Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Əlisəmid Kür. Qan-tər içində - ŞEİRLƏR
Əlisəmid Kür. Qan-tər içində - ŞEİRLƏRBu gün, 15:14. |
|
Əlisəmid Kür 8 fevral 1954-cü ildə Salyan şəhərində müəllim ailəsində doğulub. 1971-ci ildə Salyan şəhər 3 saylı orta məktəbini fərqlənmə attestatı, 1981-ci ildə isə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1989-cu ildə AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları bürosunda şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə "Yol" ədəbiyyat qəzetinin baş redaktoru vəzifəsində işləyib. 1989-1995-ci illərdə AYB-nin idarə heyətinin üzvü olub. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. 20 il ərzində dünyanın bir çox şəhərlərində təşkil edilən şeir toplantılarında Azərbaycanı təmsil edib. "Rəngli kölgələr" (Bakı, "Yazıçı", 1989), "Əlisəmid və qırx tanış üz" (Bakı, "İşıq", 1991), "Kentavr" (Bakı,"Sabah", 1995), "Çaylar məcrasından çıxanda" (Bakı, "Vektor", 2004), "Sonuncu dua" (Təbriz, "Dənizçin", 2013) kitbları nəşr olunub. Ədəbi fəaliyyətinə görə "Qızıl çələng" (Türkiyə, Antaliya, 1992), "Vektor" Beynəlxalq Elmi Mərkəzinin poeziya mükafatı (2003), Beynəlxalq Rəsul Rza mükafatı laureatı (2004) və "Türk ədəbiyyatına xidmətlərinə görə" ədəbiyyat ödülü (Ankara, 2014) ədəbi mükafatlara layiq görülüb. Əlisəmid Kür 13 okyabr 2025-ci ildə Bakı şəhərində vəfat edib. Civilazerbaijan.com Əlisəmid Kürün bir neçə şeirini təqdim edir: Əlisəmid Kür QAN-TƏR İÇİNDƏ şeirlər ATAMIN AYAQLARI Hara getdim dara düşdüm Atamın ayaqları süründü arxamca İndi Atamın ayaqları Sibirdi Özü kimi ayaqları da yuxusuz… Üz sürtdüm ayaqlarına, Qəlpə giziltisindən Diksindi qulaqlarım. Çəliyi ayaqlarına başdaşı Atam! Səcdənə gəldim, Ayaqlarını suya qoy, Dirilik suyu kimi ayağının suyunu içim Atam oy! Əlimdən nə gəlir daha Ayaqlarımı verim, yeri, Atam! Laylay atam, ayaqlarına laylay! Ayaqları yuxusuz, əlləri oyaq, ürəyi dipdiri Pir Atam! ADAM CİBİNDƏN ÜŞÜYƏR Nə baxırsan yoxsul bəyə, Nə gülürsən bu kişiyə?!. Ağac içindən oyular, – Adam cibindən üşüyər… Pul əl çirkidi… Yalandı. Malın verən canın verər. Ağac içindən sıyrılar, Adam canından çürüyər. Kasıb qəribdi Vətəndə, – Qalıb yollarda tövşüyər. Adam canından sıyrılar, Adam cibindən üşüyər. DƏNSİZ DƏYİRMAN DAŞLARI Fırlanır dəyirman daşı Baxıram, başım fırlanır. Fırlanır dünya başıma Torpağım, daşım fırlanır. Saçı-saqqalı ağarmış Sığal çəkmə alt daşına, üst daşına. Un ələnmir üst-başına. Dənsiz dəyirman daşları qəm ələyir, Dərd üyüdür ömrün qışına. Bu çərxi-dövran daşları Dəyir, bir-birinə dəyir. Dənsiz dəyirman daşları Yeyir, bir-birini yeyir. Acıdı dəyirman daşları Dən gözləyir əvvəl-axır. Tanrı dinmir,Tanrı susub Çörəyimiz daşdan çıxır. UZUN AYRILIQDAN SONRA Uzun ayrılıqdan sonra dönəndə Vətənə Kimi qucaqlasam birinci, Qarşıma çıxanların heç biri inciməz. Bir dost yazmışdı mənə: “Sən qəribəsən, biz-yol gözləyən.” Məni qarşılayanların Heç biri inciməz, anam, Səni qucaqlasam hamıdan əvvəl. Uzun ayrılıqdan sonra Yenidən sevmək Yenidən doğulmaq kimi gəlir insana, İzn ver oğluna yenidən doğulmağa, Aç qoynunu, ana! Qol-boyun gördükcə bizi Dostlar da başlayar Bir-birini qucaqlamağa. ALO, MƏN SƏNİ GÖRÜRƏM Yuxarı mərtəbədən gələn mahnı Ürəyimi göynədən vaxtda əllərim qoynumda uzanmışam çarpayıda. Tavandan,divarlardan Kədərli üzlər, Dilxor maskalar asılır Səni düşündükcə, qızım! Hər oxunan nəğmə Bir doğma anı yada salar, Hər tanış səs bir doğma üzü Canlandırar gözlərimizdə… Telefon zəngi. -Alo, Bakıyla danışın. -Al-lo! Qızım, sənsənmi?! -… -Al-lo! …2400 kilometrlik həsrətin içində Qatar keçdi deyəsən. Bir zahı bulud Silkələdi telefon xətlərini. Yüz saniyəlik sükutun arxasına Sığdı bir insan ömrü. -Alo! Alo!! -A-ta! A-ta! …Üzün yadımdan çıxır, İlğım axır dalğa-dalğa Yaddaşımın dörd olmuş gözündən. Yuxu da yalanmış, fotoşəkil də yalan… -Alo! Alo! -Ata, məni eşidirsən? -Al-lo, mən səni görürəm, qızım… QAN-TƏR İÇİNDƏ Əqrəbləri itmiş saat kimiyəm, Vaxt ölür, çökür içimdə. Cin çapmış at kimiyəm, Qan-tər içindəyəm, anam, Qan-tər içində. Zaman dolaşıq nər qovğasında Şeytan-mələk davasında Ürəyim əlimdən gedir, Çırpınır qollarım qoynumda, Gecəm qan-tər içində,anam, Günüm qan-tər içində. Bu əlim,bu da lal dilim, Sözü xəmir kimi yoğuran dilim, Cadar-cadar, dilim-dilim Söz əkib-becərən dilim, Sözüm qan-tər içində,anam, Dilim qan-tər içində, Alnımın qırış yerindən Taleyin çaparı keçir. Bu yurdun süyər yerindən Bir ölüm qatarı keçir, Elim qan-tər içində, anam, Obam qan-tər içində. Toxdayıb, səbrimdən asıldım, Buğlanıb, ruhumdan asıldım, Can hamı, qəbrimə qısıldım, Söndüm qan-tər içində, anam, Öldüm qan-tər içində. Sən - dərzi qız … Ömrü parça-parça dağılmış, misraları yetim, balaları dərbədər. Bu yalquzaq ömrümə hardan gəlib çıxdın, dərzi qız?.. Baxıb bu dünyaya nəğmələr oxuyurdun, təzə-təzə söz tikirdin köynəklərin yaxalığına. Ürəyində ev tikirdin, ev qururdun yalqız-yalqız Bu yalquzaq ömrümə hardan gəlib çıxdın, dərzi qız?! Mənə çox şeyləri öyrədib şəhər, qızdırma içində, “narkoz” altında. Mənim ürəyimin çiçək yerindən bir kafe sökülüb “Nərgiz” adında. Sən ki, ürəyində ev tikirdin, ev qururdun yalqız-yalqız. Bu yalquzaq ömrümə hardan gəlib çıxdın, dərzi qız?.. İndi buyur, dağılan taleyi təzədən qur. Ömründən təzə parça kəs, cala ömrümə. Həsrətimi qayçıla, dərdlərimi yama. Mən yalquzaq, Sən - dərzi qız. Yana-yana, dərzi qız, yana-yana. AD GÜNÜ KEÇİRMİR HƏBSXANALAR Bir qədəh zəhər, boyu uzunu ipək kəndir gətirdilər şairə ad günündə. Səslər gəldi qulağına: – İçək sənin sağlığına! İçmədi!.. – İpək kəndir ölçülübdür boynuna, Keçmədi… Pıçıldadı öz-özünə öz qanını içən şair, «Azadlıq» sözündən asılan şair: – Ad günü keçirmir həbsxanalar! …Qismət etmə kafirə də kamerada, dar otaqda dönə saat kəfkirinə; Neçə kilometr yol gəldi şair, Yol uzanır, yol uzanır Azadlığın ad gününə burulğanlar içindən… Səsin gəlsin, Xəlil Rza, Səsin gəlsin, Ad günü keçirmir həbsxanalar!.. ADAŞIM, BALABANÇI KOR ƏLİSƏMİD – Bir adaşım yaşayır