Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Saleh Rüstəmovun ailəsi: 24 saatdır ondan xəbər yoxdur
Saleh Rüstəmovun ailəsi: 24 saatdır ondan xəbər yoxdur30-11-2025, 16:01. |
|
Dünən, noyabrın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Gədəbəy rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakıya aparılan Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur. Civilazerbaijan.com bildirir ki, ailəsinin dediyinə görə, ötən gün Saleh Rüstəmov saxlanılarkən ona bildirilib ki, uzaqbaşı, bir günə sərbəst buraxılacaq. “Atam özü ilə əlavə paltar götürmək istəyəndə belə, əməkdaşlar buna ehtiyac olmadığını, uzağı sabaha buraxılacağını and-aman edirdilər. Bunun üstündən bir sutka keçib və biz atamı tapa bilmirik. Biz artıq bir dəfə bunu keçmişik. Atam 2018-ci ildə həbs ediləndə də günlərlə yerini bilmədik, sonra məlum oldu ki, ağır işgəncələrə məruz qalırdı. Bəs etmədi, öldürmək qərarına gəldiniz?”, – Saleh Rüstəmovun oğlu Sezgin Rüstəmov sosial şəbəkədə yazıb. Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov Meydan TV-yə bildirib ki, bu gün, noyabrın 30-da DTX-ya zəng edib, istintaq qrupunun rəhbəri ona Saleh Rüstəmovun ora gətirilmədiyini bildirib. “Saleh Rüstəmovu noyabrın 29-da, axşam saatlarında aparıblar. Həbsdən azad olunandan sonra işləmək üçün Qazaxıstana getmişdi. Çünki Rusiyada Federal Təhlükəsizlik Xidməti onu incidirdi. Sonra bacısı qızı rəhmətə getdiyi üçün o, Azərbaycana gəldi, burada da çıxışına qadağa qoydular. Saleh Rüstəmovun heç bir siyasi fəaliyyəti yoxdur. Ona qoyulan qadağa ilə bağlı Daxili İşlər Nazirliyi, DTX və Baş Prokurorluğa sorğu göndərmişəm, hələ də cavab verməyiblər”, – Bəhruz Bayramov qeyd edib. Saleh Rüstəmov bundan əvvəl AXCP-yə qanunsuz maliyyə yardımında ittiham olunaraq həbs edilmişdi, sonradan həbs müddəti başa çatmamış prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı. O, həbsi ilə bağlı ittihamı qəbul etmirdi. Dünən, noyabrın 29-da həm də AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin saxlanılması və evlərində axtarış aparılması barədə məlumatlar yayılıb. Həmçinin partiyanın bir neçə funksionerinin də saxlanıldığı bildirilirdi. Noyabrın 30-na keçən gecə hazırda İstanbulda olan Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını özünün “Facebook” hesabında yazaraq bildirib. Onun Azərbaycana deportasiya olunacağı ehtimal edilir. Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmənin, bugünlərdə dövlətə xəyanət və bir sıra ittihamlarla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə əlaqədar olduğu bildirilir. (Mənbə: Meydan TV) Geri qayıt |