Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Zelenski Rusiya qazının Azərbaycan brendi kimi tranzit edilməsinə qarşı çıxdı

Zelenski Rusiya qazının Azərbaycan brendi kimi tranzit edilməsinə qarşı çıxdı


20-12-2024, 19:28.
title}


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qazının Azərbaycan brendi altında tranzit edilməsinə imkan verməyəcəklərini deyib.

Civilazerbaijan.com
bildirir ki, Zelenski dekabrın 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə görüşündən sonra deyib ki, Ukrayna bu ilin sonundan sonra Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək.

Onun sözlərinə görə, qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılması riskinin qarşısını almaq üçün “Rusiyadan gələn” istənilən qaz axınına şamil ediləcək.

“Biz Rusiya qazının tranzitini uzatmaq fikrində deyilik. Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik. Dünyada Rusiyadan ucuz nəsə ala bilən istənilən ölkə sonda, bir ay, bir il fərq etməz – ondan asılı vəziyyətə düşəcək. Bu, onların siyasətidir”, – Zelenski jurnalistlərə bildirib.

“Euronews” yazır ki, bu, çox güman, Rusiya boru kəmərindən ciddi şəkildə asılı qalan və dənizə çıxışı olmayan Slovakiyanın Baş naziri Robert Fiko tərəfindən pis qarşılanacaq.

Slovakiya hər il Rusiyanın qaz inhisarı olan “Qazprom”dan üç milyard kubmetr qaz idxal edir ki, bu da onun daxili tələbatının böyük hissəsini ödəyir.

Ukrayna ilə “Qazprom” arasında Kiyevin müntəzəm gəlir əldə etdiyi əsas tranzit müqaviləsinin müddəti bu ilin sonunda bitir. Saziş Rusiyanın Aİ-yə boru kəməri qaz ixracının yarısını təşkil edir.

Genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya boru kəməri qazının bloka ixracı kəskin şəkildə azalsa da, bəzi tədarüklər heç bir məhdudiyyət olmadan, sanksiyalardan azad olaraq axmağa davam edir.

Tranzitin başa çatması yaxınlaşdıqca, Slovakiya ölkənin enerji axınının pozulmaması üçün diplomatik səyləri gücləndirib.

Alternativ olaraq, Bratislava Qafqazda kiçik bir ölkə olan və Avropa üçün Rusiya qazını əvəz etmək üçün əlverişli variant kimi mövqe tutan Azərbaycana müraciət edə bilər.

Azərbaycanla sövdələşmələr ölkədə insan haqları vəziyyətinin zəif olması səbəbindən mübahisəlidir.

Sxemə görə, Rusiya Ukraynaya qazı “Azərbaycan qazı” adı ilə verəcək. Azərbaycan isə eyni infrastrukturdan istifadə edərək Rusiyadan “Rusiya qazı” adı ilə qaz alacaq.

Zelenski isə dekabrın 19-da açıq şəkildə bildirib ki, belə bir aldadıcı əməliyyata dözməyəcək, Kremlin hələ də pul qazanacağını və nəticədə onun bahalı və qəddar işğalını maliyyələşdirmək üçün əsas gəlir mənbəyini saxlayacağını iddia edib.

O, Azərbaycanın adını çəkməsə də, sualı verən “Financial Times” jurnalisti qeyd edib.

“Biz elə bir oyun oynamaq istəmirik ki, başqa ölkə Rusiyadan qaz alıb, sonra da onu tranzit etsin. Bu, bu müharibədən qazanc əldə etməyə davam edərək Rusiyaya pul göndərməklə eynidir”, – Zekenski cavabında bildirib.

Ukrayna lideri qadağaya bir istisna təklif edib:

“Avropalı alıcı müharibənin sonuna qədər Rusiyaya pul ödəməməyə razılaşarsa, Ukrayna Rusiya qazının tranzitinə icazə verəcək. Lakin bu, çox güman ki, müqavilənin pozulmasına və “Qazprom” tərəfindən tədarükün dayandırılmasına gətirib çıxaracaq”.

Slovakiyanın əsas qaz alıcısı “SPP” xəbərdarlıq edib ki, Şərqdən tədarükün itirilməsi əlavə 150 milyon avroya başa gələcək.

Zelenskinin fikrincə, Ukrayna Rusiya qazının tranzitinin dayandırılması səbəbindən də itirə bilər.

“Düzünü desəm, müharibə zamanı pul haqqında danışmaq bir az utancvericidir, çünki biz insanları itiririk”, – Zelenski deyib.

Bu xəbərin Kiyev və Bratislava arasında münasibətləri daha da çətinləşdirəcəyi gözlənilir.

Slovak populistinin ötən ilin oktyabrında hakimiyyətə qayıtmasından sonra Zelenski ilə Fiko arasında gərgin münasibətlər yaranıb. Fiko tədricən Macarıstandan Viktor Orbana qoşularaq Ukraynaya hərbi dəstəyə dərin şübhə ilə yanaşıb.

“Ukrayna NATO-ya dəvət edilməyəcək. Ərazisinin üçdə birini itirəcək. Orada xarici hərbi qüvvələr olacaq”, – Slovakiyanın baş naziri Robert Fiko Brüsseldəki sammitdən bir gün əvvəl bildirib.

Slovakiya Ukrayna və “Qazprom” arasında tranzit razılaşması bitənə qədər həll yolu tapmaq üçün həm Ukrayna hökuməti, həm də Rusiya qazından tamamilə imtinanın tərəfdarı olan Avropa Komissiyası ilə əlaqə saxlayır.

“Biz 2025-ci ildə qaz tədarükü ilə bağlı beynəlxalq səviyyədə çox gərgin danışıqlar aparırıq. Ukrayna tərəfinin siyasi bəyanatları, Şərqdən Qərbə tədarükün dayandırılması ilə bağlı təzyiqlər, tranzit rüsumları da daxil olmaqla xeyli baha olan qaz tədarükü ilə bağlı təkliflər kimi bir çox maneələr var ki, biz onları rədd edirik. Geosiyasi səbəblərə görə qaza tələb olunandan artıq pul ödəməyə səbəb görmürük”, – Slovakiyanın Baş naziri ötən həftə bildirib.

“Euronews” yazır ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması Avstriya və Macarıstana da təsir edə bilər.

Bu ayın əvvəlində Avstriyanın “OMV” kommunal şirkəti Rusiya təchizatını kəsdikdən sonra “Qazprom”la uzunmüddətli müqaviləni ləğv edib, kansler Karl Nehammer bunu “şantaj” hesab edib, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt