Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Amerikalı professor Qubad İbadoğlunu Nobel Sülh Mükafatına nominasiya edib

Amerikalı professor Qubad İbadoğlunu Nobel Sülh Mükafatına nominasiya edib


Dünən, 13:33.
title}


ABŞ-ın Rutgers Universitetinin tarixçi professoru, Avropa tədqiatları mərkəzinin direktoru Belinda Davis keçmiş iş yoldaşı, hazırda Bakıda ev dustaqlığında olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi doktor Qubad İbadoğlunun Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb. Norveç Nobel Komitəsinin professora cavab məktubunda bildirilir ki, Dr. İbadoğlunun 2025-ci il Nobel Sülh Mükafatına nominasiyası müvəffəqiyyətlə təqdim edilib və onun namizədliyi qeydiyyata alınıb.

Civilazerbaijan.com
bildirir ki, Qubad İbadoğlu Nobel Sülh Mükafatına nominasiyası irəli sürülən ilk azərbaycanlı sayılır.

"Tanınmış iqtisadçı, akademik və insan hüquqları müdafiəçisi Dr. İbadoğlu öz həyatını ədalətə, şəffaflığa və vətəni Azərbaycanda və onun hüdudlarından kənarda hüququ pozulanların müdafiəsinə həsr edib," Rutgers Universitetinin professoru Belinda Davis açıqlamasında bildirib. "Karyerası boyu o, ardıcıl olaraq sadə vətəndaşların rifahını üstün tutaraq onların həyatlarını yaxşılaşdırmaq üçün korrupsiya və zülmə qarşı sistemli islahatların aparılmasını müdafiə edib."

Davisin sözlərinə görə, azərbaycanlı alim korrupsiya və ölkənin zəngin təbii sərvətlərinin düzgün idarə edilməməsi ilə davam etdirilən sosial bərabərsizliklərin birbaşa şahidi olub.

"Doktor İbadoğlu Azərbaycanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirlərin “siyasi elita” tərəfindən ədalətsiz bölgüsünə və mənimsənilməsinə qarşı çıxaraq, neft və qaz gəlirlərinin öz xalqına fayda gətirməsi üçün yorulmadan çalışıb,” o, qeyd edib.

Dr. İbadoğlunun Azərbaycanda üzləşdiyi siyasi təqiblər insan haqları təşkilatları və beynəlxalq liderlər tərəfindən qlobal qınağa səbəb olub.

Bu günlərdə İndoneziyanın paytaxtı Cakartada keçirilən beynəlxalq konfransda azərbaycanlı iqtisad elmləri doktoru Qubad İbadoğluya qarşı ittihamların və səyahət qadağasının ləğv edilməsinə çağırılıb.

Fevralın 18-də “Ödədiyini açıqla” (PWYP – Publish What You Pay) beynəlxalq vətəndaş cəmiyyəti koalisiyasının ümumi yığıncağının açılış mərasimində İbadoğluya kürsüdə simvolik olaraq boş stul ayrılıb.


Qubad İbadoğlu 2023-cü ilin iyulunda saxta pul və dini ekstremist materiallar hazırlamaqda və satmaqda ittiham edilərək həbs edilib.

Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım almasına şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.

Təcridxanada səhhətinin pisləşməsi və çoxsaylı beynəlxalq çağırışlardan sonra İbadoğlu ötən ilin aprel ayında ev dustaqlığına buraxılıb. Daha sonra isə barəsindəki ev dustaqlığı polis nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəz edilib.

İttihamları qəbul etməyən və siyasi sifarişli hesab edən Qubad İbadoğlu ona qarşı təzyiqlərin və hüquq pozuntularının davam etdirildiyini vurğulayır, Amerikanın Səsinin məlumatında qeyd edilir.
Geri qayıt