Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Həbsdəki jurnalist Aytac Tapdığın anasının Azərbaycandan çıxışına "stop" qoyulub
Həbsdəki jurnalist Aytac Tapdığın anasının Azərbaycandan çıxışına "stop" qoyulubBu gün, 14:49. |
|
"Meydan TV"-nin həbsdə olan jurnalisti Aytac Tapdığın (Əhmədova) anası Dilrubə Amanovanın Azərbaycandan çıxışı məhdudlaşdırılıb. Civilazerbaijan.com bildirir ki, bu barədə jurnalistin bacısı Aydan Soltan məlumat yayıb. Onun sözlərinə görə, anası ona "stop" qoyulduğunu aprelin 30-da Almaniyaya səyahət üçün ölkədən çıxmağa cəhd edərkən öyrənib. Bir neçə gün sonra Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) qadağanın götürüldüyü deyilsə də, D.Amanova mayın 12-də yenidən ölkədən çıxmağa cəhd edərkən "stop"un qüvvədə olduğunu öyrənib. "Bu gecə anam ölkədən çıxanda yenidən Dövlət Sərhəd Xidmətinin əməkdaşları bildirdi ki, Daxili İşlər Nazirliyi (DİN) tərəfindən ölkədən çıxışa qadağa qoyulub və hava limanı yaxınlığında DİN-in ofisinə göndərildi. Həmin ofisin əməkdaşları bu işə baxmadıqlarını deyərək anamı BŞBPİ-nə göndərdilər. Oradan verilən cavab isə belə oldu ki, “hansı DİN orqanı qoyub qadağanı?”. Yəni gecə ilə DİN ofisi və Baş Polis İdarəsi sistemdə "stop"un haradan qoyulduğunu görmədi. Nəticədə anam ölkədən çıxa bilmədi, biz 17 aydır görüşə bilmirdik və yenə görüşə bilmədik. Üstəlik bu azmış kimi ikinci dəfə 1000 manatlıq biletimiz yandı", - A.Soltan bildirib. "Bütün bunlar bir yana qalsın, ilk dəfə vəkilimizə qadağanın səbəbi ilə bağlı “gedib Avropada çıxış etməsin!” demələri də çox maraqlı görünürdü. Bu gün isə öyrənirik ki, ölkədən çıxışa qadağa bacım, “Meydan TV işi” üzrə haqsız yerə şərlənərək həbs olunan jurnalist Aytac Tapdığın elə jurnalist fəaliyyəti ilə bağlıdır. Çox hörmətsiz Daxili İşlər Nazirliyi gəlin sizə bir şey etiraf edim ki, Avropada iştiraka qalsa onu mən edirəm. Anama stop qoymağınıza ehtiyac yox idi. Bizi ailəvi repressiyaya məruz qoymağınız, hədəf almağınız, 17 aydır bir qızı həbsdə, digər qızı ilə görüşə bilməyən bir ananı övladı ilə görüşdən məhrum etmək acizlikdən başqa bir şey deyil!", - o əlavə edib. "Meydan TV işi" üzrə 12 nəfər ittiham olunur. 2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın baş redaktoru Aynur Elgünəş, jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti üzvü Ülvi Tahirov saxlanılıblar. Sonradan “Arqument. az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq olmaqla bir neçə maddə ilə ittiham olunurlar. Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir. Onlar jurnalist fəaliyyətinə görə hökumətin siyasi sifarişi ilə həbs olunduqlarını deyirlər. Geri qayıt |