Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Mərkəzi Bankın sədri: Dollarlaşma səviyyəsi ardıcıl olaraq aşağı düşür
Mərkəzi Bankın sədri: Dollarlaşma səviyyəsi ardıcıl olaraq aşağı düşürBu gün, 10:11. |
|
2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə bu rəqəm 2.7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3.5 milyard ABŞ dolları olub. Civilazerbaijan.com bildirir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində bildirib. T.Kazımovun sözlərinə görə, Mərkəzi Bank manatın möhkəmlənməsinin qarşısını almaq üçün ilin ilk yarısında bazardan 1.5 milyard dollar alıb və dolların rəsmi məzənnəsini 1.70 manat həddində qoruyub. Baş bankir son dörd ildə əhalinin milli valyutaya olan inamının nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb: "2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 faizi xarici valyutada idisə, bu gün bu göstərici cəmi 25 faizdir. Bu da dollarlaşma səviyyəsinin ardıcıl olaraq aşağı düşdüyünü göstərir. Son dörd ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox — yəni 6.3 milyard manat artaraq 12.5 milyard manat səviyyəsində formalaşıb. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir". T.Kazımov bildirib ki, manatın məzənnə sabitliyi üçün mövcud sabit məzənnə rejimi tam uyğundur: "Bu siyasətimizi növbəti illərdə də davam etdirməyi planlaşdırırıq". İqtisadiyyat Nazirliyi də ötən il açıqladığı makroiqtisadi proqnozlarda 2026–2029-cu illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsinin sabit saxlanılmasını hədəfləyib. Hazırda ölkədə 1 ABŞ dolları 1.70 manata bərabərdir. Bu məzənnə 2017-ci ilin yazından dəyişməz qalır. 2015-ci ildə Azərbaycanda ardıcıl iki devalvasiya baş verib və nəticədə manat iki dəfədən çox dəyər itirib. Manatın məzənnəsinin əslində neftin dünya qiymətlərindən asılı olduğunu deyənlər var. Hazırda Yaxın Şərqdəki geosiyasi münaqişələr səbəbindən neftin qiymətində kəskin dalğalanmalar — qəfil artım və azalmalar müşahidə olunur. T.Kazımov isə bildirib ki, hətta neftin orta illik qiyməti 45 dollar olsa belə, bugünkü hasilat həcmləri fonunda cari əməliyyatlar balansı profisitlidir. "Hazırda büdcədə neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində təsdiq edilib. Burada da hesablamalarımız onu göstərir ki, 10 dolların dəyişimi icmal büdcəyə 1.4 milyard manat təsir edir", – deyən AMB sədri potensial mənfi təsirlərin qarşısını almağın mümkün olduğunu vurğulayıb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |