Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Elvin Mustafayevin həbsdə tibbi yardımdan məhrum edildiyi deyilir

Elvin Mustafayevin həbsdə tibbi yardımdan məhrum edildiyi deyilir


Bu gün, 15:34.
title}


"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin saxlanıldığı Umbakı Penitensiar Kompleksində təzyiqlərə məruz qaldığı və tibbi yardımdan məhrum edildiyi bildirir.


Civilazerbaijan.com
bildirir ki, bu barədə onun yaxınları məlumat yayıblar. Onların vurğulamasına görə, gənc fəal bildirib ki, azadlıqda olduğu kimi, həbsdə də təzyiqlərə və təhdidlərə məruz qalır: "Verilən işgəncələr nəticəsində səhhətimdə yaranan xəstəliklərin müalicəsi ilə bağlı dəfələrlə müraciət etsəm də, qəsdən boyun qaçırıblar...".

Bu açıqlamaya Umbakı Penitensiar Kompleksinin rəhbərliyindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulayıblar ki, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranırlar. Onlar məhbuslara işgəncə verilməsi ilə bağlı iddiaları qəti yalanlayırlar.

E.Mustafayev 2023-cü ilin avqustunda narkotik ittihamı ilə həbs olunub. Bu ittihamla ona 3 il həbs cəzası kəsilib. O, ittihamı qəbul etmir, üzərindən narkotik tapılması barədə iş materiallarında yazılanları "yalan" adlandırır, ictimai fəaliyyətinə görə cəzalandırıldığını deyir.

E.Mustafayev daha öncə də xırda xuliqanlıq və polisə müqavimətdə suçlanaraq inzibati qaydada 25 sutka həbs olunmuş, o zaman da ittihamları qəbul etməmişdi.

Qeyd edək ki, hazırda "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov və daha iki üzvü - Ayxan İsrafilovla Möhyəddin Orucov da müxtəlif ittihamlarla (bıçaqla xəsarət yetirmə, narkotik) həbsdədir. Onlar da işçilərin hüquqlarını müdafiə etdiklərinə görə şərləndiklərini deyirlər.

AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını, həbs edilənlərin konkret faktlar əsasında saxlanıldığını bildirirlər.
Geri qayıt