Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Vasif Talıbovun oğlu satdığı oteli 8.6 milyona yenidən alıb
Vasif Talıbovun oğlu satdığı oteli 8.6 milyona yenidən alıb24-09-2025, 13:55. |
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov vaxtilə Gürcüstanda sahib olduğu hoteli 8,6 milyon ABŞ dolları qiymətinə geri alıb. Civilazerbaijan.com bildirir ki, bu barədə sentyabrın 23-də Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) xəbər verib. OCCRP ictimaiyyətə açıq olan səhm alqı-satqısı sənədinə istinadən bildirib ki, R.Talıbov Batumidə yerləşən hoteli bu ilin mayında geri alıb. R.Talıbov daha əvvəl sahib olduğu, "Divan Suites" adlı hoteli 2023-cü ilin yanvarında, atasının vəzifəsindən istefa verməsindən üç həftə sonra satıb. R.Talıbov OCCRP-nin suallarına elektron poçtla cavabında bildirib ki, hotelin və dənizkənarı ərazinin son satınalmaları Gürcüstan və Azərbaycan banklarından götürülən kreditlər hesabına maliyyələşdirilib. Onun sözlərinə görə, 2023-cü ildə otelin satılması və sonradan yenidən alınması “aktivlərin şaxələndirilməsi və digər potensial hədəflərə sərmayə yatırılması strategiyasının bir hissəsi" olub. R.Talıbovun mülkiyyət üzərində nəzarəti bərpa etdiyini göstərən səhmlərin alınmasına dair sənəddə hotelin yeni adının "London 1889" olduğu görünür. O, bu mülkiyyəti "London 1889"-un sahibi olan "B-Pearl Turizm" MMC-nin 100 faiz səhmlərini almaqla əldə edib. Bron saytlarında yerləşdirilən şəkillərdə hotel otaqlarının Londonun məşhur abidələrinin, o cümlədən Big Ben və Sent-Pol Katedralınin fotoları ilə bəzədildiyi görünür. Əmlak qeydiyyat sənədləri göstərir ki, R.Talıbov qısa müddətdə "B-Pearl Turizm"dən bölgədə daha çox daşınmaz əmlak almaq üçün vasitə kimi istifadə edib. İyul ayında şirkət Batumidən kənarda, dəniz sahilində Maxinjauri qəsəbəsində yerləşən 2,082 kvadratmetrlik torpaq sahəsini əldə etmək üçün 730,000 ABŞ dolları ödəyib. V.Talıbov 2022-ci il dekabrın 21-də gözlənilmədən vəzifəsindən istefa verib. Bundan sonra onun ailə üzvləri sürətlə öz aktivlərini satmağa başlayıblar. Talıbovlar ailəsi "Naxçıvan Bank"dakı paylarını satıb. Rza və Seymur Talıbovlar isə onlara məxsus əmlakların mülkiyyətini başqalarının adına keçirib. Geri qayıt |