Kürdəmirdə, Muradxanlı kəndində Gecəyarı ekranda gördüm Xəzər TV-də. Əvvəl-əvvəl danışmadı, dinmədi, dizləri üstə gözləri yol çəkdi barmaqlarımın. Sonra adamlar yığışıb könlünü aldılar onun, ovutdular. Çıxartdı üzə balabanı. Dedi, mənim işim balabanla, neylədi. Adaşım, balabançı kor Əlisəmid. Sonra gör neylədi adaşım, balabançı Kor Əlisəmid. Qəfil nəfəs verdi balabana, Sığalladı asta-asta, bala-bala. Asta çaldı balabanı. Hərəkəti yavaş-yavaş, bala-bala. Dağı arana daşıdı, aranı dağa. Anasının balasını ağlatdı, balasının anasını ağlatdı. Qəribi çağırdı qürbətdən, həsrətdən yolu-yolağa. Qəfil balabanı qoydu qırağa, Ürəyinin işığı üzündə, üzü nur, üzü pir Əlisəmid. Çalğı çoxdan qurtarıb, nə baxırsan? Əlləri üzündə, gözləri barmaqlarının ucunda, adaşım, balabançı Kor Əlisəmid. AĞI Dəli çayların axarı suların səsindən bəlli. Mən keçdim, Sən keçənmədin. Torpağım heeey! Sirri kor quyu dibində, Dərdi üzündən bəlli. Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi Millətim heeey! Tapdaq altda gözü qalan ocaq külündən bəlli. Qorxağı qaçmağından, İgidi ölümündən bəlli. Məmləkətim heeey! Yurdu talan olanım İndii həsrətlə qol-boyun. Ulayım qurdtək, ulayım Millətim heeey! Məmləkətim heeey! DİLİNDƏ SONUNCU DUA Dostum Rafael Aydınoğluna Məni çox incitmə, Tanrım, Özün göndərən bəlayam. Mən şeytana papış tikən Sənin ərköyün balanam. Nə Qurana əl basmışam, Nə də xaç çəkmişəm, Tanrım! Sənə qulaq asmamışam, – Sənnən çox çəkmişəm, Tanrım! Dərdin göyçəyin yollayan Gərək bəndəsin də duya. Qoymaya tövbə etməyə, Dilində sonuncu dua. Mən səndən küsmüşəm, Tanrım! Üzə durdum hansı haqqla? Ömrü borc vermisən, Tanrım, Al ruhumu girov saxla! DÜNYANIN YALAN GÜNÜ Rəsul Rzaya Ölümünlə aldatdın bizi aprelin birində – başaldatdı günü. Yüyürdüm ölümün ardınca; İnsan axını yol vermədi çiynimi verəm tabutun altına. …Ölümün utana-utana gəlmişdi Fəxri xiyabana. Çəkinə-çəkinə, qızara-qızara girmişdi məzara. Amma Sən, «özün almışdın çiyninə tabutunu». O gün köşklərdə çiçək qalmamışdı, O gün şehli göz yaşlarıyla çiçəkləmişdi tabutun da! Səndən uzaq. Səndən nigaran ölümündən xəbərsizdi Nigarın… Dilim sözə möhtac, əli gəlmirdi ölümünə nəğmə qoşmağa. «Belə olurmuş demək» dünyanın yalan günü adam aldatmaq?! Ölüm xəbəriylə adlamı aldatmazlar, ustad! QAN BAHASINA …Əvvəl-axır buludlar dağılacaq yağışların qanı bahasına Çəmənlər saralacaq çiçəklərin qanı bahasına. Əvvəl-axır sevgilər yetim qalacaq aşıqlərin qanı bahasına Köklənib ayrılıq havasına yollar dərvişlərə qalar, bir də qaraçı köçünə – mahnıların qanı bahasına. Hamı sevgidən doğulmur, Hamı sevgiyə möhtacdı. Əvvəl-axır söz dedim, könül açdım. Söz dedim sevdiyim qədər – ürəyimin qanı bahasına . buludlar dağıldı, keçər… çəmənlər saralıb, köçər… Sözlərim ürəyimin qanını içər, İçər, – ömrümün qanı bahasına. …Qiyamət günüdü yoxsa, Yoxsa Miflərin dağılan günü… Uğultusu eşidilir dərdlərin, Zəlzələsi qabaqdadı kədərlərin. ADAMLAR DƏYİŞİR HAVALAR KİMİ Çəkilib uzaqdan baxdım özümə, – Gördüm görkəmim dəyişib, Üst-başım tamam köhnəlib, Dabanı yeyilib çəkmələrimin… Tanrının gözünə dik baxdığımdan Xəbərim olmayıb üzümə düşən qırışdan Yaman inanmışam arvad sözünə: «- Dağa bənzəyirsən sən bu duruşda». Güzgüdə özünə baxıb göz vuran O şux, o kür adam mən deyilmişəm. Adamlar dəyişir havalar kimi İlahi, mən niyə dəyişməmişəm?! Dünyaya piyada gəlib-gedənlər Odu eee… yanımdan atlanıb keçir. Ürək qızdırdığım, çörək kəsdiyim Qəfildən üstümdən atdanıb keçir. Mən koram… Sən hara baxırsan, Tanrım! Sənin də oyunun yamannan-yaman. Haqqın tərəzisi qurulan vaxtı Kiminə taxt verdin, kiminə palan. Çəkilib uzaqdan özümə baxdım, – bir də üzə gülüb, arxamca daş atanlara… Yol üstə ilantək qıvrılanlara… Başımın üstündə qovğalar kimi Bu yağış adamlar, külək adamlar – Bu payız oğlanlar, bu qış gözəllər, Bu külək oğlanlar, kələk oğlanlar, Bu payız gözəllər, bu xəzəl qızlar, Dayanıb yolumda qovğalar kimi, – Adamlar dəyişir havalar kimi, – Niyə dəyişmədin, Cəfərin oğlu?! KENTAVR Bir gecə vağzalın yanından keçəndə şəhərdə qəfildən işıqlar söndü. Kürəyində yük daşıyan adamlar mənə KENTAVRLARI xatırlatdı… Bir də qulaqlarıma at kişnərtisi gəldi… Dərdin arxasınca dördnala çapan Bədəni at, başı adam, Bu yarıat, yarıadam Qaçmağa hallı adam hara gedir, Yaradan?! Sözünün dalında dağ kimi durub, Hər gün bir sevdayla döyüşə gedir. Dalına atdığı şələyə baxmır. Xəndəyə yıxılmır, tələyə baxmır, Özüylə söyüşə-söyüşə gedir. At kimi yeriyir qəmin üstünə Çapır, dördnala çapır, Hara gedir qəm gətirir Bir gün çörək tapır, bir gün də tapmır… «Mersedes» gözəllər keçir yanından Vaxtı yox onlara gözucu baxa. Faytona qoşulmuş ata boylanır, Bu yarıat, yarıadama ana boylanır ata boylanır. Kentavr şəhərdən baş aça bilmir. Dəyənək qorxusu çıxmır canından. Bu köçkün kentavr, qaçqın kentavr Polisin əlindən qaça da bilmir. Bu qovur, o qovur, Göydə Allah qovur, yerdə bəndəsi Kəpənək yuxusu qaçıb gözündən Hələ kütə gedir onun kündəsi. – Hara gedirsən, KENTAVR? – Kimdən qaçrsan, KENTAVR? Başın bədənindən ayrı, Bədənin başından ayrı, Özün-özündən qaçırsan, Gedirsən qəmin üstünə söyüşə-söyüşə, Yaşamaqçün, ölməməkçün Atlar örüşə gedir, Kentavrlar – döyüşə! *** Bir üzü var çörəyin – arxası təndirdə qalır. Bir üzü var torpağın – ha şumla, çevir üstünə arxasını görməzsən; Torpağın bir üzü var kürəyini görməzsən! Çörəyini yeməzsən yalanın Yalanın min üzü var. Mən sözü üzə şax dedim Sözümün bir üzü var – Əlisəmidin bir üzü var. GECƏLƏR SƏN YATANDAN SONRA Gecələr sən yatandan sonra Öpürəm alnından, Keçirəm yan otağa – Bir ağ varağa yoldaş olmağa. Ürəyim atlanır varağın üstə Sənə xəyanətim – yuxusuz gecə İndi bax, indi bax, Məni silkələyən səs qoşulub Unudub özümü çıxıb gedəcəm. Gecələri yatmadığım günlər artır – Sözlərim bir yandan. Hansı misram oyaq deyilsə, Yatır mənim əvəzimə. Üstü açıq yatır narahat sözlər, Səksənib ayılsan Üstünü örtərsən misralarımın.. Gecələr sən yatandan sonra Öpürəm alnından, Keçirəm yan otağa – Bir ağ varağa yoldaş olmağa. Geri qayıt |