Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir - ANAR MƏMMƏDLİ
İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir - ANAR MƏMMƏDLİ10-12-2024, 16:24. |
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qanunsuz olaraq saxlanıldığı Bakı İstintaq Təcridxanasından Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində insan hüquqları müdafiəçilərinin, müstəqil media nümayəndələrinin və siyasi fəalların həbs edilməsinə münasibət bildirib. Civilazerbaijan.com bildirir ki, Anar Məmmədli bəyan edib ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününün 75-ci ildönümü Azərbaycanda növbəti dəfə insan hüquqlarının müdafiəsində böhranla müşayiət olunur. "Əfsuslar olsun ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününün 75-ci ildönümü ölkəmizdə növbəti dəfə İnsan Hüquqlarının müdafiəsində böhranla müşayiət olunur. Mövcud böhranın əsas göstəriciləri sırasında yüzlərlə vətəndaşımızın tənqidi fikirlərinə görə siyasi repressiyaya məruz qalması, dövlətin ifadə azadlığına barışmaz münasibəti, məhkəmə-hüquq sisteminin ədalətsizliyi, vətəndaşların ləyaqətli və firavan həyat arzusu ilə ölkədən kütləvi şəkildə köçməsi halları yer alır. Belə acınacaqlı vəziyyətdə yeganə təsəllimiz insan hüquqlarını təbliğ və müdafiə edənlər arasında siyasi təkamül yolu ilə ölkəmizin dəyişəcəyinə inamın sarsılmamasıdır. Özünün haqları ilə yanaşı, başqalarının da hüquqlarını müdafiə edən vətəndaşlarımızın sayı tükənməyincə, ölkəmizdə insan hüquqları uğrunda mübarizə başa çatmayıb. Bu mübarizədə məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir. İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir. Bu prosesə töhvə verən hər kəsə uğurlar arzulayıram!" Qeyd edək ki, Anar Məmmədli 2024-cü il aprelin 29-da Bakıda saxlanılıb. Onun və atasının evində axtarış aparılıb. Ardınca ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçisi qaçaqmalçılıq ittihamını qəbul etmir. O bildirib ki, seçkilərin monitorinqi, insan hüquqlarının müdafiəsilə bağlı fəaliyyətinə görə cəzalandırılıb. Anar Məmmədli bundan əvvəl də 2014-cü ildə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. O, 2 il 4 ay həbsdə saxlandıqdan sonra – 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Anar Məmmədli həbsdə olduğu dövrdə Vatslav Havel mükafatına layiq görülüb. Geri qayıt |