Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Aynur Elgünəş - Şəmşad Ağanın doğum gününə

Aynur Elgünəş - Şəmşad Ağanın doğum gününə


1-09-2025, 17:49.
title}


1 sentyabr hal-hazırda həbsdə olan Arqument.az saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) doğum günüdür. Qeyd edək ki, Şəmşad Aöa 6 fevral 2025-ci il tarixdə həbs edilib. O, qaçaqmalçılıqda günahlandırılır. Şəmşad Ağa itihamı qəbul etmir, həbsini peşə fəaliyyəti ilə əlaqələndirir. Eyni ittihamlarla həbs olunan jurnalist Aynur Elgünəş Şəmmad Ağanın ad günü ilə bağlı yazı yazıb.

Civilazerbaijan.com
Meydan TV-yə istinadla həmin yazını təqdim edir:

Aynur Elgünəş
Şəmşad Ağanın doğum gününə


Bizim nəslin adamları üçün 1 sentyabr əlamətdar gündür. O tarixdə hər zaman məktəb illəri xatırlanır. Artıq neçə ildir ki, bu təqvim mənim üçün başqa cür əlamətdardır. Canım dostum Şəmşad Ağanın doğum günüdür.

Onunla tanışlığım 2008-ci ilə təsadüf edir. “Gündəlik Azərbaycan” yeni qapadılmışdı, baş redaktorumuz həbsdə idi. Hər gün bir yerə toplaşır, aksiya keçirir, yaxud da bəyanat yazırdıq. Belə görüşlərimizə siyasilər də qatılır, bizə dəstək verirdilər. Yadımdadır, Atatürk parkındakı kafeyə toplaşmışdıq, Elman Fəttah özü ilə Şəmşadı da gətirmişdi. İlk dəfə gördüyüm bu eynəkli oğlan söhbətə elə girişmişdi ki, elə bil illərdir birlikdəyik. Sonralar bu tanışlıq yoldaşlığa çevrildi. “Toplum TV”-də kəsişən yollarımız isə bizi dosta çevirdi. AŞK (Aynur, Şəmşad, Kamran) adlı qrup da yaratmışdıq. Heç bilmirəm nə vaxt həyatımın mərkəzində yer tutdu, ən yaxın dostlarımdan birinə çevrildi. Nəhayət mənə görə həbslə cəzalandırılan dostlarımdan biri oldu.

Hakimiyyət baxıb gördü yeganə qazancım dostlarımdır, məni onlarla vurdu.

Bilmirəm, bu bir sınaqdır, ya cəza, hər bir halda üzüağ çıxacağıq. Yenidən birlikdə deyib-güləcək, ölkədə, dünyada müzakirəsini apardığımız mövzu qoymayacağıq. Önəmli olan can sağlığıdır, təki məhkum olduğu dəmir barmaqlıqlar səhhətinə zərər verməsin. Yeganə narahatlığım bundandır, qalan hər şey yolunu tapacaq.

İllər öncə ad günümdə mənə “Səni Azərbaycan qədər sevirəm” demişdi. Həbs olunarkən isə “Aynura görə güllələnməyə də gedərəm” söylədi. Hər zaman dostluğunu göstərdi, sədaqətini hiss etdirdi. Təəssüf ki, mən onun üçün bədəl ödəyə bilmədim… Ancaq bilir, dediyi hər kəliməsinin məndə qarşılığı var.

Şəmşadın həbsxanadan mənə yazdığı bu sətrlərlə qarşılıq verirəm ona:

Bir zalım

Hökmdarın məmləkətində

Pəncərəmə qonan quşlar

“Moabit şeirləri” oxuyur

hər səhər…

Mənsə səni düşünəcəyəm

günəşə gülümsəyərək…


Ömrün uzun, yolun açıq olsun dostum. Doğum günün mübarək!

Kürdəxanı 01.09.2025
Geri qayıt