Əsas Səhifə > Azərbaycan > Robert Sekuta: ABŞ Azərbaycanın güclü, stabil, müstəqil ölkə olmasında maraqlıdır
Robert Sekuta: ABŞ Azərbaycanın güclü, stabil, müstəqil ölkə olmasında maraqlıdır12-04-2017, 12:06. |
Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müxtəlif istiqamətlər üzrə birgə çalışır. SİVİL.AZ xəbər verir ki, bunu iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta deyib. Səfir qeyd edib ki, ABŞ Azərbaycanın güclü, stabil, müstəqil, çiçəklənən və demokratik ölkə olmasında maraqlıdır: “Biz bu məqsədə nail olmaq üçün önəminə görə bərabər 3 sahədə çalışırıq: təhlükəsizlik, iqtisadiyyat və energetika, eləcə də demokratiya və insan hüquqları sahəsində. Bütün bu sahələr bir-biri ilə əlaqəlidir və fikrimcə Azərbaycanın olmaq istədiyi ölkəyə çevrilməsi üçün çox vacibdir”. Səfir qeyd edib ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə biləcəyi bir çox məqamlar var. Amma onlar arasında iki sahə var ki, burada əməkdaşlıq təkcə hər iki ölkə üçün yox, həm də region üçün böyük strateji əhəmiyyət daşıyır. Bu, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizədir: “Azərbaycan əhəmiyyətli enerji resurslarına malik ölkədir və Avropanın enerji təhlükəsizliyində, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasının təmin olunmasında vacib rol oynayıb, oynayır və fikrimcə oynamaqda davam edəcək. Bu, Avropa ölkələrinə xarici təzyiqlərə qarşı daha yaxşı müqavimət göstərməyə imkan verir. Azərbaycanın vacib rolu məhz bundadır”. Səfir qeyd edib ki, Azərbaycan həmçinin terrorçuluqla və ekstremizmlə mübarizədə vacib rol oynayır. O xatırladıb ki, ABŞ və Azərbaycan Əfqanıstanda NATO missiyası tərkibində əməkdaşlıq edib, indi də etməkdədir və Azərbaycan qərblə Əfqanıstan arasında tranzit marşrutunun vacib hissəsidir. R. Sekutanın sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər var: “Azərbaycanın coğrafi mövqeyi böyük əhəmiyyət kəsb edir və Azərbaycanın şərq-qərb, şimal-cənub dəhlizi qismində rolu artmaqda davam edəcək. Mən bunun əhəmiyyətini Şərqi Asiya və Avropa, eləcə də Cənubi Asiya ilə Avropa arasında ticarət baxımından nəzərdən keçirirəm”. Səfirin sözlərinə görə, ABŞ və Azərbaycan arasında iqtisadi əməkdaşlıq, Azərbaycanda yeni iqtisadi fəaliyyət və yeni müəssisələr üçün potensial mövcuddur: “Biz bunu iqtisadiyyatın inkişafı, diversifikasiyası və regionda mövqeyinin gücləndirilməsi üzrə Azərbaycanın müsbət səyləri kimi nəzərdən keçiririk”. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə əməkdaşlıq R. Sekuta deyib ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı oynaya biləcəyi müsbət rola görə “Cənub Qaz Dəhlizi”ni güclü şəkildə dəstəkləyir. Bu layihənin Amerikanın hər hansı bir maliyyə təşkilatı tərəfindən maliyyələşdirilməsi ehtimalı barədə suala cavab verən səfir qeyd edib ki, bu cür qərarlar kommersiya xarakteri daşıyır və banklar tərəfindən qəbul olunur. Bununla belə, ABŞ Azərbaycanla qarşılıqlı əməkdaşlıq çərçivəsində bu məsələ üzərində işlədiyini bildirib. Səfirin sözlərinə görə, bu vəziyyətdə ABŞ-ın edə biləcəyi iş Azərbaycana daha rəqabət qabiliyyətli olmaqda yardım etmək və iqtisadi baxımdan bu sahədə daha geniş işləməkdir. “Dünyada maliyyə vaəsiti əldə etmək və beynəlxalq maliyyə təşkilatlarının diqqətini cəlb etmək üçün böyük rəqabət mövcuddur. Ona görə biz Azərbaycanla birgə çalışırıq ki, bu ölkənin daha cəlbedici işgüzar tərəfdaş olması üçün şərait yaradaq”. R. Sekuta qeyd edib ki, bu şərtlərə korrupsiya ilə mübarizə, şəffaflığın artırılması və qanunun aliliyi daxildir: “Banklar bu sahələrə önəm verir və biz Azərbaycanla bu məsələlər üzrə işləmək istəyirik. Biz Azərbaycanla işləyirik ki, onu beynəlxalq maliyyə təşkilatları ilə fəaliyyətlər baxımından daha cəlbedici edək”. