Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Əli Kərimlinin mühafizəçisinin məhkəməsi başlayıb
Əli Kərimlinin mühafizəçisinin məhkəməsi başlayıbDünən, 22:00. |
|
Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədrinin könüllü mühafizəçisi Kənan Basqalın (Zeynalov) məhkəməsi başlayıb. Hazırlıq iclasında Kənan Basqalın müdafiəçisi Nazim Musayev onun barəsində başlanmış cinayət işinin dayandırılmasını tələb edib. Vəkil vəsatətində qeyd edib ki, müvəkkilinin hərəkətlərində cinayət tərkibi mövcud deyil. O, əlavə olaraq bildirib ki, müvəkkilinin izahları ilə yanaşı, cinayət işi materiallarının təhlili də bu qənaətə gəlməyə əsas verir: “İddia olunur ki, Kənan Zeynalov hadisədən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Amma materialların təhlili göstərir ki, polislər elə hadisə yerində olublar. Hətta Təcili Tibbi Yardım maşını da orada olub. Başqa bir vacib məsələ budur ki, bu adam bıçaqlanıbsa və onun həyatı təhlükədədirsə, Suraxanı rayonundakı, yaxın ərazilərdəki tibb müəssisələrini qoyub Nəsimi rayonuna niyə gətirirdilər?” Vəkilin digər vəsatəti isə müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması ilə bağlı olub. Nazim Musayev məhkəmədən xahiş edib ki, əgər cinayət işinə xitam verilməsə, heç olmasa, hökm elan olunana qədər müvəkkilinin ev dustaqlığına buraxılmasına qərar verilsin. Kənan Basqal vəkilinin qaldırdığı vəsatətləri dəstəkləyib və hadisənin başvermə şəraitini izah etmək istəsə də, hakim buna icazə verməyib: “Bu, hələ hazırlıq iclasıdır, ifadə verəcəyiniz zaman ətraflı danışarsınız”. Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər heyəti təqdim olunan vəsatətlərin heç birini təmin etməyib. AXCP fəalı ilə bağlı məhkəmə baxışının noyabrın 20-də keçirilməsi qərara alınıb. Müxalifətdə olan AXCP-nin hazırda təxminən 20 üzvü həbsdədir. Partiya rəhbərliyi onların hamısının siyasi motivlərlə azadlıqdan məhrum edildiyini bildirir. Həbs olunanlar arasında Əli Kərimlinin könüllü mühafizəçiləri və sürücüləri də var. Hüquq-müdafiə təşkilatlarının tərtib etdiyi siyahılara əsasən, ölkədə hazırda 400-ə yaxın siyasi məhbus mövcuddur. Rəsmi qurumlar isə bu iddialarla razılaşmır və qeyd edirlər ki, həmin şəxslər siyasi baxışlarına görə deyil, törətdikləri əməllərə görə məsuliyyətə cəlb ediliblər. Qeyd edək ki, Kənan Zeynalov bu ilin martında həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilir. İttiham aktında iddia olunur ki, AXCP fəalı bu il martın 21-də axşam saatlarında Yeni Günəşli qəsəbəsində Anar Rəhimov adlı şəxsə mübahisə zəminində qarın nahiyəsindən bıçaqla zərbə endirib. K.Basqal heç kimi bıçaqlamadığını, tutulması üçün öncədən hazırlanmış ssenari əsasında həbs olunduğunu deyir, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |