Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Belə çıxır ki, Dövlət Departamenti cinayətkar qurumdur - NƏRGİZ MUXTAROVA
Belə çıxır ki, Dövlət Departamenti cinayətkar qurumdur - NƏRGİZ MUXTAROVA12-03-2026, 14:52. |
|
Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti təmsilçilərindən Nərgiz Muxtarova deyir ki, bir qrup şəxslə əlbir olub cinayət törətməkdə suçlanır. Amma o qeyri-müəyyən qrupun kimlərdən ibarət olduğu bilinmir. Civilazerbaijan.com bildirir ki, qadın hüquqları müdafiəçisi N.Muxtarova bu barədə martın 11-də öz məhkəməsində ifadə verərkən danışıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır. N.Muxtarova bildirib ki, əri – AzadlıqRadiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadə ilə bağlı hökmdən sonra ölkədəki məhkəmə sisteminə inamsızlığına görə ifadə vermək istəmirdi: "Amma sonra düşündüm ki, bəzi həqiqətləri yüksək səslə demək lazımdır". O vurğulayıb ki, heç vaxt qrant almayıb, qrant müqaviləsinə imza atmayıb. Sadəcə, xidməti müqavilə əsasında müəyyən işlər görüb və bunun müqabilində pul alıb. Bunlar da gender bərabərliyi, qadın hüquqları ilə bağlı üç kitabın tədqiqatı, iki verilişin hazırlanmasından ibarət işlər olub. N.Muxtarova deyir ki, xidməti müqavilələr əsasında aldığı vəsaitlər onun bank hesabına köçürülüb, bunların da vergisi ödənilib, bəyannaməsi verilib: "Mən heç bir cinayət törətməmişəm, fəaliyyətimdə bütün işlərim qanuni olub. Bunun sübutlarını – sənədlərini də prokurorluğa təqdim etmişəm". O, əlavə edib ki, hətta qrant alsaydı belə, bu əməldə cinayət tərkibi yoxdur. Qrant müqaviləsinin qeydə alınmaması uzağı inzibati xətadır. N.Muxtarova vurğulayıb ki, ona qarşı irəli sürülən ittihamlardan biri cinayət yoluyla əldə edilən vəsaitlərin leqallaşdırılmasıdır. "Mercy Corps" təşkilatı ilə müqavilə bağlayıb işlədiyini deyən Muxtarovanın sözlərinə görə, alınan vəsaitlərin mənbəyi ABŞ Dövlət Departamenti olub: "Onda belə çıxır ki, Dövlət Departamenti cinayətkar qurumdur, onların ayırdığı vəsait də cinayət yolu ilə əldə edilib". N.Muxtarova ona verilmiş "bir qrup şəxslə əlbir olub cinayət törətməsi" barədə ittihama da toxunub. Deyib ki, onunla əlbirlikdə ittiham olunan digərlərinin kimliyi məlum deyil: "Mənimlə əlbir olublarsa, niyə bu gün mən məhkəmə qarşısındayam, onların heç biri yox?". N.Muxtarovaya qarşı ittihamda Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın da adı yer alıb. Onun adı QHT-lərlə bağlı cinayət işində təqsirləndirilən şəxs kimi göstərilsə də, N.Muxtarova bildirib ki, digərlərindən fərqli olaraq, Ş.İsmayıla məhdudiyyət tətbiq olunmayıb: "Mənimlə bağlı hissədə onun adı keçir. Azərbaycanda nəinki təqsirləndirilən şəxslərə, hətta şahidlərə belə ölkədən çıxış qadağası qoyulduğu halda, Şəhla İsmayıla belə bir məhdudiyyət qoyulmayıb. İstədiyi vaxt ölkədən gedib-gələ bilir. Bu necə olur?!". AzadlıqRadiosunun məlumatında qeyd olunur ki, N.Muxtarovanın məhkəməsi aprelin 8-də davam edəcək. Geri qayıt |