Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Əfqan Sadıqovun ölkədən çıxışına qağada qoyulub
Əfqan Sadıqovun ölkədən çıxışına qağada qoyulubDünən, 16:54. |
|
Gürcüstandan Azərbaycana deportasiya olunmuş jurnalist Əfqan Sadıqovun ölkədən çıxışına qağada qoyulub. Civilazerbaijan.com bildirir ki, bu barədə jurnalistin özü “Facebook” səhifəsində paylaşdığı məlumatda bildirib. Onun sözlərinə görə, mayın 26-də gecə saatlarında ölkədən çıxarkən Dövlət Sərhəd Xidməti bildirib ki, onun ölkədən çıxışı barədə Baş prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Sadıqov deyir ki, barəsində heç bir cinayət işi yoxdur və qadağa tənqidi fəaliyyəti ilə bağlıdır: “Ölkədən çıxışım yasaqlandı. Gömrükdə mənə bildirdilər ki, bu qadağanı respublikanın Baş Prokurorluğu və Daxili Îşlər Nazirliyi qoyub. Hal hazırda Beynəlxalq Bakı Hava Limanındayam. Mənə, Azərbaycandan çıxmağa icazə vermədilər. Barəmdə heç bir qanun pozuntusu, istintaq – cinayət araşdırması yoxdur. Sonra da deyirlər ki, Əfqan Sadıqov bu hakimiyyəti – quldur, zalım, qatil, korrupsioner məmurları – tənqid edir” Əfqan Sadıqov deyir ki, ölkədən çıxışına qadağa qoyulması onun konstutisiyon hüquqlarının pozulmasıdır. Həmçinin o qeyd edir ki, Gürcüstandan deportasiya olunaraq Azərbaycana gətirilməsi və ölkədən çıxa bilməməsi beynəlxalq hüquq normalarına ziddir. “Beynəlxalq hüquq və normaları heçə sayan Azərbaycan və Gürcüstan hökumətləri əlbir olaraq Avropa İnsan Haqları Məhkəməsinin qərarını çox ciddi və kobud formada pozaraq məni Azərbaycana göndərdilərsə, bunlardan hər cür cinayətkarlığı, təhlükəni gözləmək olar”, – deyə o qeyd edib. Azel TV media orqanının baş redaktoru Əfqan Sadıqov 24 dekabr 2023-cü ildən Gürcüstanda yaşayırdı.O, Azərbaycanda daha əvvəl bir neçə dəfə həbs olunub. 2016-cı ildə vəzifəli şəxsdən pul tələb etmə ittihamı ilə saxlanılıb və məhkəmə tərəfindən azadlıqdan məhrum edilib. Sadıqov ittihamları rədd edib, müdafiəçiləri isə işi onun jurnalist fəaliyyəti ilə əlaqələndirib. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Sonrakı dövrdə də onun müxtəlif inzibati işlər üzrə məsuliyyətə cəlb olunduğu bildirilib. Gürcüstanda yaşadığı müddətdə Sadıqov bir neçə dəfə inzibati qaydada saxlanılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, o, ümumilikdə 62 dəfə müxtəlif inzibati xətalara görə məsuliyyətə cəlb edilib, o cümlədən toplantı və nümayiş qaydalarını pozmaqda və iki dəfə inzibati həbs cəzası alıb. 2024-cü ilin avqustunda Sadıqov Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında saxlanılıb və Tbilisi Şəhər Məhkəməsi onun barəsində ekstradisiya məqsədilə həbs qətimkan tədbiri seçib. O, Azərbaycana ekstradisiyaya etiraz olaraq 2025-ci ilin fevralında quru aclıq aksiyası elan edib. 2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir tətbiq edib. 2025-ci ilin aprelində isə o, doqquz aylıq həbsdən sonra girov müqabilində azadlığa buraxılıb. Bu il aprelin 5-nə keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimə olunduğunu, ölkədən deportasiya edildiyini və üç il müddətinə Gürcüstana girişinin qadağan edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Sadıqov inzibati qanunvericilik çərçivəsində saxlanılıb və müvafiq iş üzrə məhkəməyə təqdim edilib. Tbilisi Şəhər Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi üzrə – sosial mediada polis əməkdaşını təhqir etməkdə – təqsirli bilib. Qərara əsasən, o, cərimə olunub, deportasiya edilib və ölkəyə girişinə qadağa qoyulub, Meydan TV-nin məlumatında qeyd olunur. Geri qayıt |