Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılmasına qərar verib
Milli Məclis Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılmasına qərar veribBu gün, 15:35. |
|
Bu gün, mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib. Civilazerbaijan.com bildirir ki, qərara əsasən, Azərbaycanın Aİ–Azərbaycan Parlament Əməkdaşlığı Komitəsindəki fəaliyyətinə son qoyulur. Eyni zamanda, Milli Məclisin Avronest Parlament Assambleyasındakı üzvlüyünə xitam verilməsi proseduruna başlanılıb. Prosedur tamamlanana qədər Azərbaycan nümayəndə heyəti bu təşkilatın heç bir tədbirində iştirak etməyəcək. Prezident İlham Əliyev bu ilin yanvarında "Euronews" televiziyasına müsahibəsində deyib ki, Azərbaycan artıq uzun illərdir Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Avropa Parlamenti ilə əməkdaşlığı dayandırıb: 'Biz yalnız Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bu, bizim üçün kifayətdir". Ermənistandakı demokratiyaya dəstək qətnaməsində Azərbaycanın adı çəkilir Avropa Parlamentinin Ermənistanda demokratiyaya dəstəklə bağlı qəbul etdiyi qətnamədə Azərbaycanın adı bir neçə dəfə xatırlanır. Sənəddə Bakı ilə Yerevan arasında sülh prosesində mühüm irəliləyişin əldə edildiyi vurğulanır və Ermənistanın münasibətlərin tam normallaşdırılmasına yönəlmiş səylərinə dəstək ifadə olunur. Bununla yanaşı, sənəddə Azərbaycanın erməni hərbi əsirləri "ədalətsiz" şəkildə saxladığı bildirilir, onların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunur. Qətnamədə tərəflərə gələcəkdə etimad yaradacaq tədbirlər görmək və beynəlxalq humanitar hüququn prinsiplərinə tam riayət etmək çağırışı səsləndirilir. Sənəddə həmçinin Qarabağdan köçmüş ermənilərin hüquqlarına, onların mənsubiyyət, mülkiyyət və mədəni irsinin qorunmasına dəstək ifadə olunur. Avropa Parlamenti erməni sakinlərin Qarabağa təhlükəsiz, maneəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun olduğunu vurğulayır. Bundan əlavə, qətnamədə erməni mədəni-dini irsinin dağıdılmasına görə məsuliyyət daşıyanların cəzalandırılmasına və beynəlxalq qiymətləndirmə missiyasının yaradılmasına çağırış edilir. Aİ səfiri XİN-ə çağırılıb, nota təqdim edilib Bu gün, mayın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. XİN-in açıqlamasına görə, aprelin 30-da Avropa Parlamentində qəbul olunmuş qətnamədə yer alan "əsassız və qərəzli müddəalar" pislənilib və rəsmi Bakının etiraz notası qarşı tərəfə təqdim edilib. Sənəddə erməni sakinlərin Qarabağ bölgəsinə geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlər regionu könüllü şəkildə tərk ediblər. Bundan əlavə, müharibə əsirləri kimi təqdim edilən şəxslərin azad olunması ilə bağlı tələblər hüquqi baxımdan qəbuledilməz adlandırılıb. XİN həmçinin "mədəni və dini irsin məhv edilməsi" ilə bağlı iddiaları da rədd edib. Hələlik Aİ-nin Azərbaycandakı nümayəndəliyi məsələ ilə bağlı şərh verməyib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |