Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azərbaycan XİN vətəndaşlara İran və İsrailə səfər etməmək çağırışı edib

Azərbaycan XİN vətəndaşlara İran və İsrailə səfər etməmək çağırışı edib


28-02-2026, 15:14.
title}


Azərbaycan hökuməti vətəndaşlara İran və İsrail istiqamətində səfərlərlə bağlı xəbərdarlıq edib, bəzi nəqliyyat reysləri dayandırılıb, bir aviareys isə geri qaytarılıb
.

Civilazerbaijan.com
bildirir ki, Xarici İşlər Nazirliyi bəyan edib ki, İranda təhlükəsizlik durumu pisləşib. Buna görə də Azərbaycan vətəndaşlarından İrana səfər etməmələri istənilir. Hazırda İranda olan azərbaycanlılara isə ölkəni tərk etmək tövsiyə olunur. Onlardan təhlükəsizlik qaydalarına əməl etmələri, izdihamlı yerlərdən uzaq durmaları və rəsmi məlumatları izləmələri xahiş edilib. Zərurət yaranarsa, vətəndaşlar Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki baş konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Hər hansı bir fövqəladə vəziyyətlə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycanın İrandakı Səfirliyi

[email protected]

+98 905 523 01 07

+98 901 884 55 31

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu

[email protected]

+98 901 414 31 57

+98 935 317 21 01


Oxşar xəbərdarlıq İsraillə də bağlı verilib. İran ətrafında yaranmış gərginlik fonunda Azərbaycan vətəndaşlarından İsrailə səfər etməmələri istənilib. Hazırda İsraildə olan şəxslərə isə yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etmək, kütləvi toplaşma yerlərindən uzaq durmaq tövsiyə olunur. Fövqəladə vəziyyət olarsa, Tel-Əvivdəki Azərbaycan səfirliyi ilə əlaqə saxlanması tövsiyə edilir.

Gərginlik nəqliyyata da təsir edib. İran ərazisindən keçməklə həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus reysləri müvəqqəti dayandırılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Fevralın 28-də Bakıdan Naxçıvana və Şərura, eləcə də Naxçıvandan və Şərurdan Bakıya planlaşdırılan bir neçə reys təxirə salınıb. Reyslərin nə vaxt bərpa ediləcəyi barədə hələlik məlumat verilməyib.

AYNA bildirir ki, yük maşınlarının İran–Azərbaycan sərhədindən keçməsində problem yoxdur, hərəkət davam edir.

Hava nəqliyyatında da dəyişiklik olub. Əbu-Dabi–Bakı marşrutu üzrə uçan ADY 730 nömrəli reys hava məkanının bağlanması səbəbilə geri qaytarılıb. Təyyarənin Əbu-Dabi Beynəlxalq Aeroportuna enəcəyi bildirilib. Qərarın uçuş təhlükəsizliyi nəzərə alınaraq pilot tərəfindən verildiyi açıqlanıb.

Xatırladaq ki, bu gün İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. İsrail və İran hava məkanını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.
Geri qayıt