Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Azərbaycanlı Kanadada nifrət cinayətində ittiham olunur

Azərbaycanlı Kanadada nifrət cinayətində ittiham olunur


Bu gün, 15:26.
title}

Foto: AP

Bu yaxınlarda Torontoda qadınlara və yəhudilərə qarşı iddia olunan nifrət və ekstremizm motivli cinayətlərdə şübhəlilərdin biri azərbaycanlıdır və yeddi il öncə ona qaçqın statusu verilməyib.

Civilazerbaijan.com
bildirir ki, bu haqda Kanadanın “Global News” telekanalı məhkəmə sənədlərinə əsasən xəbər verir.

Osman Əzizov valideynləri ilə birlikdə 2017-ci ildə Kanada sərhədini keçib. Kanadanın İmmiqrasiya və Qaçqın İdarəsi isə Əzizovlar ailəsinin sığınacaq üçün müraciətini 2018-ci ildə rədd edib. Apelyasiya şikayəti təmin olunmayıb, Federal Məhkəmə isə 2019-cu ildə işə baxmaqdan imtina edib.

“Global News” yazır ki, Əzizov avqustda saxlananda Torontoda yaşayırdı. Onun silahla üç qadını oğurlamağa çalışdığı iddia olunur. Polis ittihamları dekabrın 19-da açıqlayıb, onların “nifrətə əsaslandığını” bildirib.

Kanadanın immiqrasiya siyasəti

19 yaşlı Əzizovla birlikdə 19 yaşlı Farad Sadaat və 26 yaşlı Valid Xan 80 maddə ilə ittiham olunur. Xan terrorçuluqda da ittiham edilir, onun İslam Dövləti (İŞİD) qruplaşması tərəfdarı olduğu bildirilir.

Əzizovun qaçqın statusu verilməməsinə baxmayaraq niyə hələ də Torontoda yaşadığı aydın deyil. Polis, vəkili açıqlama verməyib.

Azərbaycanın Ottavadakı səfirliyi də sualları cavablandırmayıb.

Dostunun telekanala dediyinə görə, ailə bu statusu ala bilməyəndən sonra Kanadada humanitar əsaslarla qalmaq üçün müraciət edib və ötən il müraciətləri qəbul edilib.

Ailəni Azərbaycandan tanıdığını deyən Ceyhun İsmayılov onların daimi rezident olduğunu söyləyib.

“Global News” qeyd edir ki, bu iş Kanadanın immiqrasiya sistemi, ictimai təhlükəsizliklə bağlı yeni suallara yol aça bilər. Avstraliyanın Sidney şəhərində antisemit qətllərdən sonra təhlükəsizlik sarıdan narahatlıq yenidən yüksəlib.

Sonuncu dəfə Ontarioda İŞİD-in ilhamlandırdığı hücumun qarşısı alınıb. “Global News” o zaman Misir doğumli şübhəlilərdən birinin keçmişindən yazmışdı. Əhməd Fuad Eldidinin 2015-ci ildə İŞİD-in yaydığı edam videosunda göründüyü bildirilirdi.

Nyu Yorkdan Kanada ilə sərhədə taksi ilə 1500 dollara

Media orqanı sənədlərə istinadla Əzizovun Kanadaya 11 yaşında gəldiyini yazır. Onlar əvvəlcə Nyu Yorka uçublar, oradan taksiyə 1500 dollar verərək Kanada ilə sərhədə gediblər. 2017-ci il martın 7-də Kanada sərhədini qanunsuz keçiblər.

Ailə qaçqın statusu üçün müraciətini belə əsaslandırıb - ata vaxtilə Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın təhlükəsizlik xidmətinin rəhbəri işlədiyini deyib. Hacıyev 2015-ci ildə Azərbaycanda mənimsəməyə görə 16 illik həbsə məhkum edilib. Həyat yoldaşının isə Britaniyadakı əmlakı müsadirə olunub.

Əzizovun atası deyib ki, bankirin həbsindən sonra polis onu dindirməyə çağırıb, həyat yoldaşını döyüb. İddiasına görə, polis onların pasportlarını alıb, 20 min dollar rüşvət tələb edib. Dediyinə görə, pulu verəndən sonra pasportlarını qaytarıblar, özlərinə də deyiblər ki, ölkədən çıxsınlar, əks halda həbs olunacaqlar.

Amma Kanada hakimiyyəti əhvalata şübhə ilə yanaşıb. Əzizovun atasının kirəmit biznesi olduğunu, Hacıyevin təhlükəsizlik başçısı olmasına dair sənəd olmadığını bildirib. Ailənin qaçqın statusu üçün müraciəti 2018-ci ildə rədd edilib. 2019-cu ildə təkrar müraciət edəndə də uduzublar, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt