Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Hesablama Palatası AzTV-də böyük məbləğdə maliyyə pozuntu aşkar edib
Hesablama Palatası AzTV-də böyük məbləğdə maliyyə pozuntu aşkar edibDünən, 18:44. |
|
Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin ("AzTV") fəaliyyətində dövlət vəsaitlərinin idarə olunması ilə bağlı nöqsanlar müəyyən edib. Civilazerbaijan.com bildirir ki, bu barədə Hesablama Palatasının 2026-cı ilin büdcə layihəsinə verdiyi rəydə qeyd olunub. Sənəddə göstərilir ki, audit nəticəsində "AzTV"-də əmək müqaviləsi ilə işləyən əməkdaşlara ödənilməli olan vəsaitlərin qonorar adı ilə rəsmiləşdirildiyi aşkarlanıb. Ümumi 26 milyon manat təşkil edən məbləğin 11,3 milyonu 2023-cü ildə, 11,6 milyonu 2024-cü ildə, 3,1 milyonu isə bu ilin ilk rübündə ödənilib. Hesablama Palatası vurğulayıb ki, bu praktika "əmək münasibətlərinin mülki-hüquqi münasibətlər kimi yanlış təsnif edilməsinə, Əmək və Vergi Məcəllələrinin tələblərinə zidd halların yaranmasına" gətirib çıxarıb. "Nəticədə məcburi sosial ayırmalar tam şəkildə tutulmayıb, bu da "AzTV" işçilərinin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə nəticələnib", - rəydə qeyd olunub. Palata bu halları dövlət vəsaitlərinin idarə edilməsində "ciddi maliyyə intizamı pozuntusu kimi" qiymətləndirib və müvafiq tədbirlərin görülməsini zəruri sayıb. "AzTV"-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, artıq bir neçə ildir qurumun qonorar sistemindən tam imtinası və maaşların yalnız əməkhaqqı formasında ödənilməsi ilə bağlı Hesablama Palatası ilə müzakirələr aparılır. "Prosesin çətin tərəfi odur ki, televiziya yarandığı gündən maaş və qonorar sistemi ilə işləyib və əməkdaşlar ortaya qoyduğu məhsulun sayına və keyfiyyətinə əsasən həm maaş, həm də qonorar alıblar. Qonorar sisteminin tamamilə yığışdırılması vahid və standart ödəniş sistemi yaradacaq ki, bu da məhsuldarlığa və işin keyfiyyətinə mənfi təsir edəcək", - deyə əlavə olunub. Buna baxmayaraq, "AzTV" problemin aradan qaldırılacağına ümid edir. "İstənilən halda, əmək münasibətlərinin düzgün tənzimlənməsi və qonorar sistemindən birdəfəlik imtina ilə bağlı məsələ gündəlikdədir və yaxın zamanlarda bu problem aradan qaldırılacaq. Onu da əlavə edək ki, tam maaş sisteminə keçid prosesi ötən ildən başlayıb. QSC-də əməkdaşların sayını nəzərə alsaq məsələnin gələn il tam olaraq həll olunacağını söyləyə bilərik”, - qurumdan bildirilib, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |