Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Rusiya-Ukrayna müharibəsində döyüşmüş azərbaycanlılar həbs olunub

Rusiya-Ukrayna müharibəsində döyüşmüş azərbaycanlılar həbs olunub


Bu gün, 14:09.
title}


Rusiya-Ukrayna müharibəsində iştirak etmiş və Azərbaycanda həbsdə olan şəxslərə 3 ildən 5 ilədək həbs cəzaları verilib.

Civilazerbaijan.com
bildirir ki, "Azadlıq Radiosu"nun məlumatına görə, onların məhkəmə prosesləri ayrı-ayrılıqda keçirilib və yaxın vaxtlarda yekunlaşıb.

32 yaşlı Murov Mirhəşimli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Beyləqan sakini olan Mirhəşimli 2023-cü ilin martından 2024-cü ilin oktyabrınadək Ukrayna tərəfində müharibədə iştirak etməkdə təqsirli bilinib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib: "Təzyiq göstərib seçim qarşısında qoydular: ya cinayət işi başlanacaq, ya da müharibəyə gedəcəyəm. Müharibəyə getməyə razılaşdım".

33 yaşlı Fariz Hüseynov isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. O, 2024-cü ilin aprel-avqust aylarında Donetsk vilayətində Rusiya tərəfində döyüşməkdə təqsirli bilinib. F.Hüseynov məhkəmədə özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu deyib.

35 yaşlı Real Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il həbs cəzası alıb. O, Donetsk vilayətinin Baxmut şəhərində "Vaqner" qruplaşmasının tərkibində döyüşlərdə iştirak etməkdə təqsirli bilinib. Müharibədən əvvəl Rusiyada həbsdə olduğunu bildirən R.Nəbiyevin sözlərinə görə, məhkumlara azadlığa buraxılmaları müqabilində altı ay müharibədə iştirak etmək təklif olunub. Onlara aylıq 220 min rubl (təxminən 5 min manat) maaş və Rusiya vətəndaşlığı vəd edilib.

Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci (ölkədən kənarda Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) maddələri ilə ittiham olunublar.
Geri qayıt