Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Həyatım təhlükədədir - BƏHRUZ SƏMƏDOV
Həyatım təhlükədədir - BƏHRUZ SƏMƏDOVDünən, 14:50. |
|
Hazırda həbsdə olan Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədov ictimaiyyətə müraciət edib. Fəal müraciətini demokratik dövlətlərin rəhbərlərinə, demokratik prinsiplərə sadiq partiyalara, beynəlxalq təşkilatlara, mütərəqqi ziyalılara, universitetlərə, akademik icmalara və Qərb dövlətlərinin Bakıda akkreditə olunmuş diplomatik korpuslarına etdiyini vurğulayıb. O, müraciətində həyatına təhlükə olduğunu xüsusi qeyd edib. Müraciəti OC Media yayımlayıb. Civilazerbaijan.com Meydan TV-yə istinadla Bəhruz Səmədovun müraciətini olduğu kimi dərc edir: “Mən sizə Azərbaycanda həbsdə olan bir dissident, siyasi elmlər üzrə doktorant kimi müraciət edirəm. Tənqidi baxışlarıma və sülhsevər mövqeyimə görə 15 il azadlıqdan məhrum edilmişəm. Dövlət məni “dövlətə xəyanət” və Ermənistan kəşfiyyat orqanları ilə “casusluq”da ittiham edir. Halbuki həbsimə qədər son altı il ərzində Avropada yaşamış, təhsil almış və çalışmışam. 2024-cü ilin avqustunda həbs olunmuşam. Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına, o cümlədən petisiyalara, Prezident İlham Əliyevə ünvanlanan şəxsi müraciətlərə və 2025-ci ilin dekabrında Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə baxmayaraq, Bakıda qərarverici şəxslər bunları nəzərə almayıblar. Hətta 2025-ci ilin oktyabrında iki ay müddətinə cərimə kamerasına salındım. Hazırda Bakı məhkəməsi məni Bakının kənarında yerləşən qapalı tipli həbsxanaya göndərməyə hazırlaşır. Bununla da mən yeganə yaxın qohumum və vəkilimlə ünsiyyət imkanlarından məhrum ediləcəyəm. Bu bədnam qapalı həbsxanada ən təhlükəli cinayətkarlar saxlanılır – məhz oraya göndərilməyim son dərəcə həyəcanverici siqnaldır. Dövlətin həyatımı başqasının əli ilə fiziki olaraq sona çatdırmağı planlaşdıra biləcəyindən əsaslı şəkildə narahatam. Mənim həbsim 2025-ci ilin avqustunda imzalanmış Vaşinqton razılaşmasına ziddir. Həmin razılaşma çərçivəsində Ermənistan və Azərbaycan sülh gündəminə əməl etmək öhdəliyini üzərinə götürmüşdü. Hakimiyyətin bu münasibəti Azərbaycanın qoşulduğu konvensiyaları pozur. Bu, əxlaqsız, qeyri-insani, qanunsuz və şərdir. Buna görə də hamınızdan xahiş edirəm ki, onların bu şər niyyətlərini dayandırmaq üçün səsinizi qaldırasınız. Həmrəylik kampaniyasını məmnuniyyətlə izləyir, yüzlərlə məktub alıram. Kampaniyalar, çağırışlar və məqalələr barədə məlumatlandırılmışam. Lakin Azərbaycan hökuməti bütün bu çağırışlara məhəl qoymayıb. Bütün hüquqi və siyasi vasitələr nəticəsiz qalıb, qərarvericilərə heç bir təsir göstərməyib. İndi isə insan ləyaqətini müdafiə edən hər kəsə müraciət edirəm: məni tək buraxmayın. Mümkün olan bütün yollarla hərəkətə keçin. Mən beynəlxalq həmrəyliyin gücünə inanıram. Həyatımı xilas etmək və bu şəri dayandırmaq üçün əlinizdən gələni edin”. Qeyd edək ki, Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, 2025-ci il iyunun 23-də 15 il azadlıqdan məhrum edilib. Geri qayıt |