Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > 2026-cı il üçün Neft Fondunun büdcə proqnozları azaldılıb
2026-cı il üçün Neft Fondunun büdcə proqnozları azaldılıbDünən, 14:44. |
|
Gələn il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 13,03 milyard manat, xərcləri isə 12,97 milyard manat həcmində proqnozlaşdırılır. Civilazerbaijan.com bildirir ki, bu barədə məlumat Hesablama Palatasının “2026-cı il dövlət büdcəsinin layihəsinə” verdiyi rəydə əksini tapıb. Hesabata əsasən, Dövlət Neft Fondunun xərclər strukturunda əsas pay dövlət büdcəsinə transfertlərin payına düşəcək. Belə ki, 2026-cı ildə Fondun xərclərinin təxminən 99 faizi və ya 12,8 milyard manatı məhz dövlət büdcəsinə transfertlərə yönəldiləcək. Qeyd edək ki, 2025-ci ilin büdcəsi ilə müqayisədə ARDNF-in transfertlərində 1,6 milyard manat və ya 11,4 faiz azalma müşahidə edilir. Qalan 1 faizlik xərclər isə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsinə və Fondun idarəetmə xərclərinə sərf olunacaq. Beləliklə, ARDNF-in büdcəsində 58 milyon manatlıq profisit yaranması (gəlirin xərclərdən artıq olması) nəzərdə tutulur. Azərbaycan neftinin hasilatında azalma, habelə neftin büdcədə nəzərdə tutulan baza qiymətindən aşağı satılması gəlirlərə dair proqnozlarda tərəddüdlər yaradıb. Bu səbəbdən gələn il Fondun gəlirlərinin cari ilin gözləntiləri ilə müqayisədə 1,4 milyard manat və ya 9,8 faiz azalacağı ehtimal edilir. Xərclərə gəldikdə isə, ARDNF-in artıq böyük xərcləmə dövrünü geridə qoyduğunu deyə bilərik. Belə ki, gələn il Fondun xərcləri 2025-ci ilin gözləntiləri ilə müqayisədə 11,4 faiz və ya 1,6 milyard manat azalacağı proqnozlaşdırılır. 2024-cü ilin icra göstəriciləri əsasında aparılan müqayisə göstərir ki, gələn il Neft Fondunun gəlirləri 2024-cü ilə nisbətən təxminən 5 milyard manat az olacaq. Bu, gələcək dövrlər üçün neftin qiymətində və hasilatlatında daha bədbin proqnozları ilə bağlıdır. Əgər neftin qiyməti ilə bağlı aşağı proqnozlar 2026-cı ildə özünü doğruldarsa, Fondun gəlirləri üzrə gözləntilərdə qeyri-müəyyənlik arta bilər. Xatırladaq ki, gələn il icmal və dövlət büdcəsində “qara qızıl”ın qiyməti 65 dollar səviyyəsində götürülüb. Beynəlxalq analitik mərkəzlərin 2026-cı ilə dair proqnozları isə daha aşağı qiymətləri göstərir. Bu baxımdan ARDNF-in gəlirlərinin formalaşmasında aktivlərin idarə edilməsinin rolu daha çox ön plana çıxır. Oktyabrın 1-nə olan məlumata görə, ARDNF-in aktivləri ilin əvvəlinə nisbətən 16,9 faiz artaraq 70,16 milyard ABŞ dollarına yüksəlib. Hesablama Palatasının rəyinə görə, bu artımda əsas rol qızıl aktivlərinə məxsusdur. Belə ki, 2024-cü il 1 iyul – 2025-ci il 1 oktyabr dövründə Fondun xalis maliyyə aktivlərinin əsas komponenti olan qızıl ehtiyatlarında 14,5 milyard ABŞ dolları (24,7 milyard manat) həcmində artım qeydə alınıb. Bu artım həm qızıl ehtiyatlarının həcminin, həm də qızılın qiymətinin yüksəlməsi ilə bağlıdır. Müvafiq dövrdə ARDNF-in qızıl ehtiyatı 114,9 tondan 184,8 tona (5 940 406 troya unsiyası) yüksəlib. Qızılın bir unsiyasının qiyməti isə 2 327,8 ABŞ dollarından 3 886,1 ABŞ dollarınadək artıb. Rəydə qeyd olunur ki, Fondun investisiya portfelində səhm aktivlərinin də yüksək paya sahib olması (25,8 faiz) gəlirlilik gözləntilərini artırır. Təkcə 2025-ci ilin iyul-avqust aylarında xalis maliyyə aktivləri üzrə Fondun vəsaitlərinin qalığında 1,1 milyard manat artım müşahidə olunub. Qlobal maliyyə institutlarının və analitik mərkəzlərin qızılın qiyməti ilə bağlı proqnozları isə qızıl ehtiyatlarının 2026-cı ildə də xalis maliyyə aktivlərini dəstəkləməyə davam edəcəyini göstərir, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |