuların insanın ruhi varlığında nə kimi təlatümlər doğurmağa qadir olduğunu “Yəmən” adlı povestimdə qələmə almışam. Povestin baş qəhrəmanı, uzun illərdən sonra Bakıdan Buzbulağa qayıdan Səfalı müəllimin müşahidələrində özümün Əylisdə gördüklərimi ətraflı-əhatəli təsvir eləmişəm. Mən Əylisə yazmağa getməmişdim, yaşamağın yazmaqsız da mümkün olduğuna özümü inandırmağa getmişdim. Ancaq inandıra bilmirdim. Qəribədir, mən yazıçılıqdan əl çəkmək istəyirdim, yazıçılıq məndən əl çəkmək istəmirdi. İçimdə ara-sıra sonralar yazacağım yazıların isti mehi əsirdi, toxumu cücərirdi: “Yazığam, sevmə məni”, “Yol”, “Ətirşah Masan”, “Ceviz kölgəsinin nağılı”, “Çəmənlikdə ziyafət”, “Dağlar deyir ki, soyuqdur…” Sonralar Bakıda yazacağım bu əsərlərin hər birinin mövzusu o vaxt Əylisdə doğulmuşdu. Mən Əylisə gec-tez öyrəşəcəkdim. İtirdiyim Əylisi unudub, tapdığım Əylislə barışacaqdım. Bakıdakı mənzilimdə Əylisi yenə hər gecə yuxuda görəcəkdim: atamdan qalan evi, o evin həyətini, bağ-bacasının otunu, ağacını, o ağacların bir vaxt könlümü ovlamış rəngbərəng çiçəyini… O yuxularda Əylisin yazda laləli, qışda qarlı dağları məni görüb sevinəcəkdi. Adına Əylisdə “Yahəqq” quşu deyilən İsa-Musa quşunun gecə naləsi qəlbimi, ruhumu yerindən oynadacaqdı. Amma, sən Allahın işinə bax ki, Əylisdə özüm tikdirdiyim o ev bir dəfə də yuxuma girməyəcəkdi. İndi mən, qocalıqdan, ya nədəndirsə, son vaxtlar Bakıdakı ilk yaşayış yerimi daha çox yuxuda görürəm. Bakının üçmərtəbəli köhnə binalarından birinin üçüncü mərtəbəsində uca tavanlı tək otaq… Şərikli mənzil idi. Otağımın bir tərəfində bir qoca yəhudi qadın, o biri tərəfində iki azyaşlı uşaq böyüdən cavan azərbaycanlı ailəsi yaşayırdı. Şərikli mətbəx, şərikli tualet, hamamı isə heç vaxt olmamışdı. Ancaq Allahın işinə bax ki, mən yuxuda o otağı olduğundan qat-qat gözəl, olduğundan qat-qat geniş və işıqlı görürəm. Bəlkə ona görə ki, yaradıcılığımın ən məhsuldar 7 ili həmin otaqda keçib. Bir vaxtlar o otaqda Anarla görüşmüşük, onunla dost kimi, qardaş kimi, sevincimizi-kədərimizi bölüşmüşük. O otaqda İsa İsmayılzadə, Ələkbər Salahzadə, Ramiz Rövşən yazdıqları hər şeiri ilk dəfə mənə oxuyub. İsi Məlikzadə hər yeni əsərinin barəsində ilk rəyi həmişə məndən eşidib. Yuxularımda mənim o şərikli otağımı illərdir heç kəs tutmur. Şərikli dəhlizdən keçib, otağımın qapısını açmağıma kimsə mane olmur. O yuxularda mən heç vaxt adam görmürəm, otaq dolusu, ürək dolusu, dumduru işıq görürəm. 5. O uzaq 1987-ci ilə qayıdıram. Bakıya gəldiyim gün, axşamtərəfi, Anarla görüşüb İçərişəhərin “Karvansara” restoranında xeyli oturduq. İttifaqa sədr seçilməsindən bir neçə ay keçirdi. Anar özünün mənə borclu olduğunu düşünə bilərdi: onun sədr seçilməsində xüsusi fəallıq göstərmişdim. Ancaq Anarın o axşamkı təklifi mənim üçün xeyli dərəcədə gözlənilməz oldu: Anar mənə Yazıçılar İttifaqının katibi olmağı təklif eləyirdi. Mən onun bu təklifini qətiyyətlə rədd elədim. Anarın kefi pozuldu. Rəngi boğuldu. Qəhərli, titrək səslə: – Onda mən də orda işləməyəcəyəm, – dedi və sözün hərfi mənasında gözləri yaşardı. Anarın gözlərinin yaşardığını o çağacan mən heç vaxt görməmişdim. Razılaşdım. Hətta bir azca da rahatlandım. Vəzifə ürəyimcə olmasa da, hər halda işə gedəcəkdim. Ailənin dolanışığı təkcə qonorar ümidinə qalmayacqdı. Mən o idarəyə, müxtəlif fasilələrlə, iki-üç il gedib gəldim. Ancaq o vəzifəyə bir gün də ürək qızdıra bilmədim. O vaxtdan az qala 40 il keçir. İndi olub-keçənləri yada salanda nədənsə Əylisdən qayıtdığım o gün, o günün axşamı, “Karvansara” restoranı və Anarın yaşarmış gözləri yadıma düşür. O qəfil gözyaşının səbəbi nəymiş görəsən: bəlkə, elə orda – o restorandaca Anarın (bəlkə, özündən də xəbərsiz!) ürəyinə damıbmış ki, məndən ələkçinin qıl verəni çıxmayacaq. AYB-nin o vaxtkı ilk qurultayındaca bəyanat verib vəzifədən uzaqlaşdım və az sonra təşkilatın üzvlüyündən də çıxmağı qərara aldım. 1991-ci ilin fevral ayında Anara – surətini indi də özümdə saxladığım— bir cümlədən ibarət ərizə yazdım: “Getdikcə daha çox iylənməkdə olan və iyləndikcə daha çox üfunət saçan bir təşkilatın üzvü olmağın mənəvi məsuliyyətindən qurtarmaq məqsədilə Sizə müraciət edərək, məni bu təşkilatın üzvlüyündən azad etmənizi xahiş edirəm”. (Dünyada elə bir mətləb yoxdur ki, onu bir cümlədə demək mümkün olmasın). Ərizəni katibəyə verib getdim. O vaxtdan ta indiyəcən nə bir dəfə o idarənin qapısını açmışam, nə də AYB-nin hər hansı bir tədbirində iştirak eləmişəm. O çağdan bu çağacan mənim AYB-yə və Anara qarşı “xəyanətim” yalnız bundan ibarət olub ki, on illərlə fəal üzvü olduğum bir təşkilatın sonku durumuna mətbuatda ara-sıra kəskin münasibət bildirmişəm. Başqa sözlə: bir vaxt o bir cümləlik ərizədə yazdığımı sonralar bir növ xırdalamağa, açmağa, izah eləməyə çalışmışam. O bir cümləlik ərizə isə əvvəl öldü, sonra dirildi. O ərizəni gözlənilməz bir təsadüf diriltdi. O təsadüfün bir adı “Daş yuxular” idi, o biri adına yəqin ki, FÜRSƏT də demək olardı. Onu təxminən 10 il bundan əvvəl “dostlarıma” mən özüm verdim. Axı mən nə biləydim ki, bu fürsəti çoxdan gözləyənlər varmış! Ölkənin dili söz, əli qələm tutanlarının “Daş yuxular” barədə dedikləri, yazdıqları və yazdırdıqları əsərin tam mətnindən bəlkə beş dəfə çox olar. Özünün “Daş yuxular”a alovlu nifrətini əvvəllər “satqın”, “xain”, “nankor”, “kütağıl” və sair spesifik KQB terminləri ilə bildirən qələm əhli son vaxtlar əsərin bədii cəhətdən tam yararsız olmağına diqqət çəkməyi nədənsə daha çox lazım bilir. Məmləkətin təkcə yazıçıları deyil, çoxsaylı və çoxüzlü siyasətçiləri də “Daş yuxular”ın bədii cəhətdən xalis rüsvayçılıq olduğunu millətin nəzər-diqqətinə çatdırmağı özlərinə borc bilirlər. Əsl bədii əsəri hansı mövzuda və necə yazmaq barədə mənə verdikləri dəyərli məsləhətlərlə millətin siyasi mədəniyyətini məharətlə nümayiş etdirirlər. Ölkənin “İtkin gəlin” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən savayı heç bir əsər adı eşitməyən çoxsaylı dovğa bulayanları və dolma sarıyanları da artıq yaxşı bilir ki, ədəbiyyatımızın minillik tarixində “Daş yuxular”dan zəif bədii əsər heç vaxt olmayıb. Siyasətçilər və dolma sarıyanlarla işim yoxdur. Ancaq ədəbiyyatımızın əliqələmli cangüdənlərinə bir-iki sualım var: Birinci: dünyanın tanınmış ədəbiyyat mərkəzlərindən biri sayılan Moskvanın “Drujba Narodov” kimi nüfuzlu ədəbi nəşri nə vaxtdan bəri bədii cəhətdən zəif əsərlər çap etməyə başlayıb? İkinci: Rusiyanın Andrey Bitov, Viktor Yerofeyev, Lev Anninski, Aleksandr Arxangelski, Sergey Kaledin, Alla Latınina, Boris Akunin kimi dünyada tanınan vicdanlı söz sahiblərini “bədii dəyəri sıfır” olan ədəbi mətn barədə müsbət rəy söyləməyə kim vadar edib? Üçüncü: Çingiz Hüseynov əsəri “estetik şedevr”, Rüstəm İmbrahimbəyov “əsl yazıçı məharəti” adlandırıb. Bu iki böyük azərbaycanlının sözü bizim üçün nə vaxtdan bəri bu qədər eşidilməz olub? Dördüncü: “Daş yuxular”ı, məhz bədii əsər kimi, yüksək qiymətləndirən başqa bir möhtəşəm azərbaycanlı – ABŞ-nin Corc Meyson Universitetində çalışan professor-doktor Mikayıl Məmmədov. Amerikalı həmyerlimiz yazır: “Bu roman hər hansı ideologiyanın doğru, yaxud yalan olduğunu təsdiqləmək məqsədi daşımır. Əsər milli və tarixi mənsubiyyətindən asılı olmayaraq, insana və insanlığa məhəbbəti tərənnüm edir. Bu yerdə Əkrəm Əylisli əsl yazıçı olmağın aktual nümunəsini göstərir”. Çoxdan xaricdə yaşayan bu azərbaycanlı alimin Azərbaycanı, məsələn, xalq yazıçısı Çingiz Abdullayevdən az sevdiyini deməyə hər hansı bir əsas varmı? Öyünmək üçün yox, məlumat üçün deməliyəm ki, “Daş yuxular” Almaniyada, Finlandiyada, Latviyada, İtaliyada, ABŞ-də, Argentinada, Çexiyada, Slovakiyada, Rumıniyada, Gürcüstanda və Ermənistanda ayrıca kitab şəklində nəşr edilib və bütün bu ölkələrin nüfuzlu ədəbi orqanlarında, üstəlik İngiltərənin ən populyar dövrü ədəbi nəşrlərində də əsərin məhz bədii aspektləri barədə çox sayda məqalə və müsahibə dərc edilib. ABŞ-nin ən populyar ədəbi nəşrlərində “Daş yuxular” haqqında bəlkə 20-dən çox müəllifin yazısı çap olunub. Və bu müəlliflərin böyük əksəriyyəti siyasətə qarışan insanlar deyil, ABŞ-nin müxtəlif universitetlərinin sıravi müəllimləri, professorları, filoloq alimləridirlər. Məsələn, amerikalı professor, Rayan K. Streyder böyük həcmli məqaləsində yazır: “Mən öz dərs proqramıma Bulqakov, Zoşşenko, Soljenitsın və Markeslə yanaşı Əylislini də daxil etməyi planlaşdırıram”. Amerikalı professorun bu məqaləsi, 4-5 il əvvəl, bizdə – “Kontakt” saytında da dərc edilib. Maraqlananlar tapıb oxuya bilər. Bratislava Universitetinin Beynəlxalq əlaqələr fakültəsi əsəri 2014-cü ilin ən yaxşı bədii əsəri mükafatına layiq görüb. ABŞ-nin, Almaniyanın, İsveçrənin bir neçə təhsil müəssisəsində, Praqanın Havel adına Mərkəzi Kitabxanasında və dünyanın onlarla digər mədəniyyət ocaqlarında “Daş yuxular”ın publik müzakirələri keçirilib. ABŞ-nin populyar “World Literature Today” ədəbi nəşri “Daş yuxular”ı 2018-ci ilin beş ən yaxşı kitabından biri kimi qiymətləndirib. “Daş yuxular”ın beynəlxalq kitab müsabiqəsinə təqdim olunan alman nəşri həmin müsabiqədə öncül yerlərdən birini tutub. Hindistanlı yazıçı, publisist, esseist Kapil Kommireddi 2023-cü ildə oxuduğu ən maraqlı kitabların sırasında “Daş yuxular”ın da adını çəkir. İtaliyanın Milan şəhərindəki “Haqq yolçuları parkı”nda (rusca: “Парк Праведников”) mənim adıma da xatirə lövhəsi qoyulub və şərəfimə ağac əkilib. Bratislava Universitetinin filoloji fakültəsinin tələbəsi Patrisiya Patselitova “Daş yuxular” mövzusunda yazdığı dissertasiyaya görə magistr dərəcəsi alıb. Bu əsəri oxuyandan sonra Azərbaycan ədəbiyyatı ilə ciddi maraqlanmağa başlayan yaponiyalı tədqiqatçı-filoloq Yorika Tsutsumi mənim bütün yaradıcılığımı əhatə edən monoqrafiya yazmağı lazım bilib. Ədəbiyyatımız haqqında daha geniş məlumat toplamaq məqsədilə üç dəfə Bakıda olub, bir neçə tanınmış yazıçımızla görüşüb. Keçən ilin yayında Əylisə səfər eləyib, oradakı evimə baş çəkib. Az vaxtda dilimizi öyrənə bilib. İndi Tokiodan mənə Azərbaycan dilində tez-tez məktub yazır. Bunların hamısı faktdır. Bu faktların hər birini asanca yoxlamaq olar. Və mənim bu söhbəti salmaqda məqsədim əsərdən narazı qalanları fikrindən döndərmək deyil. Hər kəsin fikrinə hörmətim var. Ancaq hər kəs bilməlidir ki, mənim də öz fikrim ola bilər. Mənə görə, “Daş yuxular”a sırf siyasi yanaşma kökündən yanlışdır, qərəzlidir, pis vaxtın, qorxunc zamanın sifarişidir. Hər şeyə siyasi don geydirmək həvəskarlarının sayı indi hər vaxt olduğundan çox olsa da, “Daş yuxular”ın məhz bədii təfəkkürün məhsulu olduğunu danmaq faydasızdır. Heç olmasa ona görə ki, əsərin ən təsirli səhifələri baş qəhrəmanın psixoloji sarsıntılarına, onun kövrək xatirələrlə dolu uşaqlıq və ilk gənclik illərinə həsr olunub. Bu əsər mənəviyyatsızlığın həyat tərzi kimi qəbul edildiyi bir cəmiyyətdə mənəviyyatsız yaşaya bilməyən insanın tale faciəsidir. Axı insan təkcə hamının yaşadığı maddi dünyada yaşamır. Onun yalnız özünə məxsus, mənəvi dünyası da var. Bunu bilmədən, ya bilmək istəmədən əsərə və müəllifə qarşı hökm yürüdənlər, məncə, hamılıqla mənəvi yaddaşını itirmiş adamlardır. 6. Deyirlər, yazıçının hər əsəri onun bir övladıdır və ata üçün hər bir övlad eyni qədər əzizdir. Boş sözdür, çürük sözdür. Bekara yazıçıların sözüdür. Həqiqi yazıçı üçün əsər övlad deyil, HƏYATDIR! Mən belə həyatın arzusunda olmuşammı? Bilmirəm. Taledən yazıçı həyatı yaşamağa məhkum edilənlərin bəlkə də heç biri bunu bilmir. Çünki, əslinə qalsa, layiqincə görülən heç bir iş asan deyil. Yazıçının “yuxusuz gecələri” barədəki çeynənmiş deyimin də şəxsən mənə heç bir dəxli yoxdur. Mənə görə, yazıçı həyatının ən xoşbəxt vaxtları da elə məhz o yuxusuz gecələrdir. Yazdığım hekayə və povestlərin heç birini qüsursuz hesab eləmirəm. Məndən ötrü onların bəzisi çox qüsurlu, bəzisi az qüsurludur. Ancaq ən qüsurlu saydığım yazılarımın da elə yerləri var ki, o yerləri həmişə ləzzətlə oxuya bilirəm. Sözün hərfi mənasında: bəzən gülə-gülə, bəzən ağlaya-ağlaya. Yazdığım əsərlərin hər birində özümdən mütləq nəsə var. Bəzi əsərləriminsə baş qəhrəmanı xalis özüməm. Mən bəlkə də yazıçılığı buraxıb gedərdim. Bu yerdə Moskva dadıma çatıb. İlk kitabım “Gilas ağacı” Qlavlitdə il yarım yatıb qalıb. O kitabdakı hekayələrdən birinin Moskvada çap edildiyi məlum olandan sonra kitabın nəşrinə dərhal icazə verildi. Eyni senzura süründürməçiliyi “Adamlar və ağaclar”ın da başına gəlib. Əsərin birinci hissəsi Moskvanın “Molodaya qvardiya” nəşriyyatında çap edildikdən sonra onun Bakıda da nəşr edilməsi mümkün olub. Birinci kitabıma pəl vuran senzorun mənə o vaxt dedikləri hələ də olduğu kimi yadımdadır: “Bu nə dildi, sən yazırsan. Bu dildə mən də yazaram…” Deməli, mənim yazılarımın dili, hələ ilk kitabımda, o vaxtın kitab dilindən fərqlənirmiş. Yazdıqlarımın heç birini köhnəlmiş hesab eləmirəm. Çünki onların hər birində insan taleyi var. Talelərin uğurlusu da, uğursuzu da olur. Ancaq təzəsi-köhnəsi olmur. Əylisdən olmasaydım, yazıçı ola bilərdimmi? Bəlkə – hə, bəlkə – yox. Ancaq bunu dönə-dönə demişəm ki, Əylis mənim üçün coğrafi məkan deyil. O mənim ruhi varlığımın şərti məkanı, ürəyimin paytaxtıdır. Onun dağ-daşını Allah yaratmışdı, sözünü yaratmaq mənə qismət oldu. 7. Yazımın əvvəlinə qayıdıram: DUZ və SUP əhvalatına. Haçansa, hardasa oxumuşdum ki, qocalığında Lev Tolstoy yaddaşla çox əlləşirmiş. Huşsuzluğun qarşısını almaq üçün cürbəcür vasitələrə əl atırmış. Məsələn, gecələr yatmazdan əvvəl bir neçə əlaqəsiz söz əzbərləyib, səhər yuxudan duranda o sözləri yadına salmağa çalışırmış. Duz sözünün qəfil qeyb olduğu o gün Tolstoyun bu metodunu mən də sınaqdan çıxarmağı qərara aldım. Gecə yatağa uzananda biri-birinə dəxli olmayan beş söz seçib, o sözləri, yuxuya gedənəcən, dönə-dönə təkrarladım. Səhər yuxudan ayılanda o beş sözdən cəmi bircəsini yadıma sala bildim: ÇİNAR. O çinarı mən əkməmişdim. Ancaq onu əkənə hamıdan çox mən rəhmət vermişdim. O, çinar deyildi, təbiətin möcüzəsiydi: bir kökdən boy verib baş qaldırmış, xatirələrimlə dolu, altı budaqlı nəhəng ağac. Mən o evi – Aşağı və Yuxarı – iki Əylisin ortasında o çinarın xatirinə tikmişdim. Məndən Əylisə o evdən və çinardan savayı başqa nə qaldı görəsən? Bilmirəm. Ancaq bilirəm ki, Əylis məni, dünya durduqca, heç vaxt unutmayacaq. Orada axan sular, açan çiçəklər, uçan quşlar məni mütləq Əylisin yadına salacaq. Hələ dörd beş yaşım olanda Əylisə, hər payız, hardansa bir aləm quş qələrdi. Adına “qırğı” dediyimiz o quşlar, gündüzlər dağda-daşda gizlənərdilər. Axşamçağı göy üzündə qatar-qatar uçuşub, uşaq kimi oynaşardılar. Gecənisə səhərəcən o çinarın başında gecələyərdilər. İndi, Əylisdən uzaqda, o çinarı hər dəfə gözümün qabağına gətirəndə o quşlar həmişə yadıma düşür. Mən onların gündüzlər harda yaşadığını bilmirdim. Dünyanın bircə qırğısının da haçansa yerə qonduğunu heç vaxt görməmişdim. Mən onları eləcə – dəstə ilə həmişə göy üzündə uçan, oynayan görmüşdüm. Gecəni çinarın başında gecələyən o quşlar ildə bir dəfə Əylisə bəlkə doğrudan da uçmağa, oynamağa gəlirdilər: ilin ən yaxşı çağında, göyün ən təmiz vaxtında… Soyuqlar düşənə yaxın qırğılar uçub gedirdi və onlar gedəndən sonra da göy üzü, həmişə axşamtərəfi – eləcə dumduru – uzun müddət boş qalırdı. Və o quşlar olmayanda mənə elə gəlirdi ki, o çinar onlar üçün həmişə yaman darıxır. Əlvida, ÇİNAR, salamat qal. Hərdən mənimçün də darıx. Noyabr, 2024 Geri qayıt |