Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb
Meydan TV ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb6-12-2024, 22:30. |
“Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), əməkdaşları Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və müstəqil jurnalist Ramin Dekonun Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldığı bildirilir. Civilazerbaijan.com bildirir ki, bu barədə saytın redaktoru Orxan Məmməd məlumat yayıb. “Jurnalistlərin müstəntiqləri ilə əlaqə saxladıq, artıq dindirmə aparılır. Jurnalistlərin evlərində axtarış aparılıb. Jurnalist Aysel Umudova ilə də əlaqə kəsilib”, deyə o, qeyd edib. “Meydan TV”-dən verilən məlumata görə, Aynur Elgünəş və Natiq Cavadlının vəkilləri Elçin Sadıqov, həmçinin Zibeydə Sadıqovanı onların müdafiəsinə buraxmırlar. Aynur Elgünəşin qohumlarının məlumatına görə, onun yaşadığı mənzildə axtarış aparılıb. “Mənzilin açarları Aynurda idi. Biz mənzilə daxil olanda orada hər şeyi dağıdılmış vəziyyətdə gördük. Çox yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Amma mənzilin daxilində hər şey dağınıq vəziyyətdədir. Nə götürdükləri barədə bir söz deyə bilmərik”, jurnalıstin qohumlarından biri Amerikanın Səsinə deyib. Müstəqil jurnalist Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanıldığı bildirilir. Bu barədə Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinindən jurnalist barəsində əlavə araşdırmalar aparıldığını, bir neçə şəxsin araşdırma çərçivəsində saxlanıldığı bildirilib. “Meydan TV” sosial media hesablarında baş verənlərlə bağlı bəyanat yayaraq, jurnalistlərin saxlanılması və dindirilməsinin qeyri-qanuni olduğunu bildirib: “Məlum olduğu kimi 6 Dekabr Cümə günü saat 13:00 radələrində Meydan TV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqəmiz kəsilib. Axtarışlarımız nəticəsində məlum olub ki, həmin şəxslər Bakı Şəhər Baş Polis idarəsində saxlanılırlar. Aynur Qənbərova (Elgünəş) Aytac Əhmədova (Tapdıq) Xəyalə Ağayeva Natiq Cavadlı Aysel Umudova Ramin Cəbrayılzadə (müstəqil jurnalist) Yuxarıda adları qeyd olunan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb. Onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda da qeyd edilib ki, jurnalist Ramin Cəbrayılzadə (Deko) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb. Bundan əlavə bir neçə şəxs də araşdırma çərçivəsində saxlanılıb. Qeyd edək ki, Ramin Deko müstəqil jurnalist olaraq reportyor kimi fəaliyyət göstərir. Meydan TV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün bu ittihamları rədd edirik. Fəaliyyətə başladığımız gündən, jurnalistlərimiz həbs edilib, özləri və ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub. Bizimlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qanunsuz şəkildə qadağa qoyulub. Saytımız 2017-ci ildən etibarən ölkə sərhədləri daxilində rəsmi olaraq qadağan edilib. Kanalın sosial media hesabları dəfələrlə kiberhücuma məruz qalıb və məlumat, materiallar silinib. Meydan TV yarandığı gündən bu yana ölkədə baş verən hadisələri, vətəndaşların problemlərini, onların şikayət və müraciətlərini düzgün şəkildə ictimailəşdirməyə çalışır. Məqsəd də ölkədə müstəqil və alternativ media qurumu formalaşdırmaq və insanları məlumatlandırmaqdır. Yarandığımız gündən bəri bizə edilən təzyiq və ittihamlar əsassızdır və bir daha qeyd edirik ki, biz jurnalistika fəaliyyətimizə davam edəcəyik”. “Meydan TV” 2013-cü ildə yaradılıb və Azərbaycanda baş verən hadisələri tərəfsiz, obyektiv yayan media qurumu olduğunu bəyan edir. Media müstəqil fəaliyyət göstərdiyi müddətdə zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib. 2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Abbasov 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub. 2017-ci ildə ölkə ərazisində “Meydan TV”nin saytına blok qoyulub. Kanalın sosial şəbəkələrdəki hesabı dəfələrlə hak olunub, materialları silinib. 2021-ci ildə OCCRP-nin yaydığı araşdırma zamanı məlum oldu ki, hökumət İsrailin NSO şirkətinin köməyi ilə kanalla əməkdaşlıq edən şəxslərin telefon nömrələrini dinləyib. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər. Azərbaycan Prezidenti İlham Əliyev tez-tez öz çıxışlarında ölkədə azad mətbuatun, həmçinin insanların internetə azad çıxışının olduğunu qeyd edir. Geri qayıt |