Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Ramiz Mehdiyev işi - Dövlətə xəyanət ayrı-seçkiliyi

Ramiz Mehdiyev işi - Dövlətə xəyanət ayrı-seçkiliyi


Dünən, 23:07.
title}


“Tribunat” Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarındakı pozuntunu araşdırıb.

Civilazerbaijan.com
həmin araşdırmanı təqdim edir:

14 oktyabrda Səbail Rayon Məhkəməsi Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda) maddələri ilə ittiham edilir.

İstintaq R.Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun haqqında ev dustaqlığı qətimkan tədbiri seçilməsini uyğun hesab edib.

Ramiz Mehdiyevin ittiham edildiyi dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə əməlləri xüsusilə ağır cinayət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma isə ağır cinayət hesab edilir.

Bəs xüsusən xüsusilə ağır cinayət törətməkdə ittiham olunan şəxs üçün ev dustaqlığı qətimkan tədbiri seçilməsi nə dərəcədə qanunauyğundur? Oxşar maddələrlə digər təqsirləndirilən şəxslər haqqında da eyni qətimkan tədbiri seçilib yoxsa necə?

Cinayət-Prosessual Məcəlləyə əsasən qətimkan tədbiri şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etmək məqsədi daşıyan prosessual məcburiyyət tədbiridir (maddə 154.1). Məcəlləyə görə qətimkan tədbirləri arasında həbs, ev dustaqlığı, girov, zaminlik və digər növlər mövcuddur (maddə 154.2). Həbs, ev dustaqlığı və girov yalnız təqsirləndirilən şəxsin barəsində seçilə bilər (maddə 154.3).

Bu tədbirlərin tətbiqi üçün əsas şərt, şəxsin cinayət təqibi zamanı gizlənmək, istintaqa və ya məhkəməyə mane olmaq, yenidən cinayət törətmək, cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlməmək və ya hökmün icrasına mane olmaq ehtimalının mövcudluğudur (maddə 155.1, 155.1.1-155.1.5). Tədbirin növü seçilərkən ittihamın ağırlığı, şəxsin şəxsiyyəti, sosial vəziyyəti və digər amillər nəzərə alınmalıdır (maddə 155.2, 155.2.1-155.2.4).

Həbs qətimkan tədbirinin seçilməsi üçün şəxsin təqsirləndirildiyi cinayət əməlinin azadlıqdan məhrumetmə sanksiyası ilə cəzalandırıla bilməsi kifayətdir (Cinayət-Prosessual Məcəllənin Kommentariyası).

Ev dustaqlığı qətimkan tədbiri şəxsin tam təcrid olunmadan müəyyən azadlıqlarının məhdudlaşdırılması ilə həyata keçirilir və yalnız məhkəmə qərarı ilə seçilə bilər (maddə 156.2). Məhkəmə, həbsin zəruri olmadığı qənaətinə gəldikdə, onu ev dustaqlığı ilə əvəz edə bilər (maddə 157.5). Məhkəmə ev dustaqlığı qətimkan tədbirini seçərkən təqsirləndirilən şəxsin həbsə əsas sayılan hərəkətləri etməyəcəyinə əsaslandırmalarla kifayət qədər əmin olmalıdır (Cinayət-Prosessual Məcəllənin Kommentariyası).

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxs yaşayış yerini dəyişməməli və müəyyənləşdirmiş vaxt ərzində tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli, müəyyən edilmiş ərazi hüdudlarını tərk etməməli, eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir (maddə 163.3, 163.3-1).

Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər (maddə 163.2).

Hökumətə yaxın media qurumlarının yaydığı məlumata əsasən Ramiz Mehdiyev haqda ev dustaqlığı qərarı istintaq orqanı, yəni işi aparan müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında verilib.

Ali Məhkəmənin “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenum Qərarına əsasən, həbsə bir qayda olaraq cəmiyyətin maraqlarının şəxsin azadlıq hüququndan üstün olduğu halda yol verilir, yəni, bu halda şəxsin azadlıqda qalması cəmiyyətdə mənfi emosiyalar doğurur və cəmiyyət üçün təhlükəli olmaqda qalır (1-ci bənd). Eyni zamanda məhkəmə qətimkan tədbirinin tətbiq edilməsinə əsas sayılan halların hər birini konkret faktlarla əsaslandırmalı, şəxsin yaşı, səhhəti, ailə vəziyyəti və bu kimi digər halları nəzərə almalıdır (3-cü bənd).

Son illər Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə nəzərdə tutulan əməllə əlaqədar hökm olmadığı, 193-1.3.2-ci maddə ilə əməlin isə ağır cinayət əməli olduğunu nəzərə alaraq, analizdə 274-cü maddə (dövlətə xəyanət) üzrə işlərə fokuslanacağıq.

Onu da qeyd edək ki, AbzasMedia, Toplum TV, Meclis.info, Meydan TV və QHT-lərə açılmış cinayət işlərində jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələrinin ittiham edildiyi cinayət əməllərindən biri də 193-1.3.2-ci maddədə nəzərdə tutulan cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma əməlidir. Bu iş üzrə təqsirləndirilən şəxslərin böyük əksəriyyəti haqqında istintaq dövründə həbs qətimkan tədbiri seçilib. Mediada “Nardaran işi” kimi adlandırılan kütləvi həbslər zamanı haqlarında həbs qətimkan tədbiri seçilmiş şəxslər də bir sıra digər əməllərlə yanaşı Cinayət Məcəlləsinə 28 oktyabr 2016-cı ildə edilmiş dəyişikliklərə qədər 278-ci maddədə nəzərdə tutulan hakimiyyətin zorla ələ keçirilməsinə, saxlanılmasına, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərdə təqsirləndirilmişdilər.

Məhkəmə praktikasında xüsusən 274-cü maddə ilə ittiham olunan şəxslər haqqında bir qayda olaraq həbs qətimkan tədbiri seçilir. Elektron Məhkəmə Sisteminə yerləşdirilən sözügedən maddə ilə bağlı 27 hökmün hər birində təqsirləndirilən şəxslər haqqında məhkəməyəqədərki icraatda həbs qətimkan tədbiri seçilib. Yerli məhkəmələr adətən bu halı sözügedən cinayət əməlinin xarakteri ilə əsaslandırırlar.

2016-cı ildə Səbail Rayon Məhkəməsinin 7 yanvar tarixli qərarı ilə eyni maddə ilə təqsirləndirilən Natiq Kərimov haqqında həbs qətimkan tədbiri seçilib, eyni məhkəmənin 19 yanvar tarixli qərarı ilə həbs ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza verilib.

Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi heç kəsin qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməyəcəyini qeyd edir. Qanunla müəyyən olunmuş hallara əsaslı şübhə olduqda şəxsin qanuni tutulması və həbs edilməsi də aiddir. Lakin bu tutulma və həbsə alınma təxirə salınmadan məhkəmə qaydasında baxılmalı, tutulma və ya həbs məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, şəxs azad edilməlidir.

Yunusova və Yunusov Azərbaycana qarşı (No 2) işində Avropa İnsan Hüquqları Məhkəməsi dövlətə xəyanət daxil olmaqla bir sıra cinayət əməllərində ittiham edilən şəxslərin əsaslı şübhə olmadan həbs edilməsini onların azadlıq və toxunulmazlıq hüquqlarının məhdudlaşdırılması və 5-ci maddənin pozuntusu hesab etmişdi (112, 113-cü bəndlər). Leyla Yunusova və Arif Yunusov barəsində həbs qətimkan tədbirləri Nəsimi Rayon Məhkəməsi tərəfindən ittihamın ağırlığı, istintaqdan yayınma və istintaqa mane olma ehtimalları ilə əsaslandırılmışdı (52-ci, 61-ci bəndlər).

Mirqədirov Azərbaycana və Türkiyəyə qarşı işində də AİHM dövlətə xəyanət ittihamı ilə ittiham edilən jurnalist Rauf Mirqədirovun həbsini 5-ci maddənin pozuntusu hesab etmişdi (86-cı bənd). Nəsimi Rayon Məhkəməsi onun həbsini istintaqdan yayınma və ya istintaqa mane olma ehtimalı, həmçinin təqsirləndirildiyi cinayət əməlinin xarakteri ilə əsaslandırıb (26-cı bənd).

Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədov 2016-cı ildə, partiyanın sədri vəzifəsinin icraçısı İlham Əliyev 2020-ci ildə eyni maddə ilə saxlanılaraq haqlarında ibtidai istintaq dövründə həbs qətimkan tədbiri seçilib. Həmçinin ilahiyyatçı Sərdar Babayev 2021-ci ildə dövlətə xəyanətdə təqsirləndirilərərk həbs edilib.

