Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > ABŞ-da azərbaycanlı tələbə saxlanılıb, Mamdani Trampla danışdıqdan sonra sərbəst buraxılıb

ABŞ-da azərbaycanlı tələbə saxlanılıb, Mamdani Trampla danışdıqdan sonra sərbəst buraxılıb


27-02-2026, 13:49.
title}


Nyu-Yorkda miqrasiya polisi tərəfindən saxlanılan azərbaycanlı tələbə şəhər meri və prezidentin müdaxiləsindən sonra sərbəst buraxılıb. Kolumbiya Universitetinin tələbəsi Elmina Ağayeva fevralın 26-ı səhər saatlarında İmmiqrasiya və Gömrük İcrası (ICE) işçiləri tərəfindən qaldığı yataqxana binasında saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, universitetin açıqlamasına görə, miqrasiya işçiləri binaya yalan təqdimat əsasında - özlərini itmiş uşağı axtaran polis işçiləri kimi təqdim edərək daxil olublar.

"Onlar bu adla tələbənin qapısına qədər gediblər. Təhlükəsizlik kameralarımız dəhlizdə onların guya itkin düşmüş uşağın şəkillərini göstərdiklərini qeydə alıb. Binaya daxil olduqdan sonra isə onların özlərini yanlış təqdim etdikləri aydın olub. Daha sonra ictimai təhlükəsizlik üzrə əməkdaşımız gəlib, dəfələrlə onlardan məhkəmə orderi tələb edib, lakin order təqdim olunmayıb", - universitetin prezidenti səlahiyyətlərini icra edən Kleyr Şipman deyib.

Həmin gün Ağ Evdə prezident Donald Trampla görüşən Nyu-York meri Zöhran Mamdani "X" səhifəsində görüşdə tələbənin məsələsini də qaldırdığını bildirib. Axşam saatlarında Ağayeva sərbəst buraxılıb və qaldığı yataqxanaya dönüb.

ICE-in tabe olduğu Vətənin Təhlükəsizliyi Departamentindən ABC telekanalına deyilib ki, Azərbaycan vətəndaşı olan Ağayevanın tələbə vizası 2016-cı ildə dərsləri buraxdığına görə ləğv olunub.

Tələbə sərbəst buraxılsa da, onun ölkədən deportasiyası üçün prosedurun davam edəcəyi və məhkəmə prosesinin gözlənildiyi bildirilib.

Ağayeva "Instagram" səhifəsində “story” paylaşaraq göstərilən dəstəyə görə təşəkkür edib.

“Az əvvəl buraxıldım. Özümü təhlükəsiz və yaxşı hiss edirəm. Hazırda "Uber"-lə evə qayıdıram. Hələ də şok vəziyyətindəyəm", - o yazıb.

Ağayeva əlavə açıqlama verəcəyini bildirib. O, hələ ki ABŞ-də vizasız yaşadığı iddiasına aydınlıq gətirməyib.

Bu, Tramp administrasiyasının Kolumbiya Universiteti tələbələrini ölkədən deportasiya etməklə bağlı ilk cəhdi deyil.

Ötən il fələstinli fəal və universiteti yenicə bitirmiş Mahmud Xəlil terror qruplaşması kimi tanınan HƏMAS-ı dəstəklədiyi ittihamı ilə saxlanılmış və vizası ləğv olunmuşdu. O, 3 aydan sonra sərbəst buraxılsa da, ICE hələ də onu deportasiya etmək üçün məhkəmələrə müraciət edir, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt