Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > TRIPP+ fonduna Sokolov rəhbərlik edəcək

TRIPP+ fonduna Sokolov rəhbərlik edəcək


Bu gün, 17:22.
title}


Ermənistan hökuməti sabah – iyulun 16-da ABŞ ilə TRIPP marşrutu üzrə çərçivə sazişinin ratifikasiyası haqqında qanunu təsdiqləyəcək.

Civilazerbaijan.com
bildirir ki, AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, bundan sonra Konstitusiya Məhkəməsi sazişin konstitusiyaya uyğunluğunu müzakirə edəcək və daha sonra təsdiq üçün parlamentə təqdim ediləcək.

TRIPP sazişi ABŞ dövlət katibi Marko Rubionun Yerevana qısa səfəri zamanı paraflanıb və iyunun 4-də tərəflər onu imzalayıb. Britaniyanın "The Guardian" qəzeti isə xəbər verir ki, Konstantin Sokolov TRIPP+ fondunun rəhbəri təyin olunacaq. Qəzetin yazdığına görə, ABŞ Dövlət Departamenti ötən həftə bu təyinatı təsdiqləyib.

Rusiyada doğulmuş Konstantin Sokolov özəl kapital investorudur, Çikaqoda yaşayır. O, Ermənistandan keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək ticarət dəhlizi üçün 200 milyon dollardan çox vəsaitə, o cümlədən nəqliyyat, enerji infrastrukturu və əsas minerallara investisiyalara nəzarət edəcək. Qəzet Sokolovun əvvəllər dövlət vəzifələrində çalışmadığını əlavə edib.

Qəzet qeyd edir ki, Sokolov ABŞ prezidenti Donald Trampın dəbdəbəli Ağ Ev salonunun təmiri üçün maliyyə vəsaiti ayıran 36 donordan biridir. Bu layihənin 350 milyon dollar olduğu təxmin edilir. Konstantin Sokolovun ianəsinin məbləği bəlli deyil.

Sokolov Ermənistanda ən böyük telekommunikasiya operatorlarından olan “Viva Armenia”nın sahiblərindən biri kimi tanınır. Viva Armenia bu yaxınlarda başqa bir operator olan “Rostelecom”da da səhmlər əldə edib.

Ermənistanla ABŞ-nin imzaladığı sazişə əsasən, ABŞ-Ermənistan birgə müəssisəsi yaradılacaq və o, Ermənistan-İran sərhədi boyunca inşa ediləcək dəmir və avtomobil yollarını, enerji xətlərini, eləcə də digər infrastruktur obyektlərini ən azı 49 il müddətinə idarə etmək hüququ qazanacaq. "TRIPP Development Company"nin (TDC) 74 faiz payı ABŞ hökumətinə məxsus olacaq.

TRIPP ilə bağlı razılaşma ötən il avqustun 8-də Vaşinqtonda əldə olunub. Həmin gün Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları və qarşılıqlı iddiaları dayandırdıqları bəyan edilib.
Geri qayıt