Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Böyük Britaniya Lotu Qulinin qardaşına sanksiya tətbiq edib

Böyük Britaniya Lotu Qulinin qardaşına sanksiya tətbiq edib


Dünən, 20:05.
title}


Böyük Britaniya azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun qardaşı Namiq Səlifova qarşı sanksiya tətbiq edib.

Civilazerbaijan.com
bildirir ki, N.Səlifovun adı əvvəlcə hökumətin mayın 11-də dərc etdiyi sanksiyalar paketində digər şəxs və təşkilatların siyahısında yer alıb. Mayın 14-də isə hökumət sanksiyalar siyahısını yeniləyib və N.Səlifovun barəsində şəxsi məlumatlar əlavə edib.

Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) sanksiyaya məruz qalmış şəxsin "Lotu Quli"nin qardaşı olduğunu təsdiqləyib.

Britaniya hökuməti N.Səlifovu "İran hökuməti adından düşməncə fəaliyyətdə” iştirak etməkdə, o cümlədən "Birləşmiş Krallıqda və ya başqa ölkələrdə insanlara və əmlaka qarşı hücumlarla hədələməkdə, planlaşdırmaqda və ya həyata keçirməkdə" ittiham edib.

İttihamın detalları barədə əlavə məlumat verilməyib. N.Səlifovun da ittihama münasibəti məlum deyil.

Britaniya N.Səlifovdan başqa 8 şəxs və 3 təşkilatı sanksiyalar paketinə daxil edib. Onların hamısı İranın adından Qərb ölkələrində "düşmən fəaliyyəti" həyata keçirməkdə ittiham olunur. Sanksiyalar çərçivəsində şəxs və təşkilatların Britaniyaya girişi qadağan edilir və Britaniya banklarındakı aktivləri dondurulur.

Sanksiyalar bu yaxınlarda Britaniyada yəhudi icmasına və İran rejiminin tənqidçilərinə qarşı hücumlardan sonraya təsadüf edib. Martın sonlarından bəri Londonda sinaqoqlar və yəhudilərə məxsus başqa obyektlərə qarşı azı 9 dəfə qəsdən törədilən yanğın halları qeydə alınıb. Aprelin 29-da isə Londonda iki yəhudi bıçaqlanıb.

N.Səlifovun adı daha öncə Nyu-Yorkda İran hakimiyyətinin tənqidçisini öldürməyə cəhdlə bağlı cinayət işində hallanıb. Ötən ilin oktyabrında ABŞ məhkəməsi həmin işdə təqsirləndirilən, N.Səlifovla əlaqələri olan Polad Ömərov və Rəfat Əmirova 25 il həbs cəzası verib. N.Səlifovun özü isə həmin işdə təqsirləndirilən şəxs kimi tanınmayıb.

Namiq Səlifovun qardaşı Nadir Səlifov 2020-ci ildə Antalyada öldürülüb.
Geri qayıt