Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Deputat Ülvi Quliyevin oğluna bu dəfə 32 milyonluq layihə verilib
Deputat Ülvi Quliyevin oğluna bu dəfə 32 milyonluq layihə verilib27-11-2025, 17:39. |
|
3 həftə əvvəl Meydan TV 20 ildən artıqdır deputat olan Ülvi Quliyevin oğlu Orxan Quluzadəyə məxsus “Diler İnşaat” QSC adlı şirkət barədə araşdırma dərc etmişdi. Civilazerbaijan.com bildirir ki, araşdırmada şirkətin Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün 2 ədəd tenderdə qalib gəldiyi qeyd olunurdu. Qalib şirkətə bu layihə üçün 15.8 milyon manat ödənilib. Şirkət bu gün eyni layihə üzrə yenidən tender qazanıb. Dövlət satınalmalarının vahid internet portalında qeyd edilən məlumata əsasən, bunun üçün şirkətə 32 milyon manata yaxın vəsait ödənəcək. QSC bu dəfə Ağdam şəhərindəki 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması işlərini həyata keçirəcək. “Diler İnşaat” QSC ölkənin tanınmış “Trump Tower”, “Flame Towers”, “Socar Tower”, “Port Baku Towers”, “Dəniz oteli Crescent Hotel”, “Dəniz Mall” kimi layihələrin tikintisində də iştirak edib. Araşdırmada qeyd olunub ki, şirkət əvvəlcə “Orxan 1989” MMC adı ilə təsis edilib. Daha sonra “Diler İnşaat” MMC, sonra da “Diler İnşaat” QSC olaraq dəyişdirilib. Sahibkar Orxan Quluzadə bundan əlavə “Loğman Farm” MMC adlı şirkətin də təsisçisidir. Həmin şirkət də satınalmalar portalında qeyd olunana görə bir neçə dəfə tenderlərin qalibi elan edilib. Dövlət satınalmalarının vahid internet portalı Geri qayıt |