Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Avropa Məhkəməsi Xədicə İsmayılovanın işi üzrə Azərbaycan hökumətini cərimələyib
Avropa Məhkəməsi Xədicə İsmayılovanın işi üzrə Azərbaycan hökumətini cərimələyibDünən, 16:15. |
|
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılovanın iki şikayəti üzrə qərarını açıqlayıb. Civilazerbaijan.com bildirir ki, bu barədə vəkil Fariz Namazlı özünün “Facebook” səhifəsində yazıb. Vəkilin bildirdiyinə görə, Məhkəmə Xədicə İsmayılovanın iki şikayətini birləşdirərək vahid qərar çıxarıb. Şikayətlər onun barəsində açılmış cinayət işi üzrə məhkum olunması və sonradan qanunvericiliyə edilən dəyişikliklərə görə cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı olub. Qeyd olunub ki, ərizəçi barəsində ittiham hökmü çıxarıldıqdan sonra – 6 may 2016-cı ildə Cinayət Məcəlləsinin 192.1-ci (dövlət qeydiyyatından keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsinə dəyişiklik edilib. Maddədə “dövlət qeydiyyatı” sözlərindən sonra mötərizədə “vergi uçotu” sözləri əlavə olunub. Bundan sonra Xədicə İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək bildirib ki, dəyişiklikdən sonra onun məhkum edildiyi əməllər artıq həmin maddə üzrə cinayət tərkibi təşkil etmir. Ərizəçi vurğulayıb ki, dəyişiklik “qanunsuz sahibkarlıq” anlayışını yalnız vergi uçotu ilə məhdudlaşdırır və o, vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyinə görə dövlət qeydiyyatı olmadan sahibkarlıq fəaliyyətinə görə məsuliyyət daşıya bilməzdi. Avropa Məhkəməsi isə qərarında bildirib ki, ərizəçinin Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə təqsirli bilinməsi Konvensiyanın 7-ci maddəsi (qanunsuz cəzalandırılmamaq) baxımından problemli olub. Məhkəmənin qənaətinə görə, “dövlət qeydiyyatı” anlayışına nə milli məhkəmələr, nə də hökumət tərəfindən aydın və konkret tərif verilməyib. Qərarda qeyd olunur ki, Cinayət Məcəlləsinin 192-ci maddəsi və “KİV haqqında” Qanunun müddəaları ərizəçinin zərərinə olaraq geniş və əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan formada şərh edilib. Məhkəmə hesab edib ki, hətta hüquqi məsləhət almaq imkanı olan peşəkar jurnalist üçün belə, bu qədər ixtiyari yanaşmanı əvvəlcədən görmək mümkün olmayıb. Bu səbəbdən, ərizəçinin “qanunsuz sahibkarlıq” ittihamı ilə məhkum edilməsi Konvensiyanın 7-ci maddəsinin pozuntusu kimi qiymətləndirilib. Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) ilə bağlı Məhkəmə bildirib ki, ərizəçi milli məhkəmələr qarşısında ciddi və əsaslı etirazlar irəli sürsə də, bu arqumentlərə adekvat cavab verilməyib. Milli məhkəmələrin qərarlarında kifayət qədər əsaslandırma olmadığı qənaətinə gəlinib. Bu səbəbdən Konvensiyanın 6.1-ci maddəsinin də pozulduğu müəyyən edilib. Konvensiyanın 10-cu maddəsi (ifadə azadlığı) üzrə isə Məhkəmə vurğulayıb ki, ittihamlardan ən azı biri birbaşa ərizəçinin jurnalist fəaliyyəti ilə bağlı olub. Belə ki, “qanunsuz sahibkarlıq” ittihamı onun xarici media ilə akkreditasiyasız əməkdaşlıq etməsi ilə əsaslandırılıb. Məhkəmə qeyd edib ki, akkreditasiya tələbləri jurnalist fəaliyyətinə çıxışı tənzimləyən formal şərtlərdir və bu tələblərə əməl etmədiyinə görə məhkumluq ifadə azadlığına müdaxilə hesab olunur. Qərarda həmçinin Azərbaycanla bağlı digər işlərdə də hökumət tənqidçilərinə, vətəndaş cəmiyyəti fəallarına və insan hüquqları müdafiəçilərinə qarşı qərəzli həbslərin müşahidə olunduğu vurğulanıb və bu iş həmin geniş tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilib. Məhkəmə əlavə edib ki, hakimiyyət orqanlarının hərəkətləri uyğun məqsəd daşımayıb və əsas niyyət jurnalist fəaliyyətini susdurmaq və cəzalandırmaq olub. Bu baxımdan Konvensiyanın 10-cu maddəsi ilə birlikdə 18-ci maddəsinin də pozuntusu tanınıb. Qərara əsasən, dövlət Xədicə İsmayılovaya mənəvi zərərə görə 12 min avro, məhkəmə xərclərinə görə isə 4 min avro ödəməlidir. Vəkil Fariz Namazlının bildirdiyinə görə, bununla da Avropa Məhkəməsində Azərbaycanla bağlı uduşlu işlərin sayı 61 nəfər üzrə 34 olub. O, həmçinin qeyd edib ki, bu qərar Konvensiyanın 7-ci maddəsinin pozuntusu üzrə Azərbaycana qarşı çıxarılan ilk qərardır. Geri qayıt |