Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Ruben Vardanyana hökm oxunub
Ruben Vardanyana hökm oxunub17-02-2026, 15:36. |
|
Azərbaycanda həbsdə olan erməni iş adamı, Qarabağdakı keçmiş separatçı qurumda "dövlət naziri" vəzifəsi daşımış Ruben Vardanyan 20 il azadlıqdan məhrum edilib. Civilazerbaijan.com bildirir ki, bu barədə fevralın 17-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Prosesdə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib. Ötən proseslərin birində dövlət ittihamını müdafiə edən prokuror R.Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi. R.Vardanyan Cinayət Məcəlləsinin təcavüzkar müharibə başlatma, əhalini məcburi köçürmə, terrorçuluq, hakimiyyəti ələ keçirmə də daxil olmaqla 20-dən çox maddəsi üzrə təqsirləndirilirdi. O, ötən prosesdə son sözündə ittihamları bir daha rədd edib, məhkəməni "saxta" adlandırmışdı. İş adamı 2023-cü ilin sentyabrında Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra erməni əhalinin köçü zamanı həbs olunub. Həmin vaxt həbs olunan, separatçı rejimin sabiq liderləri də daxil olmaqla 20-yədək şəxsin məhkəmə prosesi isə ayrılıqda aparılıb. Fevralın 5-də baş tutmuş həmin prosesdə məhkəmə erməni məhbuslara 15 ildən başlayaraq ömürlük məhrumetməyə qədər müxtəlif cəzalar verib. Azərbaycanda həbsdə olan ermənilərin məsələsi dünya mətbuatında vaxtaşırı gündəmə gətirilir. Azərbaycan prezidenti İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycandakı erməni məhbusların "bəşəriyyətə qarşı ağır cinayətlər törətdiyini" deyib və onların azad ediləcəyini istisna edib. Geri qayıt |