Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > FSB Azərbaycan vətəndaşını terror aktı hazırlamaq ittihamı ilə HƏBS EDİB

FSB Azərbaycan vətəndaşını terror aktı hazırlamaq ittihamı ilə HƏBS EDİB


Dünən, 22:03.
title}


Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Azərbaycan vətəndaşını Yessentuki və Stavropolda terror aktı hazırlamaqda ittiham edir.

Civilazerbaijan.com
bildirir ki, xidmətin məlumatına görə, “saxlanılan şəxs Rusiya ərazisində qadağan olunmuş Ukrayna terror təşkilatına könüllü şəkildə qoşulub və təşkilat rəhbərlərinin tapşırığı ilə Yessentuki və Stavropolda bir sıra obyektlərdə — o cümlədən hüquq-mühafizə orqanlarının inzibati binalarında və nəqliyyat infrastrukturunda — kəşfiyyat fəaliyyəti aparıb.”

Rusiya Federal Təhlükəsizlik Xidməti saxlanılan şəxsin Azərbaycan silahlı qüvvələrinin xüsusi bölmələrində xidmət keçdiyini, terror aktının hazırlanmasında öz bilik və bacarıqlarından istifadə etmək niyyətində olduğunu bildirir:

“Saxlanılan şəxs partlayıcı qurğuların hazırlanması üçün zəruri olan prekursorlar və zədələyici elementlər əldə edib və onları xüsusi hazırlanmış gizli yerdə saxlayıb. İstintaq tədbirləri zamanı terrorçudan onun Ukrayna terror təşkilatının maraqları naminə qanunsuz fəaliyyətini ifşa edən məlumatları özündə əks etdirən partlayıcı qurğuların, rabitə vasitələrinin və elektron yaddaş qurğularının istehsalı üçün komponentlər götürülüb”.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30 (cinayətə hazırlıq və cinayət etməyə cəhd) və 205-ci (terror aktına hazırlıq) maddələri üzrə cinayət işi başlanıb, istintaq davam edir.

Bu, üçüncü hadisədir. Avqustun 20-də əslən Azərbaycandan olan Mehriban Lukinskaya Rusiyada casusluq ittihamı ilə 5 il müddətinə həbs olunub.

Avqustun 21-də FSB məlumat yayaraq bildirib ki, Rusiya-Azərbaycan sərhədində Yadulla Rufullayev adlı xarici vətəndaş məxfi sənədləri ölkədən çıxarmağa cəhd edərkən saxlanılıb. FSB-yə görə, o, Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edib və Rusiya hərbi-sənaye kompleksinə aid materialları çıxarmağa çalışıb. Bildirilib ki, onun barəsində Rusiya Cinayət Məcəlləsinin “düşmənə yardım etmək” maddəsi ilə cinayət işi açılıb.

Bütün bunlar son aylar Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi fonunda baş verir.

Azərbaycan-Rusiya münasibətlərində gərginlik 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından sonra başlayıb. Bakı təyarəni Rusiyanın vurduğunu bildirib.

2025-ci ilin əvvəlində Azərbaycanda fəaliyyət göstərən “Sputnik Azərbaycan” media qurumu və “Rusiya Evi” bağlanıb.

2025-ci il iyunun 27-də isə Rusiya İstintaq Komitəsinin Yekaterinburqda cinayət işi üzrə keçirdiyi reydlərdə iki azərbaycanlı həyatını itirib.

Ardınca, Azərbaycanda 13 Rusiya vətəndaşı casusluq və digər qanunsuz fəaliyyətlərdə ittiham olunaraq həbs edilib.

Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər, Meydan TV-nin məlumatında qeyd olunur.
Geri qayıt