Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Adnan Əhmədzadənin həbsində Rusiya izi…

Adnan Əhmədzadənin həbsində Rusiya izi…


23-09-2025, 14:51.
title}


Səbail rayon məhkəməsində SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Meydan TV Adnan Əhmədzadə ilə bağlı araşdırma yazı yayımlayıb.

Civilazerbaijan.com
həmin məqaləni təqdim edir:

Ötən həftə neft maqnatı Adnan Əhmədzadənin Bakıda həbs olunması barədə xəbərlər yayıldı. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Onun həbsi “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda günahlandırılması ilə əlaqələndirilir. Bu hərəkət Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Hökumət mediasında yayılan xəbərlərdə isə belə qeyd olunur:

“Bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqelərini zəiflədə biləcək korrupsiya və şəxsi maraqlar naminə sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan şəffaflıq və təmizlənmə kampaniyasının bir hissəsi kimi təqdim olunur.”

Adnan Əhmədzadə və enerji sektorunda aparılan “təmizləmə” işləri arasında necə bir əlaqə ola bilər?

Bu ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftdə xlorid qarışığı aşkarlanması böyük beynəlxalq qalmaqala səbəb oldu. İtaliya, Rumıniya və Çexiyanın neft şirkətləri “Azeri Light” markalı neftdə çirkləndirici maddələrin mövcudluğu barədə Bakı-Tiflis-Ceyhan kəmərinin operatoru “BP-Azərbaycan”a rəsmi xəbərdarlıq göndərmişdilər. Rumıniya mediasında hətta “rus neftinin “Azeri Light” adı ilə satılması” kimi iddialar səsləndirilib.

Bu səbəbdən bəzi treyderlər Azərbaycan neftinin alışını dayandırıb, BTC kəməri ilə Qazaxıstan neftinin nəqli müvəqqəti olaraq təxirə salınmışdı.

Belə bir qalmaqal Azərbaycan üçün ciddi reputasiya və maliyyə itkisi idi və müəyyən şəxslərin cəzalandırılması gözlənilən idi.

Lakin əsas sual budur: nəyə görə məsuliyyətə məhz Adnan Əhmədzadə cəlb olundu?
Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, 2018-ci ildə SOCAR Trading-in icraçı direktoru təyin olunub, 2023-cü ilin martında isə istefa verib. Bundan sonra o, ABDA Invest Holding-i təsis edib. Onun SOCAR-dan ayrılmasının səbəbi kimi şirkətdə aparılan vergi yoxlamaları nəticəsində aşkarlanan qanun pozuntuları və mənimsəmə faktları göstərilirdi.


Foto: president.az

Belə olan halda, əgər Əhmədzadənin SOCAR və SOCAR Trading-də səlahiyyətləri dayandırılıbsa, Azərbaycan neftinin satışında onun rolu necə davam edib? Səlahiyyətləri olmayan bir şəxsin neftə çirkləndirici maddələrin qarışdırılması kimi əməliyyatlarda iştirakı mümkündürmü?

Meydan TV-yə açıqlama verən iqtisadçı ekspert Zöhrab İsmayıl bildirib ki, Adnan Əhmədzadənin Azərbaycan Prezidenti İlham Əliyevə birbaşa çıxışı olan və SOCAR-da yüksək vəzifə tutmuş şəxs olub:

“Belə görünür ki, hansısa problemlərə görə bu insan qurban seçilib. Onun 2023-cü ildən bəri rəsmi vəzifəsi yoxdur. Amma görünən odur ki, o, neft sektorunda təsirini və müdaxilələrini davam etdirib. Bu səbəbdən təkcə Adnan Əhmədzadə yox, SOCAR rəhbərliyi də cavab verməlidir.”

İqtisadçının sözlərinə görə, neftə çirkləndirici aşqarın qatılması üçün A. Əhmədzadənin texniki imkanları olmayıb:

“Neftin çirkləndirilməsi beynəlxalq qalmaqala səbəb oldu. Məlum oldu ki, BTC xətti ilə Avropaya satılan neftdə xlorid qarışığı var. Daha əvvəl də belə çirklənmə Rusiya neftində qeydə alınmışdı. Mənim bildiyimə görə, Adnan Əhmədzadənin bu prosesdə birbaşa iştirak imkanı ola bilməz. Çünki hadisə onun SOCAR-da işləmədiyi dövrdə baş verib. Əgər ittihamlar doğrudursa, bu o deməkdir ki, o, qeyri-rəsmi şəkildə səlahiyyətlərini davam etdirib. Bu, şübhəli məsələdir. Bu məsuliyyət həm də SOCAR rəhbərliyinin üzərinə düşür.”

Adnan Əhmədzadə Rusiya və Liviya neftini “türkmən” adı ilə satıb

İki ildir ki, beynəlxalq media araşdırmalarında SOCAR-ın keçmiş baş icraçı direktoru Rusiyaya qarşı qlobal sanksiyalardan yayınmağa yönəlmiş ən böyük gizli neft və gəmiçilik şəbəkələrindən birini təşkil etməkdə ittiham olunur.

Hələ 2023-cü ilin fevralında Albaniya mediasında A.Əhmədzadəyə məxsus “Alkagesta” şirkətinin qaranlıq neft daşımaları ilə bağlı məlumatlar dərc olunmağa başlamışdı.

Albaniya mediasının yazdığına görə, Maltada qeydiyyatdan keçmiş “Alkagesta LTD” şirkəti Rusiya neftinə tətbiq edilən sanksiyalardan yayındırmaq üçün onu gizli şəkildə Avropaya yönəltməkdə iştirak edib. Proses əsasən Yunanıstanın ərazi sularında gəmilər arasında neftin ötürülməsi yolu ilə həyata keçirilib. Daha sonra isə saxta mənşə sertifikatları təqdim edilərək, rus nefti Albaniyanın Durras limanı, İspaniyanın Tarraqona limanı və digər Aralıq dənizi istiqamətlərinə çıxarılıb.

Albaniya polisinin yaydığı məlumata görə, Rusiyaya qarşı sanksiyaları pozmaqda şübhəli bilinən və Albaniya sularında Liberiya bayrağı altında üzən gəmiyə basqın edilib. Basqın zamanı gəminin göyərtəsində 22,5 min ton neft aşkarlanıb.

Məlumatlara əsasən, gəmi Azərbaycandan yola düşüb və daha sonra Yunanıstanın Kalamata limanında başqa bir gəmidən 22,5 min ton dizel yanacağı ilə yüklənib.

Medianın yazdığına görə, bu əməliyyatların arxasında Dubayda qeydiyyatdan keçmiş “Oil Mar Shipping DMCC”, “Alkagesta” və Türkiyənin “Almedia” şirkətləri dayanır. Həmin şirkətlərin SOCAR Trading və Maddox ilə əlaqəli olduğu iddia edilir.

Albaniyadakı hadisədən sonra isə İspaniya limanında da Adnan Əhmədzadəyə məxsus şirkətə aid xam neftə blok qoyulub.

A.Əhmədzadə həbs olunmazdan əvvəl, sentyabrın 6-da “Euro Asia News” portalında onun haqqında “Kölgə ticarəti: Alkagesta Ltd Rusiya və Liviya neftini türkmən mənşəli olaraq necə yudu” adlı araşdırma da dərc olunub.

Məqalədə Adnan Əhmədzadənin rus neftini saxta sertifikatlarla SOCAR-ın nəzarəti altında BTC boru kəməri ilə Türkiyəyə və dünya bazarlarına çıxarması məsələsinə toxunulub. Araşdırmaya əsasən, Türkmənistanın xam neft ixracı rəsmi olaraq BTC boru kəməri vasitəsilə beynəlxalq səviyyədə tanınmış müqavilələr əsasında SOCAR Trading tərəfindən həyata keçirilib. “Alkagesta” şirkəti isə Türkmənistana idxal olunan Rusiya neftini, habelə Liviya neftini “türkmən” nefti adı altında sertifikatlaşdıraraq Türkiyə və Avropaya daşınmasında iştirak edib.

Adnan Əhmədzadənin həbsində Rusiya izi…


SOCAR Trading rəsmi tender vasitəsilə Türkmənistan və Qazaxıstan neftini alır və BTC kəməri ilə Aralıq dənizinə nəql edir.

Nəşr yazır ki, bu ixraclar dövlət səviyyəsində razılaşmalarla və Azərbaycanın dövlət mediasının xəbərləri ilə dəstəklənir. Beləliklə, sistem milyonlarla barel xam neftin qlobal bazarlara təhlükəsiz və şəffaf şəkildə çatdırılmasını təmin edir.

Böyük Britaniya və Avropa İttifaqı «Alkagesta” şirkətinin izində…

2018-ci ildə Maltada qeydiyyatdan keçmiş “Alkagesta” şirkətinin İsveçrə, Böyük Britaniya, Dubay, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Rumıniyada ofisləri mövcuddur. Şirkət Maltanın ən böyük neft bunkeridir.

“Alkagesta”nın təsisçisi kimi Adnan Əhmədzadənin yaxın qohumu Kamran Ağayevin adı göstərilir. Ağayev eyni zamanda 23 may 2019-cu ildə qeydiyyatdan keçmiş “Caspian Oil and Gas Co. Ltd” şirkətinin direktorudur.

Rəsmi qeydiyyatda Adnan Əhmədzadənin adı görünməsə də, sənaye insayderləri onun “Alkagesta”nın əsl sahibi olduğunu geniş şəkildə etiraf edirlər.

“Caspian Oil and Gas Co. Ltd” isə yalnız Azərbaycanda və BƏƏ-də deyil, həmçinin Moskvada (Presnenskaya Naberejnaya), Türkiyə, Qazaxıstan, Türkmənistan və Cənubi Koreyada ofisləri olan Xəzər Neft Qrupu tərkibində fəaliyyət göstərir. Şirkətin saytında (caspianasoil.com) şirkət strateji tərəfdaşları kimi Rusiyanın ən böyük neft şirkəti “Tatneft” və neft-kimya şirkəti “Sibur”u göstərir.

Adnan Əhmədzadənin SOCAR-ın marketinq əməliyyatlarında keçmiş rolu və regional neft logistikası üzrə biliyi nəzərə alınarsa, onun bu işdə iştirakı maraqların toqquşması və korrupsiya narahatlığı doğurur.

Hazırda Avropa İttifaqı və Böyük Britaniya səlahiyyətliləri tərəfindən saxta sertifikatlarla Rusiya neftinin Avropada satışına görə araşdırmalar aparıldığı bildirilir.

“Malta Herald” nəşri [bu nəşr sözügedən şirkətin qaranlıq fəaliyyəti barədə ilk məqalələr dərc edib] 21 sentyabr 2025-ci il tarixində yayımladığı məqalədə Adnan Əhmədzadənin həbsinə münasibət bildirib.

Nəşr yazır ki, Adnan Əhmədzadənin həbsi Azərbaycan hakimiyyətinin Rusiya nefti ilə bağlı beynəlxalq reputasiyasını təmizləmək səyləri ilə bağlıdır:

“Bu səylər həm də ABŞ prezidenti Donald Trampın Avropalıların Rusiya neftini almağı dayandırması ilə bağlı verdiyi son bəyanatlara cavab ola bilər.

Adnan Əhmədzadə müstəqil işə başlamazdan əvvəl SOCAR-ın baş treyderi olub. Onun ABDA Invest Holdinq adlı şəxsi şirkəti olsa da, o, “Caspian Oil and Gas Ltd”, “Oilmar DMCC”, “Caspian Logistics” və Maltanın ən böyük neft bunkereri olan “Alkagesta” kimi gizli strukturlara daxil olan müxtəlif neft və qaz şirkətlərində iştirak edib. Adnan Əhmədzadənin karyerası boyu “Lukoil”, “Tatneft” və “Sibur” kimi müştəriləri ilə Rusiya nefti alqı-satqısı edən ruslarla uzun ticarət tarixi var”.

Azərbaycan mediası isə Əhmədzadənin Rusiya xüsusi kəşfiyyat orqanlarına bağlılığı ilə bağlı materiallar dərc etməyə başlayıb.

Jurnalist Elbəy Həsənli sosial media hesabında yazır:

“Bu iş beynəlxalq skandala çevrilib. Və bu xəmir hələ çox su aparacaq. Məncə, Adnan Əhmədzadə Azərbaycanda həbs olunmasaydı, Avropa İttifaqının ərazisində və ya Britaniyada tutulacaqdı. Adnan Əhmədzadənin Qərbin istintaq qrupunun əlinə keçməsi Azərbaycanın onsuz da yerlə sürünən reputasiyasına dəhşətli zərbə vura bilərdi. Çünki Adnan Əhmədzadə gördüyü bütün fırıldaq işləri istintaqa etiraf etmək zorunda qalacaqdı… Azərbaycan Adnan Əhmədzadəni həbs etməklə vaxt və manevr imkanı qazanıb…”

Beləliklə, Rusiya neftinin sanksiyalardan yayındırılaraq satışı və neftə çirkləndirici maddələrin qatılması SOCAR üçün potensial təhlükələr yarada bilər. Hətta bu, Azərbaycandan beynəlxalq kompensasiya tələbinə qədər yol aça bilər.

İqtisadçı Zöhrab İsmayıl Meydan TV-yə bildirib ki, bizim bilmədiyimiz məsələlər ola bilər:

“Azərbaycan hökuməti and-aman edir ki, Rusiya neftini yalnız daxili ehtiyaclar üçün alır, Azərbaycan neftini isə ixrac edir. Lakin bu rus neftinin qarışması və digər oxşar məsələlər ciddi suallar doğura bilər. Amma Azərbaycan hökuməti həmişə yaxınlaşan riskləri sığortalaya bilir. Bu dəfə də Rusiya neftini almayacaq. Rusiya və Azərbaycan arasında yaranan diplomatik qalmaqalda da bu rol ola bilər. Hazırda SOCAR-ın Türkiyədəki “Star” zavodu Rusiya neftini almaqda davam edir və bununla bağlı problemlər yaranıb. Azərbaycan bu problemləri və təhlükələri hiss edəndə idxalı dayandırmağa məcbur olacaq”.
Geri qayıt