Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Toplum TV işi üzrə hökm oxunub
Toplum TV işi üzrə hökm oxunubBu gün, 18:39. |
|
"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Civilazerbaijan.com bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış edib. Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Elmir Abbasov məhkəmə zalında həbs olunub. Bundan başqa, təqsirləndirilən şəxslərlə bağlı qaldırılan mülki iddia təmin edilib. Dövlət ittihamçısı 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə, Akif Qurbanov və Ruslan İzzətlinin 16 il, Ələsgər Məmmədli və Əli Zeynalovun 15 il, Ramil Babayev, Müşfiq Cabbarov və İlkin Əmrahovun 14 il, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş maşınları və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif etmişdi. Qeyd edək ki, 2024-cü ilin martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli, daha sonra digər təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirləri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. Qeyd edək ki, 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 nəfərdən artıq jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 328 nəfər siyasi məhbus var. Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığını iddia edir. Onlar deyir ki, həmin siyahılarda yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar. Geri qayıt |