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması R. Sekutanın sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sülh danışıqları çox vacibdir: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Tərəflərin bir araya gələrək münaqişənin dinc yolla həll edilməsi istiqamətində işləmələri vacibdir. Bu münaqişə artıq həddən çox uzanıb”. O qeyd edib ki, tərəflərə münaqişənin həll yolunun tapılmasına kömək etmək üçün ABŞ ATƏT-in Minsk qrupu vasitəsilə çox fəal şəkildə çalışır: “Biz tərəflərə irəliləyiş əldə etməkdə kömək etməliyik”. ABŞ-ın ATƏT Minsk qrupundakı yeni həmsədri Riçard Hoqland haqqında danışan səfir deyib ki, o, ABŞ Dövlət Departamentində zəngin iş təcrübəsinə malikdir, bu regionu yaxşı tanıyır və əvvəl də bu regionla çalışıb. Səfir xatırladıb ki, R. Hoqland Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə tanış olmaq, insanlarla ünsiyyət yaratmaq, münaqişə tərəflərinə həll yollarının tapılmasında yardım etmək üçün fransalı və rusiyalı həmkarları ilə əməkdaşlığa başlayıb: “R.Hoqland çox enerjili və çox güclü bir insandır və fikrimcə o, bu prosesin irəli aparılmasına həqiqətən də kömək edəcək”. Ermənistanın Azərbaycan sərhədi və qoşunların təmas xətti boyunca sıx-sıx təxribat törətməsi barədə sualı cavablandıran səfir bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur: “Zorakılıq heç kimə kömək etmir. Tərəflərin dinc həll yollarını tapması regiondakı bütün insanlar üçün vacibdir”. R. Sekuta qeyd edib ki, o, ölkə daxilində səfər edərkən məcburi köçkünlərlə görüşür və münaqişənin insanlara nə cür təsir etdiyini görür. Səfirin sözlərinə görə, qoşunların təmas xəttinin qarşı tərəfindəki həmkarları da eyni şeyi görür: “Biz mümkün olan hər şeyi etməliyik ki, tərəflərə irəliləməkdə və həll yolunu tapmaqda kömək edək”. O vurğulayıb ki, irəliləmək üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir, vasitəçilər isə bu prosesdə onlara kömək edə bilər. Azərbaycanda multikulturalizm R. Sekuta bildirib ki, Azərbaycan müxtəlif dini konfessiyaların nümayəndələrinin birgə yaşayışına yaxşı nümunədir: “Düşünürəm ki, amerikalıların Azərbaycan haqqında bilməli olduğu məsələlərdən biri də ölkənizdə dini dözümlülük ənənəsidir”. Onun sözlərinə görə, amerikalıların Azərbaycan barədə bilməli olduqları bir məqam da dini tolerantlıqla yanaşı digər dinlərdən olanları qəbul etməkdir. O, əlavə edib ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvi dövlət kimi tolerantlığa və müxtəlif insanların dinc birgə yaşayışına yaxşı nümunədir. “Digər ölkələr bu nümunədən insanların terrorizm və ekstremizmə yönəlməsinin qarşısını almaq üçün istifadə edə bilərlər”. Səfir ötən ilin sentyabrında ABŞ-a köçən azərbaycanlının Bakıdakı sinaqoqa Tövrat hədiyyə etdiyini misal çəkib. Bu mərasimdə iştirak etmək üçün Azərbaycana Bruklindən nümayəndə heyəti gəlmişdi:“Onlar müsəlman ölkəsində Tövratın təqdimatını görərək bundan həqiqətən də təsirlənmişdilər. Bu, bir çox amerikalıları heyrətləndirdi. Bu, dünyanın bütün ölkələri üçün nümunədir”. R.Sekuta ABŞ-ın “Sülh Korpusu”nun vaxtilə Azərbaycandakı fəaliyyətindən, bu təşkilatın Azərbaycanda yerli sakinlərə ingilis dilini öyrədən, icma inkişafına kömək edən 500 könüllüsünün çalışmasından danışıb. Diplomat bu könüllüləri Azərbaycanın ABŞ-da ən yaxşı elçiləri adlandırıb: “Mən mart ayında Vaşinqtonda olanda bir qrupla (“Sülh Korpusu”nun könüllüləri – red.) görüşdüm. Onlar Azərbaycandakı hadisələri izləməyə davam edir, ölkə ilə maraqlanır, öz dostlarına və ailələrinə Azərbaycan haqqında danışırlar və toylarda iştirak etmək üçün Azərbaycana gəlirlər. Bu həqiqətən də münasibətlərin qurulmasına şərait yaradır”. Səfir vurğulayıb ki, insanlar arasında belə münasibətlər ölkələr arasında davamlı əlaqələrin qurulması üçün həqiqətən vacibdir: “Elə şeylər var ki, amerikalılar Azərbaycan haqqında öyrənə və Azərbaycan onları öyrədə bilər”. R. Sekuta deyib ki, Azərbaycan maraqlı turizm istiqamətlərindən biridir və o, ölkənin müxtəlif yerlərinə tez-tez səyahət edir. “Azərbaycanın bölgələrinə getmək, dağları, təbiəti, ölkənin müxtəlifliyini görmək xoşuma gəlir. Tarixi yerlərə baxmaq, təbiəti seyr etmək, fermalara baş çəkmək, müxtəlif yeməklərdən dadmaq maraqlıdır”. Səfirin sözlərinə görə, Bakıda işlədiyi iki il ərzində hər Milad bayramında onun ailəsi Azərbaycana gəlir. O bildirib ki, bura onların çox xoşuna gəlir. Ötən Milad bayramında isə onun kiçik oğlu hətta öz universitet yoldaşlarını da Azərbaycana gətirmişdi. Geri qayıt |