Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Akif Qurbanov: Milli istiqlal və insanların hürriyyəti bir-birindən ayrılmazdır

Akif Qurbanov: Milli istiqlal və insanların hürriyyəti bir-birindən ayrılmazdır


Dünən, 20:47.
title}


Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov həbsxanadan məktub yazıb.

Civilazerbaijan.com
Toplum TV-yə istinadla həmin yazını təqdim edir:

Mirzə Fətəli Axundovla başlayan, Həsən bəy Zərdabinin “Əkinçi”si ilə davam edən Azərbaycan maarifçilik hərəkatı Mirzə Cəlilin “Molla Nəsrəddin”i ilə inkişaf etdi.

Çar Rusiyasında 1905-ci il inqilabından sonra başlayan demokratikləşmə prosesi, Duma seçkiləri, yerli bələdiyyələrin seçkilərlə formalaşması, verilən cüzi azadlıqlar maariflənmə prosesini daha da gücləndirdi.

Yerli xalqların, o cümlədən, müsəlmanların dilində məktəblər, qəzetlər və s. açıldı. I Dünya müharibəsindəki uğursuzluqlar və iqtisadi böhran 1917-ci il Fevral inqilabı ilə nəticələndi. Bununla da demokratikləşmə, federallaşma, ədəmi-mərkəziyyətçilik (əks-mərkəzləşmə, desentralizasiya), millətləşmə, milli istiqlal ideyaları meydana gəldi.

Proses bizim üçün 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin elanına gətirib çıxardı. Maariflənmə prosesi, aydınların və ədiblərin qələmi ilə başlayan oyanış, diriliş sonda Şərqdə ilk demokratik respublikanın yaranması ilə yekunlaşdı.

Oxşar hadisələr SSRİ tarixində də yaşandı. 1985-ci ildə Mixail Qorbaçovla başlayan “aşkarlıq” və “yenidənqurma” hərəkatı İttifaqın subyektlərində siyasi yumşalmalar və ictimai aktivlik yaratdı, müstəqil qruplar, təşkilatlar və birliklər formalaşdı. Prosesin kulminasiya nöqtəsi 1988-ci ilin noyabrında ümumxalq hərəkatının formalaşması oldu. SSRİ-ni bürüyən xalq hərəkatları və milli etirazlar sonda milli istiqlalımızı bərpa etməyimizlə nəticələndi. Elə buna görə də tariximizdə 18 noyabr 1988-ci il Milli Dirçəliş Günü kimi qeyd edilir.

Artıq 2025-ci ildəyik, həmin hadisələrdən 37 il keçib. Qurucu babalarımızın “Millətlərə istiqlal, insanlara hürriyyət” amalı və idealları üzərində qurulan milli davasının bir hissəsi - “milli istiqlalımız” təmin edilib.

Qalır digəri - “İnsanlara hürriyyət”, yəni azadlıq. Hürriyyətimizin də əldə olunması üçün diriliyə ehtiyac var. Hər kəsin diriliyinə. Fərdlərin diriliyi sonda milli diriliyə çevrilir. Beləliklə, milli amal, ideal formalaşır.

Bəs dirilik, milli dirilik nədir?

Böyük Rəsulzadənin hələ 1914-cü ildə yazdığı “Dirilik” və “Milli dirilik” adlı məqalələri 110 il keçməsinə baxmayaraq, bu gün üçün də aktuallıq kəsb edir. O yazılardan bəzi qeydlərə baxaq.

“Dünya axirətin əkin yeridir. Əkin yerini abad etmək lazımdır. Buna da ancaq dirilər yarayır. Dirilik isə elmi və ruhi-cismani cəhətdən qüvvətli olmaqdan və sevməkdən ibarətdir. Xüsusi mənası isə dünyapərəstlikdir. Dirilik nədir? Sufilər, filosoflar nə deyirlərsə-desinlər, dirilik dünyanı sevməkdən, öz həqiqi hüquq və haqlarını mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir.

Diriliklərin ən qiymətlisi də milli dirilikdir. Milli vicdan və yaxud milli iman - milli dirilikdəki amal və arzuların mövcudiyyətindən, onun hiss və bəyan edilməsindən əmələ gəlir. Təkcə hər millətin yox, hətta hər bir şəxsin özünə aid amalı, ideyası, məfkürəsi var. Şəxsin amalı təbii ki, öz gücü və əqidəsi ilə uyğun olur. Amal fəaliyyətdə tərəqqiyə səbəb olur. Şəxslər amalsız yaşaya bilmədikləri kimi, millətlər də yaşaya bilməz.

