Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Əfqan Sadıqov Gürcüstanda yenə də həbs olunub
Əfqan Sadıqov Gürcüstanda yenə də həbs olunubDünən, 20:51. |
|
Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov 14 günlük inzibati qaydada həbs olunub. Civilazerbaijan.com bildirir ki, Azadlıq Radiosunun gürcü xidmətinin xəbərinə görə, bu qərar oktyabrın 23-də Tbilisi Şəhər Məhkəməsində verilib. Məhkəmədə çıxış edən Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi iddia edib ki, Ə.Sadıqov şəhər mərkəzində etiraz aksiyasında iştirakı zamanı yolu bağlayıb. O bildirib ki, polis tərəfindən onun və digər iştirakçıların yolu boşaltması əmr olunsa da, onlar əmrə riayət etməyib. Prosesdə iştirak edən Ə.Sadıqov etiraz aksiyasına çıxmasını müdafiə edib: “Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. Mən hər zaman gürcülər arasında diktatura çağırışları edən İvanişviliyə qarşı çıxacağam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı.” O, hakimə bildirib ki, hər gün parlament binasının qarşısında keçirilən etiraz aksiyasına gedib: “Əlavə edəcəyim heç nə yoxdur, buradan çıxan kimi yenə mitinqə gedəcəyəm. Siyasi sifarişlərin və diktaturanın tərəfdarı olmayın...” Proses zamanı "İvanişli qatildir! İvanişvili diktatordur!" şüarlarını səsləndirən jurnalist məhkəmə zalından çıxarılıb. Ə.Sadıqov oktyabrın 22-i axşam saatlarında etiraz aksiyasına gedərkən saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son dörd gündə 80-ə yaxın şəxs "yolu bağlamaq" ittihamı ilə həbs olunub. Bundan əlavə, son bir ildə yüzlərlə aksiya iştirakçısı eyni ittihamla cərimə olunublar. Polis hətta Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtoneni də “yolu bağlamaqda” günahlandıraraq cərimələyib. Valtonen oktyabrın 14-də etiraz aksiyasında iştirak edib. Etirazlar hələ 2024-cü ilin noyabr ayında hakim “Gürcü Arzusu” partiyasının ölkənin Avropa İttifaqına üzvlük müraciətini dayandırmasına cavab olaraq başlayıb. "Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il də avqustun 3-də Tbilisidə həbs edilib. Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi. Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər. Lakin fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib. Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist aprelin 16-da azadlığa buraxılıb. Geri qayıt |