BMT-nin İxtiyari həbsə dair İşçi Qrupu rəyində Hilal Məmmədovun 2012-ci ildəki həbsini Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, eləcə də Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın tələblərinə zidd kimi qiymətləndirilmişdi (69-cu bənd). Məmmədova 234.4.3-cü maddəsi (narkotik vasitələrin qanunsuz hazırlanması, istehsalı, saxlanması, daşınması və ya külli miqdarda satılması) ilə ittiham irəli sürülüb, Nizami Rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli qərarı ilə haqqında həbs qətimkan tədbiri seçilib. Məhkəmə bu qərarını ittihamın ağırlığı, H.Məmmədovun istintaqdan yayınma ehtimalının olması ilə əsaslandırıb (Hilal Məmmədov Azərbaycana qarşı işi, 14, 15-ci bəndlər). 3 iyul 2012-ci ildə ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) və 283.2.2-ci maddəsi (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) üzrə yeni ittihamlar irəli sürülüb (17-ci bənd). Hilal Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib (AİHM işi, 23-cü bənd).

Səid Dadaşbəyli Cinayət Məcəlləsinin 274-cü və 278-ci maddələrində göstərilən əməllər daxil olmaqla bir sıra cinayət əməllərində təqsirləndirilib. (Dadaşbəyli Azərbaycana qarşı, 8-ci bənd) Onun haqqında Səbail Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib (6-cı bənd).

Son illər isə talış tədiqatçısı, alim İqbal Əbilov 2024-cü ilin yayında dövlətə xəyanətdə təqsirləndirilərək ibtidai istintaq dövründə həbs edilib.

Sülh fəalı Bəhruz Səmədov də eyni maddə ilə 2024-cü ilin avqust ayında həbs edilib.

AİHK-in 14-cü maddəsi və Konstitusiyanın 25-ci maddəsinə əsasən hüquq və azadlıqlar ayrı-seçkilik olmadan təmin olunmalıdır, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir.

AİHK-in 14-cü maddəsi üzrə Təlimatda bildirilir ki, 14-cü maddə üzv dövlətə “faktiki bərabərsizlikləri” aradan qaldırmaq məqsədilə qruplara fərqli yanaşma tətbiq etməyi qadağan etmir; hətta bəzi hallarda belə bərabərsizliklərin fərqli yanaşma vasitəsilə aradan qaldırılmamasına cəhd göstərilməməsi, 14-cü maddənin pozuntusuna gətirib çıxara bilər (44-cü bənd). Yəni pozitiv ayrı-seçkilik Konvensiya və Məhkəmə tərəfindən qəbulediləndir. Fərqli rəftar obyektiv və ağlabatan şəkildə əsaslandırılmalıdır. Yəni, həm legitim olmalı, həm də tətbiq olunan vasitələr ilə həyata keçirilmək istənilən məqsəd arasında ağlabatan proporsionallıq əlaqəsi olmalıdır (70-ci bənd).

Timişev Rusiyaya qarşı işində Məhkəmə bildirdi ki, fərqli rəftarın əsaslandırılması öhdəliyi hökümətin üzərinə düşür (57-ci bənd).

Ramiz Mehdiyev haqqında həbs qətimkan tədbiri yox, ev dustaqlığı qətimkan tədbiri seçilməsi onun yaşı nəzərə alınmaqla legitim hesab edilə bilər, lakin yuxarıda göstərilən işdə Arif Yunusovun da səhhəti nəzərə alınmadan, ittihamın ağırlığı, istintaqdan yayınma və istintaqa mane olma ehtimalları ilə əsaslandırılaraq haqqında həbs qətimkan tədbirinin seçilməsi məhkəmə hakimiyyətinin Mehdiyevin lehinə ayrı-seçkilik etməsidir. Halbuki, R.Mehdiyev Prezident Administrasiyasının keçmiş rəhbəri (1995-2019), AMEA-nın sabiq prezidentidir (2019-2022), “Şərəf”, “Şöhrət”, “Heydər Əliyev”, “İstiqlal” və digər orden və medallarla təltif edilib.

Bu isə o demekdir ki, onun Cinayət-Prosessual Məcəllənin 155.1.1-155.1.5-ci maddələrində göstərilən əməli törətmə imkanı (cinayət prosesini həyata keçirən orqandan gizlənmək, ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq, məhkəmə hökmünün icra edilməsinə maneə törətmək) imkanı Yunusov, Mirqədirov, Məmmədov, Əhədov və Əliyevdən daha çoxdur.

“Tribunat” bu qənaətə gəlir ki, Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi 14-cü maddədə nəzərdə tutulan “ayrı-seçkiliyin qadağan olunması” hüququnun pozulmasıdır.
Geri qayıt