Şəxsi amallar böyük ola bilməz. Amma bir fərd öz mühitinin faydasını düşünərək, şəxsi üçün yox, millətin naminə bir amala nail olmaq istəsə, buna böyük amal demək olar. Belə adamlara böyük amalpərvər, məfkürəçi adı verilir. Öz şəxsi məqsədi xaricində, mühitin ehtiyacı ilə məşğul olan, onun səadətini özünə məqsəd seçən və bu məqsədə şəxsi amalı kimi xidmət edənlər həmin böyük amalpərvərlərdir. Bir millət arasında bu cür şəxslər məhdud olsa və ya mövcud olmasa, o millət müstəqil və sağlam bir mövcudiyyət üzü görməz. Başqalarının əlaltısı olub, ayaqlar altında əzilib gedər.

Rusiyanın keçirmiş olduğu o məşhur illərdə biz təlatümə düçar olmuş bir gəmiyə bənzəyirdik. Haraya gedəcəyimizi və qurtuluş sahilinin hansı tərəfdə göründüyünü bilmirdik. Hər halda sükanı hansısa tərəfə döndərmək lazım gəlirdi. Biz də bizimlə birlikdə təhlükəyə tutulmuş digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi yönə çevirdik. Təbii ki, əlimiz sükanda titrəyir, ürəklərimiz də məchul bir aqibət qarşısında çırpınırdı.

Bəli, tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər ölümcüldürsə, tarixi anlar yaşayan bir millət üçün də amalsızlıq bir o qədər öldürücüdür.
Yenidən gözlənilməz bir hal qarşısında qalırıqsa, titrəməz bir ələ malikmiyik ki, gəmimizin sükanını bərk-bərk tutub məqsəd tərəfə yönəldək? Verilməli olan sual budur.

Məncə, gəmiçilikdə tələb olunan asimanşünaslığı bilmədən gedəcəyik. Yolun ulduzunu tanımadıqca, əli titrəməyən sükançını da tapa bilməyəcəyik. Məqsədimizi nişan verən o parlaq ulduzu hələ kəşf edə bilməmişik. Bu ulduzu necə kəşf etmək olar? Bax, hamımızın düşünməli olduğumuz məsələ budur.

Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq xarici görünüşə baxmışıq və qalibi təqlid etməyə çalışmışıq. Bizdə işlərimizin ruh və mənəviyyatına aid böyük bir boşluq var: amal, ideya boşluğu. Bu boşluq hər tərəfdə hiss olunur. Ehtiyaclarımız anlaşılandan sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin xilaskarı ola biləcək böyük amalı tapmaq müşkül bir iş deyil”.

Rəsulzadənin yazdığı milli dirilik fikirləri özünü doğrultdu və “millətlərə istiqlal, insanlara hürriyyət” əsas amala çevrildi. Bu amal ölkəmizin demokratik, hürriyyətçi vizyonunu yaradırdı.

1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan özünü Azərbaycan Cümhuriyyətinin varisi elan etdi. Lakin istər Cümhuriyyətin 1920-ci ildə işğalı, istərsə də 1990-1993-cü illərdə Qarabağ mövzusu ətrafında baş verən üç hakimiyyət dəyişikliyi bu milli amalı və qurucu babaların vizyonunu tam gerçəkləşdirməyə imkan vermədi. Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi, ərazi bütövlüyünü bərpa etməsi və suverenliyin təminı “milli istiqlal” idealının reallaşması deməkdir. Lakin unutmamalıyıq ki, milli istiqlal və insanların hürriyyəti bir-birindən ayrılmazdır. Bunlardan birinin qalıcı olması digərinin təmininə bağlıdır. Ona görə də qurucu babalarımızın əsasını qoyduğu ideala tam nail olmağın vaxtı çatıb. Biz bu vizyonu davam etdirməliyik. Bunun üçün artıq “Post-Qarabağ” gündəliyinə keçməyin zamanı yetişib.

