Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Zərərçəkən mənəm, cinayətkarlarsa çöldə gəzir - NİCAT İBRAHİM

Zərərçəkən mənəm, cinayətkarlarsa çöldə gəzir - NİCAT İBRAHİM


6-10-2025, 17:52.
title}


Həbsdə olan ictimai fəal Nicat İbrahim haqqındakı 6 il 6 aylıq cəza hökmündən apellyasiya şikayəti təmin edilməyib.

Civilazerbaijan.com
bildirir ki, oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində Mehriban Qarayevanın sədrlik etdiyi hakimlər kollegiyası belə qərar verib.

N.İbrahimin vəkili apellyasiya məhkəməsinin ötən iclasında kamera görüntüləri və sənədlərin alınıb araşdırılmasıyla bağlı xeyli vəsatət vermiş və demişdi ki, əgər gerçəkdən N.İbrahim kimisə bıçaqlayıbsa, olay yerindəki görüntüləri məhkəmə alıb araşdırsın, zərərçəkənin üzərində cərrahiyyə əməliyyatı aparılıb-aparılmadığı müəyyənləşdirilsin.

Hakimlər bu vəsatətlərin də heç birini təmin etməyiblər.

Oktyabrın 6-da qərardan öncə çıxış edən N.İbrahim deyib ki, heç bir cinayət törətmədiyi halda, 1 il 1 aydır ki, şərlənərək həbsdə saxlanılır və buna etiraz olaraq 21 gündür aclıq edir: "Mən cinayət törətməmişəm, mənə qarşı cinayət baş verib. Məni şərləyib 1 il 1 aydır həbsdə saxlayırlar. Bu işdə əsl zərərçəkən mənəm, cinayətkarlarsa əllərini-qollarını sallayıb çöldə gəzirlər".

N.İbrahimin həyat yoldaşı Pərvin İbrahimova AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. O, həyat yoldaşının həm fiziki, həm də psixoloji durumunu nəzərə alaraq, onun sağlıq durumundan narahatlığını da dilə gətirib: "Anlaya bilmirəm ki, bizim ailədən nə istəyirlər. 21 gün aclıq etmək nə deməkdir? İnsanın orqanizmi sıradan çıxır. Göz görə-görə adamı öldürürlər, ailəsinə zülm edirlər. Heç bir sübut olmadan hökm oxuyan, qərara imza atan hakimlər evlərinə gedəndə uşaqlarının üzünə necə baxırlar? Başqalarına zülm edə-edə qazandıqları çörəyi necə yeyirlər?".

N.İbrahimin aclıq aksiyası keçirməsi barədə söylədiklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, Nicat İbrahim ötən il sentyabrın 9-dan həbsdədir. O, Bəhmən Əliyev adlı şəxsi bıçaqlamaqda suçlanır. İctimai fəal həmin adamı tanımadığını, dayandığı yerdə onun hücumuna məruz qaldığını, bu şəxsin özünü yerə yıxıb qışqırdığını və polislərin gəldiyini deyir.

N.İbrahim həbsindən bir həftə öncə ailəsiylə birlikdə ölkədən getmək istəsə də, hava limanından buraxılmayıb. Onun fikrincə, ölkədən buraxılmayınca, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb.

İctimai fəal 2020-ci ilin iyulunda – Prezident Administrasiyasının qarşısında "İlham Əliyevə istefa" tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmış, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı. N.İbrahim o zaman da təqsirsiz olduğunu, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını demişdi. O, bir neçə il öncə ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası da keçirmişdi.

Son illərdə bir neçə ictimai-siyasi fəal küçədə başqasına bıçaqla xəsarət yetirmə ittihamı ilə həbs olunub. Onların arasında keçmiş diplomat Emin İbrahimov, AXCP üzvləri Zamin Salayev, Kənan Zeynalov, "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov, "Yoldaş media"nın təsisçisi, ictimai fəal Əhməd Məmmədli və başqaları var, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt