Əsas Səhifə > Azərbaycan > Bakıda “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans təşkil edilib

Bakıda “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans təşkil edilib


12-04-2017, 11:21.
title}
Bakıda “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans təşkil edilib


Aprelin 12-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarixboyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları nadir dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.

Şeyxülislam deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan A.Paşazadə deyib: “Bu, Azərbaycanın beynəlxalq nüfuzu üçün zəfərdir. Müqəddəs dinimizin sülhsevər mahiyyətinin dünya miqyasında təbliği istiqamətində əməli səylər göstərən dövlət başçının “İslam Həmrəyliyi İli” ideyası yalnız İslam dünyası daxilində deyil, İslam aləmi ilə digər dinlər arasında həmrəyliyin harmoniyasını ehtiva edir. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi də bu məramın təzahürüdür. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət yaratmaq mümkündür. Azərbaycan bu gün dünyaya uğurlu ideyalarını təqdim etmək qüdrəti olan dövlətə çevrilib”.

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan Prezidentinin sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, sülhü istəyən xalqımız ədaləti bərpa etməyə qadirdir: “Bu günlərdə ildönümünü qeyd etdiyimiz aprel zəfəri bunun bariz nümunəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ali Baş Komandanın əmrinə müntəzir Azərbaycan Ordusu bayrağımızı işğal altında olan bütün torpaqlarımızda ucaldacaq, inşallah. Dədə-baba torpaqlarımıza qovuşub oradakı dini-mənəvi məkanlarımızı bərpa edəcəyik. Dövlətimizin başçısının dəstəyi ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”.

Konfransda müvafiq mövzuda məruzələr dinlənilir.
Geri qayıt