Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Cəzaçəkmə müəssisəsində işıq və su yoxdur - Tofiq Yaqublu
Cəzaçəkmə müəssisəsində işıq və su yoxdur - Tofiq YaqubluBu gün, 18:11. |
|
17 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi və su verilişinin dayandığı bildirilir. Civilazerbaijan.com bildirir ki, bu barədə müəssisədə saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu qızı Nigar Həzi vasitəsilə ictimaiyyətə məlumat verib. N.Həzi iyulun 27-də sosial media hesabında atasına istinadən yazıb ki, müəssisədə bir həftədir elektrik enerjisi demək olar ki, yoxdur. "Gün ərzində ancaq cəmi 1 və ya 2 saat işıq olur. Təsəvvür edin, yayın dəhşətli istilərində işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. Başa düşdüyünüz kimi, insanlar sanki əsir düşərgələrində saxlanılır", - o qeyd edib. "Regionun “lider” dövləti 21-ci əsrdə hələ də işıq və su problemi yaşayır. Sonra da utanıb-qızarmadan inkişafın “gözdeşən” uğurundan danışırlar. Adam içəridəki vəziyyəti təsəvvür edəndə çöldə belə rahat ola bilmir. 17 saylı Cəzaçəkmə Müəssisəsi darısqal, yarımqapalı, antisanitar yerdir, üstəlik də işığın və suyun olmaması vəziyyəti daha da dözülməz edir", - N.Həzi əlavə edib. Azərbaycanda həbsxanalarda kommunal xidmətlərin qaydasında olmadığı haqda məhbuslar və yaxınları tərəfindən tez-tez iradlar səsləndirilir. Rəsmilər isə bu iddiaları bir qayda olaraq təkzib edir. Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. Özü isə ittihamları siyasi motivli sayır, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |