Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycanda xüsusi karantin rejimi oktyabradək uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi oktyabradək uzadılıb


Bu gün, 15:51.
title}


Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.

Civilazerbaijan.com
bildirir ki, Baş nazir Əli Əsədov iyunun 24-də bununla bağlı növbəti dəfə qərar imzalayıb. Sənədə əsasən, "koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə" rejim 2026-cı il oktyabrın 1-i saat 06:00-dək qüvvədə qalacaq. Ötən qərara görə, bu müddət iyulun 1-də başa çatmalı idi.

Azərbaycanda pandemiya ilə əlaqədar 2020-ci ilin martından bəri karantin rejimi qüvvədədir. Yoluxma dinamikasından asılı olaraq qaydalar zaman-zaman sərtləşdirilsə və ya yumşaldılsa da, rejimin müddəti dəfələrlə uzadılıb. Bu məhdudiyyətlər çərçivəsində Azərbaycanın quru sərhədləri gediş-gəliş üçün hələ də qapalı qalır. Yalnız bu il martın 26-dan etibarən istisna hal kimi Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bərpa edilib.

Bəzi müxalifət təmsilçiləri pandemiyanın bitməsinə baxmayaraq, quru sərhədlərinin açılmamasını hakimiyyətin siyasi və iqtisadi maraqları ilə əlaqələndirirlər. Hətta bu səbəbdən paytaxt Bakıda etiraz aksiyalarına cəhdlər də olub.

Hökumət rəsmiləri son çıxışlarında sərhəd məhdudiyyətlərini daha çox təhlükəsizlik amilləri ilə izah etsələr də, baş nazirin son qərarında bu addım sırf koronavirus təhlükəsi ilə əsaslandırılıb. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin mayında pandemiyanın başa çatdığını elan edib.

Qeyd edək ki, dünyada ilk dəfə 2019-cu ilin sonunda aşkarlanan koronavirusu ÜST 2020-ci il martın 11-də pandemiya elan edib. Qlobal miqyasda bu infeksiya səbəbindən təxminən 7 milyon insanın dünyasını dəyişdiyi bildirilir. Rəsmi statistikaya görə, Azərbaycanda indiyədək 834 mindən çox yoluxma faktı qeydə alınıb, infeksiya qurbanlarının sayı isə 10 min 400 nəfər təşkil edir. Son illər ölkədə yoluxma halları kəskin azalıb.
Geri qayıt