Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Video / Manşet / Sağ xəbərlər > İran Naxçıvana dronlarla hücum edib - FOTO/VİEDO
İran Naxçıvana dronlarla hücum edib - FOTO/VİEDO5-03-2026, 15:09. |
|
Martın 5-də günorta saatlarında İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Civilazerbaijan.com bildirir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, dronlardan biri Naxçıvan Hava Limanının terminal binasına, digər dron isə Şərur rayonunun Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. XİN bildirir ki, hücum nəticəsində hava limanının binasına ziyan dəyib və iki mülki şəxs xəsarət alıb. Nazirlik hadisəni pisləyərək bunu beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım kimi qiymətləndirib və regionda gərginliyin artmasına səbəb ola biləcəyini qeyd edib. Bəyanatda İran tərəfinin qısa müddətdə hadisəyə aydınlıq gətirməsi, izahat verməsi və belə halların təkrarlanmaması üçün tədbir görməsi tələb olunur. XİN həmçinin bildirib ki, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu nazirliyə çağırılıb və ona etiraz notası təqdim olunacaq. Azərbaycan tərəfi bu hadisə ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını da açıqlayıb. Hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yayıb. Nazirlik bildirib ki, martın 5-də İran silahlı qüvvələri İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura hücum edib. Məlumata görə, dronların texniki xüsusiyyətləri və hücumun detalları hazırda araşdırılır. Müdafiə Nazirliyi hərbi zərurət olmadığı halda mülki obyektlərə qarşı hücumları pislədiyini bildirib və baş verən hadisəyə görə məsuliyyətin İranın üzərinə düşdüyünü qeyd edib. Nazirlik həmçinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün cavab tədbirləri hazırlandığını və hücumun cavabsız qalmayacağını açıqlayıb. Qeyd edək ki, İran ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanında 4 nəfər xəsarət alıb. Yaralanan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Xəstəxananın təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib ki, dron hücumu nəticəsində xəsarət alanlardan 2 nəfərə barotravma, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Onların vəziyyətinin stabil olduğu və müvafiq şöbələrə yerləşdirildiyi bildirilir. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Babək rayon Nehrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır. Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir. Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir. Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir. Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır. Geri qayıt |