Bu gündəliyin aparıcı elementləri aşağıdakılar olmalıdır:

- ölkədə avtoritarizmin qidası olan ifrat etatist siyasi təfəkkürdən imtina, çağdaş-demokratik siyasi sistemə keçid;
- ictimai idarəçiliyə və seçki sisteminə etimadın bərpası;
- desentralizasiyanın təmin olunması və bölgələrarası inkişafdakı ciddi disbalansın aradan qaldırılması;
- regionların yaşana bilən məkana çevrilməsi;
- siyasi mənşəli gəlir bərabərsizliyinin və endemik korrupsiyanın qarşısının alınması;
- keyfiyyətli həyat standartlarının inkişaf etdirilməsi.


Geopolitik maraq toqquşmalarının, müharibələrin, avtoritar və populist ritorikanın hətta demokratik ölkələrdə belə güclənməsi fonunda gələcək, ilk baxışdan, pessimist görünür. Sanki dünyanın zayı çıxıb: xaos, güc siyasəti, hüququn arxa plana keçməsi görüntüləri artmaqdadır. Lakin tarixi proseslər göstərir ki, hər kataklizmdən, böhrandan və müharibədən sonra bəşəriyyət yenidən insanpərvərliyə doğru inkişaf edib. Heç şübhəsiz, istər Yaxın Şərqdə, istərsə də postsovet məkanında hürriyyət gələcək, məhdud azadlıqlar genişlənəcək. Birinci və İkinci Dünya müharibələrindən sonra bütün xalqlar məğlub və ya qalib olmasından asılı olmayaraq Rusiya təsiri altında olan millətlərin hürriyyətində və istiqlalında ciddi dalğalanmalar yaşandı. İndi də eyni proses qaçılmazdır.

Ukraynada istər Rusiya məğlub olsun, istər qalib - hər iki halda avtoritar modelin davamı real görünmür. Rusiya xalqı üçün bu müharibənin heç bir halda uduşu yoxdur. İqtisadi və sosial çətinliklər qaçılmazdır. Müharibə dayanandan sonra ölkə daxilində hesab sorulacaq. Putin avtoritarizmi iqtisadi-sosial tənəzzülün məsuliyyətindən yayına bilməyəcək. Eynilə, İranın da əvvəlki idarəetmə forması keçərli olmayacaq. Artıq hüquqların boğulmasında müəyyən yumşalmalar görünməkdədir.

Yaxın Şərqdə Qəzza və Suriya ətrafında əldə olunan atəşkəs davamlı olarsa və İsrail təcavüzü cilovlanarsa, müəyyən müddətdən sonra İsraildə də Netanyahu hökuməti qarşısında daxili “haqq-hesab” dövrü başlayacaq. Dünyanın hər yerində toplumlar yorulub - Avropada, Amerikada, Yaxın Şərqdə, Rusiyada və bizim regionumuzda insanlar bu gərginliklərdən usanıblar. Necə ki, nəhayət, Qərb cəmiyyətləri İsrailin hədsiz militarist siyasətinə səsini qaldırdı.

Regionumuz üçün də nəzərə almalıyıq ki, Cənubi Qafqazda münaqişənin başa çatması avtoritarizmin münbit zəminini daraldır. Əksinə, sabitlik və sülh mühiti azadlıqlara imkan açır. Sülh müqaviləsi imzalandıqdan sonra mövcud idarəetmə sistemi ilə davam etmək mümkün olmayacaq. Ermənistanla normallaşma fonunda Azərbaycanın hazırkı idarəetmə modeli ictimai legitimliyini köhnə metodlarla möhkəmləndirə bilməyəcək. Qərblə yeni münasibətlər də bu transformasiyanı diqtə edəcək.

Beləliklə, bütün çətinliklərə baxmayaraq, Rəsulzadənin vurğuladığı kimi, o günə, yəni hürriyyətin tam təmin olunacağı günə hazır olmalıyıq. O gün düşünüldüyü qədər uzaqda deyil. Bunun üçün mütərəqqi insanlar hürriyyət əsaslı “Post-Qarabağ” gündəliyini özünə amal seçməli, bu istiqamətdə müzakirələr aparmalıdır. Biz sizə azadlıqdan, demokratiyadan, respublikaçılıqdan yazacağıq. Siz də yazın, müzakirə edin. Bizə nə lazımdır? Niyə lazımdır? Milli ideyalarımız nə ola bilər?

Böyük Rəsulzadənin dediyi kimi: “Bizim gücümüz haqqımızdır. Haqq yoluna inancımız istiqlalımızın ən uca şüarı olduğu kimi, bütün müvəffəqiyyətlərimizin də bayraqdarıdır”.
Geri qayıt