Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > DSX-nin daha bir əsgəri həyatını itirib: Bir ayda ikinci ölüm hadisəsi
DSX-nin daha bir əsgəri həyatını itirib: Bir ayda ikinci ölüm hadisəsiBu gün, 15:47. |
|
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Ramin Cəbrayılov hərbi xidməti başa vurmağına bir neçə ay qalmış ölüb. Civilazerbaijan.com bildirir ki, bu barədə onun qohumu Şaiq Balakişiyev sosial media hesabında məlumat yayıb. Ş.Balakişiyevin sözlərinə görə, Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirərək hərbi xidmətə yollanan R.Cəbrayılov iyulda xidməti başa vurmalı idi. O əlavə edir ki, hərbi hissə rəhbərliyi əsgərin intihar nəticəsində öldüyünü deyib. "Yaşamaq, yaratmaq, ölkəyə xidmət etmək eşqi ilə yanan 26 yaşlı gənc niyə özünə qəsd etsin? Heç inandırıcı gəlmir. Son vaxtlar DSX-də belə müəmmalı ölüm halları çoxalıb", - o qeyd edib. Ş.Balakişiyev mayın 25-də etdiyi paylaşımda isə əsgərin dəfni zamanı polis və DSX əməkdaşlarının çəkilişə icazə vermədiyini bildirib. "DSX-də güllələnən dayım nəvəsinin qanı batmamalıdır. Ədalətli araşdırma tələb edirik. Dəfndə çəkilişə icazə vermədilər. Polis və DSX əməkdaşlarının gözü kənd camaatının əlində idi. Mən çəkiliş edirdim, polislərdən biri mənə yaxınlaşdı ki, çəkiliş olmaz. Dedim niyə? Dedi, rəhbərlik icazə vermir. Əgər əsgər özünə qəsd edibsə, nəyə görə o qədər polisi ora töküb çəkilişə imkan vermirlər, bunun adı nədir?", - o sual edib. R.Cəbrayılovun ölümü ilə bağlı hələ ki rəsmi açıqlama yoxdur. R.Cəbrayılov bu il ölən 5-ci, bu ay ölən 2-ci DSX əsgəridir. Belə ki, mayın əvvəlində hərbi xidmətə başlamış əsgər Hüseyn Əsədovun vəfat xəbəri yayılıb. Yaxınlarının yaydığı məlumatda deyilirdi ki, o, ürək çatışmazlığından əziyyət çəkib, lakin sağlam kimi qeydiyyata alınaraq hərbi xidmətə aparılıb. Ümumilikdə isə təkcə bu il azı 19 hərbçi qeyri-döyüş şəraitində ölüb. 2025-ci ildə isə ən azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb, Toplum Tv-nin məlumatında qeyd olunur. Geri qayıt |