Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Korrupsiya və rüşvətxorluq Avropa Parlamentində dərin kök salıb - MİLLİ MƏCLİS

Korrupsiya və rüşvətxorluq Avropa Parlamentində dərin kök salıb - MİLLİ MƏCLİS


Dünən, 15:23.
title}


Milli Məclis Avropa Parlamentinin Azərbaycandan siyasi məhbusların azadlığa buraxılmasını tələb edən qətnaməsinə cavab verib.

Civilazerbaijan.com
bildirir ki, yerli medianın xəbərinə görə, dekabrın 19-da Milli Məclisdə keçirilən iclasda bəyanatın mətnini deputat Şahin İsmayılov oxuyub.

Bəyanatda Milli Məclisin Avropa Parlamentinin qətnaməsini "şiddətlə qınadığı və qəti etirazını bildirdiyi" qeyd olunub.

"Bu sənəd qanunun aliliyinə kölgə salmaq və məhkəmə proseslərinə müdaxilə üçün göstərilən növbəti cəhddir. Avropa Parlamenti insan hüquqları kimi önəmli mövzudan öz təxribatçı niyyətləri üçün istifadəyə davam edir. Torpaqlarımızın işğal altında qalmasına, 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarına daim etinasız qalmış Avropa Parlamenti Azərbaycan əleyhinə 10-dan artıq rüsvayçı bəyanat qəbul edib", - deyə vurğulanıb.

Daha sonra bildirilib ki, Avropa Parlamentində qətnamələr "konkret maraq qrupları tərəfindən" qəbul edilir.

"Bu, Avropa Parlamentinin düşdüyü acınacaqlı vəziyyətdən xəbər verir. Qəbul edilən qətnamə Avropa Parlamentinin əsl mahiyyətini, real niyyətini ifşa edir. Korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində dərin kök saldığını göstərən faktlar ifşa olunub", - deyə əlavə olunub.

Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğunu bildirən və Azərbaycan hökumətindən onları azad etməyi tələb edən qətnamə qəbul edib.

Qətnamədə, həmçinin, Avropa İttifaqından Azərbaycanla əməkdaşlıq sazişlərinə yenidən baxılması istənilir.
Geri qayıt